Əziz qadınlar, üzərinizdə işləyin. Zəkanızı itiləyin. Vaxtınızı mətbəxə, məişətə çox sərf etməyin. Özünüzü məişət quluna çevirməyin.
Bütün günü sevgilinizi güdməyin. Sağlamlığınıza fikir verin.
Keçmişdən qopmağa çalışın. Hərlənib - fırlanıb eyni şeyləri danışmayın. Mənası yoxdu.
Özünüzü mənasızlığa qapdırmayın. İnsanın çata biləcəyi yüksəlişə çatmağa çalışın. Qeybətdən, dedi-qodudan uzaq olun.
Yalnız geyim, ayaqqabı, kosmetika, salon haqda düşünməyin.
Baxımlı olmaq gözəldi. Ən gözəli ağıllı olmaqdı. Ən baxımlı qadını belə ağılsızlıq çirkin göstərir. Təbiiliyinizi qorumağa çalışın. Çox yeməyin.
Formada qalın və bunu kimin üçünsə yox, özünüz üçün edin. Özünüzü sevin. Özünüzü incitməyin.
Kişinin qurşağından aşağısı ilə başınızı yormayın. Xəyanət izinin peşinə düşməyin. Xəyanət faktı aramayın. Bilgi axtarın, öyrənin, özünüzü yetişdirin. Hüquqlarınızı bilin və müdafiə edin. Bütün insanlar qanun qarşısında eyni hüquqludu.
Kişilərə şikar kimi baxmayın. Çatacağınız ən sonuncu mərtəbə kiminsə arvadı olmaq deyil. İnsan kimi yüksəlin. Kitab oxuyun, məlumat oxuyun. Teleseriallara dəyərli vaxtınızı xərcləməyin. Onun yerinə sənət filmləri izləyin. Böyük rejissorların çəkdiyi filmlərə baxın. Tarixi şəxsiyyətlər haqda oxuyun. Ömür seriala xərclənəcək qədər əbədi və daimi deyil. Kinoya, teatra, muzeyə, təbiətə gedin. Saatlarla telefonla boş-boş danışmayın. Uşağınız varsa, onu hansısa peşəyə yönləndirin. Gərəksiz diplom alması şərt deyil. Kim olur, olsun işini bacarsın, özünü reallaşdıra bilsin. Aşpaz olmaq istəyəni zorla hüquqşünas etməyin. Rəssam olmaq istəyəni zorla həkim etməyin.
Özünüzə maraqlı məşğuliyyət tapın, işləyin. Hobbi seçin. Gəzməyiniz ancaq toya getmək olmasın. Toylarda günlərinizi yelə verməyin.
Başqa qadınları aşağılamağa çalışmayın. Kimisə aşağılamaq sizi ucaltmır, bunu düşünün.
Ucalmaq üçün uca olun. Kiçik şeylərdən qaçın. Həyata daha yüksəkdən baxın. Xırdaçılıq etməyin.
Ən əsası, özünüzü əzdirməyin. Bunu davayla etməyin. Sadəcə əzilməyin. Sakitcə, təmkinlə və özgüvənlə yaşayın. Mutlu olun. Buna çalışın. Mutsuz olmağa çalışmayın...
Aysel Əlizadə