Qadinkimi.com xalq artisti, bəstəkar Aygün Səmədzadə ilə müsahibəni təqdim edir.
Daha öncə təbrik etsəm də, bir daha fəxri ad almağınız münasibəti ilə sizi təbrik edirəm. Sizin üçün fəxri adın dəyəri nə anlama gəlir?
- Çox sağ olun. Fəxri ad mənim fəxr etdiyim və mənimlə fəxr edilə biləcək titul kimi dəyərlidir. Fəaliyyətimə verilən ali addır.
Bu ada gecikdiyinizi və ya tələsdiyinizi düşünürsüzmü?
- Məndən asılı heç bir şey yoxdur gecikmək və ya tələsməklə bağlı. Bir də ki, gecikmək yaxşı vərdiş olmasa da, dəyərlərin zamanla, mühitlə əlaqəli olduğundan, bu kimi addımlarda cəmiyyətin də münasibətini nəzərə alaraq tələsməyi də yaxşı hal hesab etmirəm.
Dinləyici mövqeyimi desəm, siz fərqlisiz bu anlamda. Fəxri ad aldığınızı eşitdiyimdə təəccüblənmədim və məncə çox sevdiyimiz "Məktəb illəri”, "Tut Ağacı” kimi mahnılar sizə bu adı onsuz da vermişdi. Siz layiqsiz bu ada.
- Təşəkkür edirəm - sənətə münasibətinizə görə.
Bir vaxt musiqi yazmağa başlayanda belə uğurlarınızın olacağını xəyal edirdinizmi? Mənim bildiyim qədərilə insan öz həyatı haqqında, fəaliyyəti haqqında nələri düşünürsə, düşündüklərini də bir növ öz həyatına gətirmiş olur. Bilinçaltında nəyi istəyiriksə, onu da yaşayırıq.
- Xəyal etdiklərim qazandığım uğurlardan çox - çox dolu...Mən arzu və məqsədlərimin çatdığı zirvələri əvvəlcədən içimdə görənlərdənəm. Yəqin ki, bu günə qədər qazandıqlarım son deyil. Potensialıma görə hətta çox azdır. (gülür)
Potensialınızın nələrə qadir olduğunu məncə, ilbəil sübut edirsiz yeniliklərinizlə.
- Bunu görənlərdən biri olduğunuza görə daha sevimlisiz. (gülür)
Potensialınızın gücünü sübut edən daha bir uğurunuz - bu yaxınlarda Cümhuriyyətə musiqi yazmağınızdı. Bilmək olarmı "İstiqlal Marşı” yazmaq ideyası necə yarandı?
- Cümhuriyyətin 100- cü ili mənə 100 ideya verdi. Həyata keçməsinə isə ömür yetməz. Bəziləri isə yavaş-yavaş reallaşır. Mən Azərbaycan torpağına və onu sevənlərə bağlıyam. Bunu yaradıcılığımın hər zərrəsində hayqırmasam da, pıçıldaya bilirəm. Yazdığım "Azərbaycanlar" sizə çoxdan məlum. Amma bu il ərsəyə gətirdiyim ilk Cümhuriyyət mövzusu İstiqlal marşı oldu. 2018- ci ilin 28 mayında yazdım. 10 gün sonra konsertimdə dinlədiz.
Bəyənərək, sevərək dinlədim. Heyif ki, daha sonra dinləyə bilmək üçün video çəkiliş edə bilmədim və indi də heç bir yerdən musiqinizi tapa bilmirəm.
- Yazdıqlarımın dərhal yayılmasına cəhd etməmək kimi bir xüsusiyyətim var. Ona görə əsəri heç yerdə hələ ki, tapmırsız. Çox sirli-sehrli bir torpaq bağlılığım var. 28 may günü müxtəlif illərdə musiqimə Azərbaycanı gətirir. Və bu dəfəki də həmin tarixdə mənə gələn 3-cü Vətən mövzusudur.
Sirli-sehrli olmanız musiqinizdən məlum. Dinlərkən adam özünü sehrli aləmdə hiss edir. Mənfidən və pisliklərdən uzaqda, sevgi dolu bir məkanda. O zaman Cümhuriyyət mövzusunu davam etdirək. Ümumiyyətlə, Cümhuriyyət nədir sizin üçün? Əslində, qismən də olsa, bu suala cavab vermiş oldunuz.
- Emin Abid Gültəkinin "İstiqlal"ından sonra bu mövzuda iki əsər də yazdım. Və hər 3 əsərin taleyi uğurlu oldu. Belə ki, onlar da yarandıqları andan çox yüksək səviyyəli, ciddi musiqi mühitində işıqlandılar. Haqqında danışdığım son iki əsərim Türk dünyasının çox qiymətli siması Əhməd Cavadın "Bismillah" və "Türk Ordusuna"sözlərinədir. Və mətbuatdan bildiyiniz kimi hər iki əsər Türkiyənin Cümhurbaşkanlığı Simfonik Orkestri tərəfindən xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, TRT Böyük Xorunun və Orfeon xorunun ( xalq artisti Elnara Kərimovanın rəhbərliyi) iştiraki ilə böyük uğurla ifa olundu. Təqdimat konserti TRT-də idi. Bu əsərlərin ilk uğuru onların Üzeyir Hacıbəyov, Vasif Adıgözəlov, Emin Sabitoğlunun əsərləri ilə bir sırada yer alması idi. Mənə görə Cümhuriyyətin və Qafqaz İslam Ordusunun 100 illiyinə və Bakının işğaldan azad olunmasına həsr edilən bu konsertin təntənəsi o qədər böyük və əzəmətli idi ki, sanki zaman ağır itgilərin günahını bu əsərlərlə yumaq istəyirdi.
Və mənə görə Cümhuriyyət ən ali məqsəd və arzular toplusudur. Siyasətçi deyiləm. Hər sahəyə bir balaca romantik baxışım olduğundan, mistikaya da inandığımdan düşünürəm ki, hər gözəl Azərbaycan mövzusuna Cümhuriyyət uğrunda savaşanların ruhları bayram edir. Cümhuriyyət tarixinin bir azərbaycanlı kimi mənim üçün nə qədər vacib olmasını Müəllif Gecəmi məhz 100 illiyə həsr etməyimlə bildirdim. Cümhuriyyət günü Xalq Artisti adına layiq görülməyim isə sanki mənim yaradıcı fəaliyyətimlə yanaşı Vətənimə olan sevgi hisslərimə bir hədiyyə oldu. Cümhuriyyətin 100 illiyi ilə bağlı yaradıcı fəaliyyətim bitməyib. 100 illiyə daha bir maraqlı hədiyyəmi bu ilin daha bir əlamətdar günündə təqdim edəcəyimi düşünürəm. Əvvəlcədən deyim ki, bu musiqi ədəbiyyatımıza bir yazılı tövhədir və minlərlə sənətsevər insan bu hadisəyə çox sevinəcək.
Qeyd edim ki, möhtəşəm və qürurverici konserti mən də izlədim və ötən əsrdə yaradıb bu günə qədər fəxr etdiklərimizlə eyni sırada olmağınız həm xalqımızın, həm də əsrimizin uğurudur. Musiqinizi içdən sevən biri olaraq bu tövhəyə sevinəcəyimdən əminəm.
- Buna mən də inanıram.
Bildiyimiz kimi bakılısız. Bakı haqqında ən gözəl mahnıların müəlliflərindənsiz. Bakı sizin üçün nəyin simvoludur? Bir dəfə bir verilişdə Bakı gecələrini Caz musiqisinə bənzətdiyinizi söyləmişdiniz. Onun azad olunma tarixini sənət adamı olaraq necə dəyərləndirirsiz?
- Mən Bakını bütün illərdə, bütün əsrlərdə sevirəm. Bu sevginin siyasətə, müharibələrə dəxli yoxdu. Əzilməsini, əyilməsini, inciməsini heç bir vaxt arzulamadığım Bakıyla mənim bağlılığım bambaşqa. Mən ona sevgimi mahnılarımla və hər qarışına hörmətimlə, o isə mənə küləyi, qumlu sahili və "Xəzərə layla çalan ay işığıyla" bildirir. Məni sevir...
Siz həqiqətən də cümhuriyyətə özəl yanaşdız. Hər yaradıcı insan bu qədər məsuliyyət və sevgiylə yanaşsaydı, bu il sözün əsl mənasında yaradıcı adamlar üçün də "cümhuriyyət ili" olardı. Təəssüf ki, saysız sənətkar ordusu diqqət ayırmadı bu önəmli tarixə. Niyə cümhuriyyətlə bağlı filmlər, tamaşalar, musiqilər, rəsm əsərləri-sərgilər olmadı və ya barmaqla sayılacaq qədər oldu?
- Bu, mənə veriləcək sual deyil, məncə. Yalnız özümə cavabdehəm.
Azərbaycanda və dünyada sevdiyiniz qadın bəstəkar kimdi?
- Mən bəstəkarları cinslərə ayırmıram.
Gözəl cavab oldu. Məndən bu qədər o zaman.
- Maraqlı suallara görə təşəkkür...
Hazırladı : Çinarə Teymurova