Dəyişmək istəməyən birinə sərf olunan zaman itkidir.
Bu yaxınlarda bir qonşumla söhbət edirdik. İnsanların nankorluğu, eqoistliyi haqqında danışırdı. Ona pislik edənlər barəsində elə də pis fikirdə deyildi. Açığı, təəccübləndim bir az; Necə yəni, biri mənə pislik etsin, mən onun barəsində müsbət fikirdə olum? Evə gəldikdən sonra düşündüm. Bu, mümkündür. Gerçəkdən. İnsanı olduğu kimi qəbul etmək qarşı tərəfdən öncə adamın özünü yüngül, rahat hiss etdirir. Bunu anlamaq lazımdır ki, insan dörd dördlük varlıq deyil, ola da bilməz. Olsaydı, Tanrı olardı, insan yox. Tanrı insanı öz bərabərində yaratmayan, lakin özündən yaradandır.
Sakit, sərin və rahat ola biləcəyiniz bir yerə keçin. Sizə necə rahatdırsa, elə də oturun. Beyninizi boşaltmağa çalışın. İnsanlar və onların hərəkətləri haqqında düşünün. Öncə özünüzdən başlayın: Kimsiniz, hansı statusdasınız, insanlar üçün neçənci dərəcəlisiniz? Düşünün, insan bir statusda yaxşı insan olmağı bacarıb, digərində də mükəmməl ola bilməz. Olmur. Yaxınlarınızı düşünün məsələn. Atanız, ananız. Atanız necə biridir? Necə atadır sizin üçün? Düşünürsünüz ki, yaxşı atadır. Atalıq vəzifələrini yerinə yetirməyə çalışan, qüsurları olsa da, əlindən gələn qədər bu qüsurları qapadan biridir. Yaxşı, bəs atanız ananız üçün necə biridir, necə həyat yoldaşıdır? Ananız bu barədə düşünərsə, atanız haqqındakı fikri sizinlə eyni olacaqmı? Olmaya da bilər. Çünkü yaxşı ata olmaq yaxşı ər də olmaqdır anlamını daşımır. Və ya "yaxşı övlad həm də yaxşı həyat yoldaşıdır" mənasını vermir.
İnsanlar statuslarında fərqli insan rolunda olurlar. Sən yaxşı övladsan, yaxşı qardaşsan, yaxşı həkimsən, amma yaxşı həyat yoldaşı ola bilməmisən. Bu statusda yarımçıqlığın var. Bunun üzərində işləsən, düzələr mi? Bu da mübahisəlidir. Dəqiq heç kim deyə bilməz. İnsan o vaxt dəyişir ki, doğrudan da dəyişmək istəyir. Dəyişmək istəməyən birinə sərf olunan zaman itkidir. Belə bir fikir var ki, ədəbiyyatla məşğul olan adam pis biri ola bilməz. Ən azından duyğusaldı, duyğularına sayğısı var. Amma bu fikir nə qədər doğrudur, bilirsinizmi? Ədəbiyyata gerçəkdən xidmət edən, ədəbiyyatda belə özü olan adamlar üçün keçərlidir bu fikir. Sevgilisinə şeir yazıb evində arvadını söyüşlə qarşılayan "şairlər” var.
"Sənin adını qol saatımın qayışına yazdım, Piraye” deyən Nazim Hikmətin saatında "Vera” yazılmışdı. Nazım Hikmət mükəmməl, hətta dev bir şairdir, amma yaxşı həyat yoldaşı, lap elə yaxşı partnyor ola bilməmişdi. Ən azından dürüst deyildi. Məsələ tam da buradadır. Dürüst ola bilmək. Bütün statuslarda yaxşı insan ola bilmək çətindi. Bunu bacarmaq lazımdı. Amma dürüst olmaq bunların hamısından önəmlidir. Mən Nazim Hikmətin yaxşı sevgili - həyat yoldaşı olmağını istərdim. O, bunu dürüst olaraq oxucusuna da göstərə bilərdi. "İki qarpız” effekti hər zaman nankorluq və səmimiyyətsizlikdi.
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
qadinkimi.com