YAZI / DÜŞÜNCƏ
Aysel Ateş Abdullazadə - Həyata 1-0 geridən... Tarix : 12 Fevral 2020, 18:57
Yazar : Qadinkimi.com
Qadın oxumayıbsa, 1-0 geridən başlayır həyata.
 

Qadın oxumayıbsa, kişi bu matça 1-0 irəlidən başlayır başqa cür desək.
 

Qadın oxumayıbsa, günahı öncə ailəsində, sonra dövlətdə, daha sonra isə insanlıqdadır.
 

Qadın oxumayıbsa, əhalinin sayı plansız şəkildə artmağa davam edər.
 

Qadın oxumayıbsa, kişi hegemonluğu baş qaldırar. Qadın oxumayıbsa, hər kəs ondan sui-istifadəyə çalışar.
 

Təhsilsiz qadının kişiyə çatmağı, bacarıq və bilgisi ilə onu geridə qoymağı çox çətindir. Əslində təhsilsiz qadının belə bir məqsədi də yoxdur. Oxumayan qadın sorğulamaz, haqqını tələb etməz, ona verilənlə qane olar.
 

Təhsilli qadın təhsilsiz qadının haqqını arayar...
 

Bəzən qadınlardan yazmaqdan, onlara haqqlarını öyrətmə çabalarından, onları müdafiə etməkdən yoruluram. Sonra düşünürəm ki, oxumuş qadın belədirsə, bir də oxumayanı düşün.
 

Bizim kimi toplumlarda qadının oxumağı, təhsilini üst səviyyələrə daşımağı çox önəmlidir. Çünki ya oxuyub irəliləyərsən, ya oxumaz geri qalarsan. Ortası yoxdur bunun. Amma başqa ölkələrdə belə deyil. Amerikada yaşayan bir türk soylu qadının müsahibəsini oxumuşdum. Sual verilir ki, oxumasaydın, nə edərdin, necə bir həyatın olardı? Qadın cavablayır: "yəqin, yazıq bir Sindirella olardım. Evdə bitməyən bir təmizliklə məşğul olub, ağ atlı oğlanı gözləyərdim. Bir çox gənc qız kimi xəyalım ancaq evlilikdən ibarət olardı. Amma burada öz ayaqlarımın üstündə durmağı bacardım. Türk ölkələrində bir təmizlikçisənsə sonuna qədər elə qalırsan. Amma burada elə deyil. Məsələn, mənim evimdə təmizlik işlərini görən qadın həm də üniversitetdə oxuyur”
 

Təhsil qadınların güclü olması üçün çox önəmlidir. Bu səbəbdən, qadınlar üçün təhsil və məktəb potensialından istifadə daha böyük sosial dəyişimlərlə əlaqəli olsa da, təhsilin cinsiyyət ayrımcılığından təmizlənməsi lazımdır.
 

Təhsil sitemində gender bərabərliyinin həlli hər şeydən öncə təməl bir dəyişiklikdir.
 

Qadın oxumazsa, "ikinci növ" insandır kişinin gözündə. Necə əqidəsiz bir yanaşmadır?! Sanki qadın özü seçir oxumamağı. Onu oxutmayan da atasıdır, yəni yenə bir kişi.

Qadın oxumazsa, kişi qadının yerinə düşünər, onun əvəzinə qərarlar verər. Halbuki ailə iki nəfərlik bir dövlətdir və toplumun təməl daşıdır.
 
Sərbəst fikir ifadə etmək, sağlam qərarlar vermək üçün qadın oxumalıdır.

Qadın oxumazsa, toplumun irəliləməyi, aydınlanmağı, zənginləşməyi mümkün deyil. Qadın oxumazsa, inqilab olmaz!

Qadınlar oxumalı, oxudulmalıdır! 
 
 

 
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
Qadinkimi.com