UŞAQ / BÖYÜK
Ayrılığa ciddi səbəb - hamiləlik Tarix : 29 Avqust 2019, 11:26
Yazar : Qadinkimi.com
Qadının ən həssas dönəmi hamiləlikdi.

Bədəndə yad cism yaşayır. Bunu kişilərə belə izah etmək olar:

Təsəvvür edin ki, qarnınızda bir quşcığaz var. Və o sizin bədəninizdə böyüyür.

Düşünəndə belə diskomfort olursuz, eləmi?

İndi təsəvvür edin ki, o quş yox, insandı.

Canlı var içinizdə. Canlı orqanizm sizlə birgə yatır, gəzir, yeyir.

Analıq instinkti necə güclü olsa da proses özü narahatlıq gətirir.

Orqanizmin bütün funksiyaları dəyişir. Ona hesablanır.

Sinirlər gərilir, duyğusallıq artır. Qadın durduq yerdə ağlamaq istəyir, gülmək istəyir. Belə vaxtda olduqca diqqətli yanaşmaq gərəkdi qadına. Hamilə qadın, üstəlik, əgər  öz bədənini yaxşı tanıyır və hiss edirsə, xeyli həssaslaşır. Gözlənilməz şeylər edə, ağıla gəlməyən yemək  istəyə bilər.

Sezona uyğun olmayan meyvə arzulayar. Hamiləlikdə qadının bütün həyatı dəyişir. Hətta kişinin qoxusunu götürməyə bilər.

Hər şeydən iyrənə bilər. Toksikoz dönəmi isə lap ağırdı.

Qoxuya qarşı dözümsüzlük, insanlara qarşı hövsələsizlik yarana  bilər.

Birgəlikdə problemlər yarana bilər. Hamiləlik sonrası depressiya münasibətlərin pozulmasına səbəb də olur.

Qadın kişiyə qarşı dözümsüz ola bilir. Hamiləlikdə ayrılan cütlüklər az deyil. Doğuşdan sonra da baş verir bu. Ona görə qadını qınamayın o dönəmdə. Bu, onun günahı deyil. Bədəndə baş verən dəyişikliklər psixoloji həssaslıq onu belə qeyri - adekvat edir.

Kişinin mümkün qədər anlayışlı olması, üstünə getməməsi vacibdi.

Əgər bu dönəmi adlaya bilsələr, zamanla hər şey qaydasına düşür.

Elə qadın var hamiləlikdə ərindən iyrənməyə başlayır. Bu hiss doğuşdan sonra keçmir bəzən. Yaddaşda qaldığı üçün unudulmur.

Boşanmaya nədən olur. İki uşaqdan sonra ərindən ayrılan qadınla söhbət zamanı bəlli oldu ki, hamiləlik vaxtı onda ərinə qarşı vasvasılıq yaranıb. Uzun müddət sürüb. Onun qoxusunu götürməyib. Zamanla qaydasına düşmədiyi üçün ayrılıb. Çünki artıq birgə yaşamaq mümkün deyilmiş.

Kişinin səbrli olması, seks tələb etməməsi  vəziyyəti dəyişə bilər.

Üstünə gedəcəksə, qadın istəmədən onunla sevişməyə razı olacaq. Amma içində qəzəb yaranacaq. Çünki bunu istəmədən edir. Bu qəzəb zamanla nifrətə çevrilir. Dözülməz həddə çatır.

İki uşaq anası olan başqa bir qadın hamilələri görəndə onlara yazığı gəldiyini deyirdi. Səbəb  inanılmaz idi.

O, hər iki hamiləliyində ehtiyac içində olub. İkinci qızını gözləyəndə ac qalıb, günlərlə doyunca yeməyib. Canı çəkən meyvəni, yeməyi dadmağa imkanları olmayıb. O qədər bu yerikləmə müddətində iştahını boğmalı olub ki, hamiləliyə nifrət yaranıb içində. İndi ona elə gəlir ki, bütün hamilə qadınlar eyni problemi yaşayır, eyni əzabı çəkir.

Bir insanın ömürlük psixoloji durumundan söhbət getdiyi üçün hamilə qadınlara xüsusi diqqət olur cəmiyyətdə.

Çünki ona çətindi, canında can daşıyır, qəribə istəklərlə yaşayır, köməksizləşir.  Qadınlarınızın hamiləliyini onlarla birgə keçirin.

Prosesdən anlamasaz da onu hiss etməyə, anlamağa çalışın.

Hesab edin  övladınızı bir bədəndə yerləşdirmisiz və onun böyüməsi , sağlam olması üçün qulluq lazımdı.

Qadınla birgə treninqlərə gedin, gəzintiyə çıxın, uşağın böyüməsini onunla birgə izləyin. Həkimin yanında birgə olmağa çalışın.

Prosesi öz bətninizdə hiss edin. Onda sizə daha yaxın olacaq hər şey. Onun qarnına baxıb öz qarnınız sanın. Anlayın, orda sizdən bir parça böyüyür. Adətən kişilər uşaq doğulandan sonra onu sevməyə və atalıq hissini yaşamağa başlayırlar.

Bunları etsəz daha öncədən özünüzü ata kimi hiss edəcəksiz.

Hiss etməsəz belə bir insanın həyatı üçün, ailəniz üçün mümkün qədər diqqətli olmağa çalışın. Çünki orda təkcə bir övlad yox, bir dünya insanı, cəmiyyətin bir parçası formalaşır.

Hamiləlikdə uşağa olan münasibət onun formalaşmasında böyük rol oynayır. Qadının özünü necə hiss etməsindən asılı olaraq bətnində bir atmosfer yaranır və həmin atmosferdə  bir insan yetişməyə başlayır. Kobud söz deməyin, xətrinə dəyməyin, güzəştə getməyə çalışın. Üzüyünüzün qaşı düşməz. Bunu bir kişi kimi yox, bir insan kimi edin.  Bu məqam çox vacibdi:  indiki davranışdan gələcək bir insanın həyatı asılıdı. Hətta iki insanın. Hətta daha çox insanın.


 
 
Qadinkimi.com