Gözünü açandan qızsan, qızsan, oğlansan, oğlansan deyib qızın oğlanın necə davranmalı olduğunu uşağa zorla aşılayırıq. Oğlan gəlinciklə oynamaz, qız maşın kolleksiyası yığmaz. Qız yalnız qızlarla, oğlan yalnız oğlanlarla dostluq edər. Belə-belə günlərin bir günü də baxırıq ki, cəmiyyətdə qadınla kişi arasında ciddi uçurum var. Qadınlar olan yerə kişi, kişilər olan yerə qadın getmir. Cinslər bir-birindən qopub, bir az da dəqiq desək, cinslər bir-birindən qorxur. Bir-birinin dünyasını anlamırlar. Doğmalaşa bilmirlər. Sorunlar içində yaşayırlar.
Yalnız qızlarla dostluq edən bir qadın kişi dünyasını tanımaz. Yalnız oğlanlarla oynayaraq böyüyən kişi qadın dünyasını anlamaz. Hərə öz dünyasını dürtəcək ortaya - heç nə alınmayacaq. Qadın kişiyə, kişi qadına yad məxluq kimi baxacaq. Kişilər qadınlar olan yerə getməyə utanacaq, oranı “arvad bazarı” adlandıracaq, qadınlar kişilər olan yerdən çəkinəcək, “içəridə kişilər var” düşünüb qaçacaq. Bu “kişilər var” – ifadəsi bilirsiz necə deyilir? Sanki çox qorxunc, heyvərə bir varlıqdan söhbət gedir.
Kişi yazarlarımızdan biri saytımızın yaranacağını sevincək qadın dostuna çatdırmışdı. Feminist sayt yaradırıq demişdi. Qadın gözünə döndüyüm qayıtmışdı ki, “bizi biabır eləmə”. Oğlan möhkəm sarsılmışdı. Nə əcaib iş? Qadın özü –özünə ayıb yeri, biabırçılıq kimi baxır – demişdi.
Ona necə kömək edə bilərik?..
Bir-birinizdən qorxmayın, bir-birinizə güvənin, dost olun, çiyin-çiyinə gözəlləşdirin bu dünyanı.
Valideynin üzərinə düşən isə övlada sadəcə insan olmağa imkan verməkdi.
Cinsini boynuna yükləmədən özünün özünü hiss etməsinə kömək etməkdi. Biz qızımıza qadın, oğlumuza kişi olmağı öyrədə bilərik sadəcə. Biz onlarda bir-birinə nifrət, bir-birindən çəkinmə formalaşdıranda cinayət işləyirik.
Uşaq rahat böyüyəndə öz cinsini dərindən hiss edir. Qızı çəkingən böyütməklə onu qadın olmaqdan məhrum edirik. Oğlanın cinsini qabartmaqla onu kötük kimi böyüdürük. Valideynin və cəmiyyətin üzərinə düşən iş onlara ehmalca işarə vermək, özünü tanımağın yollarını göstərməkdi. Biz bəri başdan qızsan bunu et, bunu etmə, oğlansan belə davran, elə davranma deyəndə, onlara hazır xislət geyindiririk. Öz uşağımızda kiminsə təkrarını, saxtasını yaradırıq. Onu insan, kimlik kimi uşaqlıqdan axtalayırıq. Xarakterini qol-budaq açmağa, şaxələnməyə qoymuruq. Qısırıq, qısırıq, nəticədə travmalı, özünü tanımayan, nə istədiyini bilməyən, dağınıq, ya da müti bir varlıq yetişir. Uşaq bizim evimizə sonradan gəlib. Bu evin hazır qaydaları vardı o gələnədək. Düşdüyü yerə uyğun böyüyür, ordan təsirlənir, öyrənir. Əgər o mühit gərgin və azadlığa təpinəndisə, uşaq böyümür. Təsəvvür edək ki, bir ağacı kiçik bir dibçəkdə əkmişik, balaca bir qutunun içinə salmışıq. Ağacın böyüməsi üçün 3 yol qalır: Liliput ağaca dönür, böyüdükcə güc verib qutunu dağıdıb gün işığına çıxır, məhv olur. İnsan belədi.
İmkan verək uşaqlarımız sərbəst, qollu-budaqlı böyüsün. Qorxmayaq. Mentalitetdən, ətrafdan, dünyadan qorxmayaq. Qoruyaq. Ancaq vəhşi kimi yox, adam kimi. Bezdirmədən, əzmədən. İnsanın yaşaya biləcəyi ən azad həyat yenə də dörd divar arasında çürüməkdən gözəldi. Uşaqlarınızın suallarına rahat cavab axtarın. Onlarla film izləyin, havaya çıxın.
Valideyn bilmədiyi cavabları tapmaqda insana kömək edən ilk müəllimdi. Elmdən, fəlsəfədən, uzmanlardan, kitablardan, filmlərdən hər yer və hər şeydən cavab axtarıb tapa bilərik. Təki uşaqların bizə çox rahatlıqla istənilən mövzuda sual vermək azadlığı olsun. Gedib o sualın cavabını dərələrdə axtarmasın. Gerçək valideyn uşağı ilə birgə öyrənən, böyüyən valideyndi.