YAZI / DÜŞÜNCƏ
Aysel Əlizadə yazır - Dirilmə vaxtıdı... Tarix : 22 Sentyabr 2018, 21:11
Yazar : Aysel Əlizadə
Azərbaycanda konkret problemləri dilə gətirən, yazan insanlar var. Qərəzsiz, obyektiv insanlardan danışıram. Onların heç bir xüsusi marağı və qərəzi yoxdu. Sadəcə, vətənləri üçün narahatdırlar. Onlar bəzən "düşmən dəyirmanına su tökən" kimi qəbul edilir, bəzən dilləndirdikləri "dərd" subyektivlik kimi qarşılanır. Onlardan biri də mənəm. 2015 - ci il parlament seçkilərinə qatılanda namizədi olduğum dairəni qarış-qarış gəzirdim komandamla. Nələr görürdük, nələr...

 
Məsələn, bir evə getdik, binanın zirzəmisi su ilə dolduğu və illərlə bu vəziyyət davam etdiyi üçün birinci mərtəbədə yaşayan ailə üzvləri hamısı nəmişlikdən vərəm xəstəliyinə tutulmuşdu. Evə girdim və nə yalan deyim, nəm iyindən başım çat verdi, qala bilmədim içəridə. Evdə körpə vardı. Çox pis öskürürdü. Mən çıxıb canımı qurtardım. O ailə isə ömrünü başa vururdu o evdə. Bu problemi çəkdik, işıqlandırdıq, olduq "pis". Yanaşma yanlışdı. Problemi göstərən adamı düşmən elan etmək lazım deyil. Əgər rayonun icra hakimiyyəti lazımi qurumla əlaqə saxlayıb məsələnin üstünə düşsəydi və bütünlükdə nəyisə həll etmək marağında olsaydı, bizə bir şanlı təşəkkürnamə də yazardı - göstərdiyimiz köməyə görə. Amma nə baş verdi?  İcra başçısı (artıq eksdi) bizə qəzəbləndi. Tədbirlərimizin qarşısını almağa cəhd etdi və sair. Absurd vəziyyətdi. Qardaşım, mənim sənlə nə qərəzim ola bilər? Sənə kömək edirəm, araşdırıram, problemi göstərirəm. Həll et. Mənə niyə düşmən kəsilirsən? Bizə problem göstərdiyimiz üçün ayırdığınız qəzəbli enerjini həmin işləri yoluna qoymağa sərf etsəz, bütün tərəflər razı qalar. Siz də gördüyünüz işlərə görə daxili rahatlıq yaşayarsız. Üstəlik, hər bir görəv yiyəsinin öz öhdəliyi var, ona hansısa bir vəzifə, səlahiyyət problemləri həll etmək üçün verilib. Ona həmin vəzifə etibar edilib. Bir binanın sakinlərini sevindirməyin zövqünü gerçəkdənmi dadmaq istəmir bu adamlar? Bir insana yaxşılıq etməyin, görəvinin öhdəsindən ləyaqətlə gəlməyin, ortada problem varsa, onu hər tərəfi razı salacaq şəkildə həll etməyin  sevincini yaşamaq imkanın olduğu halda niyə bunu etməyəsən? Dəhşət ondadı, kimsə hansısa neqativə işıq salanda problemlə yox, onu deyənlə uğraşırlar. Elə deyil! Elə olmalı deyil! İnkişafı görməyən qüvvə deyilik. Görürük, hər şeyi çox aydın görürük. Vallah da, billah da, inkişaf adına nə varsa, onunla təsəlli də tapırıq. İnanın! Əks halda, bütün bu "dərdlərlə" gəbərib ölərdik. Tək təsəllimiz o inkişaf deyilən şeydi. Biz sadəcə kömək etmək istəyirik, canımız yanır. Ölkəmizi düşünürük gecə-gündüz...
 
Dünən video izlədim. Tennis Federasiyasına yarışa gələn qonaqlardan biri uçaqdan enər -enməz hər şeyə görə onlardan pul alındığından danışırdı.  Aeroportdan şəhərə 100 manata gəliblər, həm də federasiyanın göndərdiyi maşınla. Məşq etmək üçün götürdükləri topa görə pul ödəyiblər. Hər addımda ödəniş istəyiblər onlardan. Anlayıram. Biz də xaricdə olanda hər şeyə pul ödəyirik. Amma bu adamlar yarışa gəliblər, biz dəvət etmişik. Üstəlik, turistdirlər. O, "filan kafedə bizdən hesabı çox aldılar, şəhərdə taksilər bizi baha apardı" demir. Deyir, qonağı olduğumuz yerdə bizdən hər şeyə görə qiymətindən artıq pul alırdılar. Necə ki biz xarici ölkəyə gedəndə orda bir manat əvəzinə bizdən on manat alan toplum haqda "pulgirdilər", " fırıldaqçıdılar" və sair deyirik, eləcə də bizim haqqımızda başqaları gedib öz ölkəsində neqativ rəy verir belə olanda. Bir dəfə Novxanıda pullu çimərliyə getmişdik. Qapıda çimərliyin rəhbərinin işçiləri ilə söhbətini eşitdim. Türkiyəli idi. "Qanunla altı yaşınadək uşaqlara giriş  pulsuzdu" - deyirdi: "Bütün dünyada belədi. Biz turistlərdən uşağa görə pul alanda onlar Azərbaycan haqda pis fikirdə olacaqlar. Bu ölkədə qanuna hörmət etmirlər deyəcəklər. Turist 10 kiçik yaşlı uşaqla da gəlsə, ondan ödəniş almalı deyilik.  Qoy ölkəmiz haqda yüksək fikirdə olsun".  Növbəti il həmin adam əlli - ayaqlı qaçdı burdan. Nə yalan deyim, mən "ölkəmiz" sözünü belə sayğıyla tələffüz edən yerli sahibkar, məmur görməmişəm. Çox az... Nazirləri də yazılarıma olan münasibətlə kateqoriyaya bölürəm. Eqoistcə görünə bilər, amma ölçü vahidlərimdən biri də budu. Keçmiş nazir var. Vəzifədə olanda nə zaman dövlətçiliklə, vətənə sayğı ilə bağlı yazım çıxırdı, mütləq təşəkkür edirdi. Bilirdim ki, vətəndaşdı, dövlətçidi, aydındı. Hökumətdən, sistemdən narazıyıqsa, bu o demək deyil ki, hökumətdə təmsil olunan adamların içində yaxşısı, layiqlisi yoxdu. Belə radikal, bolşevik təfəkkürü ilə yanaşmağa qarşıyam. Bəzən hökumətə olan aqressiya dövlətə, vətənə qarşı yönəlir.

 
Ölkəmizə "xaraba" deyirik. Təsəvvür edirsiz? Xaraba!!! Bunu eşitməkdən böyük əzab yoxdu.  Dövlətçilik hissindən uzağıqsa, kim olur-olsun, biz bu ölkəni cənnətə döndərə bilməyəcəyik. Bu ölkəni cənnətə döndərmək isə boynumuzun borcudu. Bir xalqın ümumiyyətlə başqa nə məqsədi ola bilər? Bir hökumətin başqa nə məqsədi ola bilər?  Bizim bu ölkəni yetim qoymağa haqqımız yoxdu. Bu dövlət bizə aiddi. Ona sahib çıxmaq  öhdəliyimiz var. Özümüzü dövlətimizin bir parçası hiss etməklə anlaya, duya bilərik bunun məsuliyyətini. Dövlət bizimdi, bizim- Azərbaycan vətəndaşlarının. Sadə vətəndaşından yüksək rütbəlisinədək hamımızın dövləti düşünmək məsuliyyətimiz var. Himnimiz səslənəndə ayaq saxlamalıyıq. Qürurla hansısa rəsmi tədbirdə himn oxuyan məmur görmüsüz? Çox az. Bəlkə eləsi var, heç himnin sözlərini bilmir. Məmur bir yana, bir dəfə yazarlarla ziyafətdəydik, yeməyə oturmadan "himni oxuyaq" dedik. Himn səsləndi, biz ayaqdaydıq. Üzlərə baxırdın, sanki himni oxumağa utanırdılar. Bu ondan irəli gəlir ki, bizə dövlətçilik hissi aşılanmayıb. Başdan-ayağa kompleks içindəyik. Nəyə necə yanaşmalı olduğumuzu bilmirik. Dövlət himnini oxumaq ayıb deyil. Oxumamaq ayıbdı. Bu cür sadədi məsələ.

 
Türkiyədə Polis Akademiyasında bir dostum oxuyurdu. Bitirib vətənə döndü. Bir müddət sonra işə düzəldi peşəsi üzrə. Bir müddət sonra da əsəb xəstəsi oldu. Deyirdi ki, bizə orda generallar "Sən bir türk subayısın! Bir türk albayısın! Osun, şusun!" kimi motivasiyalar verir, coşdururdular.  Biz də riqqətə gəlirdik. Burda işə düzəldim, kimə torba tikib pulunu almaq haqqında söhbətlər eşitdim, əsəblərim pozuldu. Görəsən, bizim polis akademiyasında, orduda kişilərimizə belə şeylər aşılanır? Buna ən doğru cavabı elə kişilər verər. Yazıdan sual ünvanlayıram sizə, əziz ərənlər. Sizə nə deyirlər? "Sən bir Azərbaycan polisisən! Bir Azərbaycan əsgərisən! Mərd oğlu mərdsən!" deyirlər? Nuru Paşa Bakını xilas edəndə 29 yaşı vardı. Dövlətçilik ideyasının nəticəsi belə olur. Onu yaradırlar, onunla uğur dastanı qazanırlar. Onunla tarix yazırlar. Biz tez-tez " tariximiz yoxdu" kimi söhbətlər eşidirik. Ağıllı xalq belə demir. Ağıllı xalq tarix yaradır, yazır. Tarix yoxdursa, onu uydurmaq lazımdı. Volter bu sözləri Tanrı haqqında deyib: "Tanrı yoxdursa, onu uydurmaq lazımdı". ABŞ belə qurulub, Rusiya belə qurulub. "Pyotrun vəsiyyəti" adlı versiya illərdi araşdırılır. "Var" deyən, "yoxdu" deyib araşdırmayla əsaslandıran saysız elm adamı uğraşır bu versiyayla. Fakt faktlığında qalır. Pyotrun vəsiyyəti var,  çünki versiya yaşayır və Rusiya dövlətçiliyinə xidmət edir. Azərbaycan bizim parçamız deyil, hər şeyimizdi, varlığımızdı. Biz onun üçün uydurmalıyıq, tapmalıyıq. Biz onun üçün yaşamalıyıq. Onun sorunlarına laqeyd ola bilmərik, buna haqqımız yoxdu. Azərbaycan böyükdü, bütövdü, bütövlüyü üçün də bacardığımızı etmək öhdəliyimiz var. Dərd içindədi deyə çıxış yolunu usaqlarımızı burdan qaçırmaqda görürük. Olsun. Dünyanın hər yerində azərbaycanlı olsun, ölkəmizi tanıtsın, ugur qazansın, güclü şəbəkə yaradaq. Amma xəyanət etmək bağışlanmazdı! Çox ümid edirəm ki, "yüzillik parad" dövlətçilik ideyasının ölkədə güclənməsi üçün düşünülmüş bir "startup"dı. Çox ümid edirəm ki, hər azərbaycanlı sadə vətəndaşından, usağından məmurunadək dövlətçiliyi canında hiss etsin deyə yeni fəsil açıldı. Parad möhtəşəm idi. Çox ümid edirəm ki, bu hərbi paradla Azərbaycan yenidən doğuldu. Bunu tam məsuliyyətimlə deyirəm: Bizim dirilməyə ehtiyacımız var. Özümüzü çox buraxmışıq. Bizim toparlanmağa ehtiyacımız var. Artıq doğuluş olmalıdı Rəsulzadə dediyi kimi: "Günəş kimi parlamaq" zamanıdı. Sizi incidən, sizi vətəndən iyrəndirmək üçün əlindən gələni edən hər kəsə təpinin, üstünə gedin, özünü yığışdırsın. Qorxmayın! Bura sizin vətəndi. Buranın sahibi sizsiz, əziz vətən insanları.

(ardı olacaq)