YAZI / DÜŞÜNCƏ
ATATÜRKÜN HƏBSDƏN QORUDUĞU QADIN - SIDIKA AVAR Tarix : 22 Noyabr 2022, 23:10

İllər öncə İzmir qadın həbsxanasında məhkum qadınlara axşam dərsləri vermək qərarı alınır. Bir gün təhsil müdirinin otağına incə bir gənc qız girir. "Mən bu dərsləri məmnuniyyətlə keçərəm” deyir. Müdir təəccüblənir. Qarşısında dayanan gənc qız məktəbi yeni bitirmişdi və son dərəcə həssas insana bənzəyirdi. Müdir bir anlıq həbsxanadakı tipləri gözləri önünə gətirir. Mümkün olacaq iş deyildi... Amma düşüncəsini üzə vurmur. "Yaxşı, müəllimə xanım” deyir. "Bu işlə məşğul olacam”. 


İki həftə sonra artıq gənc qız solğun işıqlar altında həbsxanada axşam dərslərinə başlamışdı. İşi bitdikdən sonra nazik paltosunun yaxasını qaldırıb silahlı növbətçilərin, zəncirli qapıların arasından keçərək küçəyə çıxır və sürətli addımlarla evinə tələsirdi. Həbsxana müdiri heyrət içində onu izləyirdi. O dalaşqan məhkumlar gənc müəlliməni həm sevməyə, həm də hörmət etməyə başlamışdılar. Qadınlar həbsxanasında ilk dəfə belə bir ab-hava var idi. Ancaq işində inanılmaz bir uğur qazanan bu qızın bir müddət sonra qəribə bir cəza ilə Ədliyyəyə aparıldığı eşidilir. İrəli sürülən ittiham: Missionerlik... Getdikcə artan ittihamların hamısı missioner müəllimədən bəhs edirdi. Nələr, nələr etməyibmiş ki... Qadınlar həbsxanası ilə yanaşı, Kinder Garden təşkilatında çalışma, uşaqlara yaxşı insan olmaqla bağlı bəzi vərdişlər aşılamaq. Bütün bunlar missionerlik adlandırılan işdən başqa nə idi?.. 


Məsələ o qədər böyüyür ki, Ankaraya qədər çatır və o qədər vacib işlərinin arasında Atatürk də məsələyə maraq göstərir. "Mənə missioner müəllimənin işini gətirin” deyir. Gecə boyunca onun sənədlərini incələdikdən sonra səhərisi Sıdıka Avar müəlliməni yanına çağırır.

Gənc müəllimə Atatürkün qarşısına çıxdığı zaman bir yarpaq kimi əsirdi. Atatürk bu çəlimsiz qıza heyrətlə baxır və soruşur: "Missioner müəllimə sənsən, eləmi? Avar təəcüblənir. Yavaşca: "Bəli, əfəndim, mən Avar müəlliməyəm”. Atatürk o vaxt gənc müəlliməyə doğru barmağını uzadaraq yüksək səslə bunları deyir: "Xeyr. Sən missioner Avarsan. Mənə sənin kimi missionerlər lazımdır”. 

Bundan sonra Atatürk fikirlərini açıqlayır: "Bir cəmiyyət ailə yolu ilə, xüsusən qadın yolu ilə qazanıla bilər. Gənc müəllimə şərqə gedəcəkdi. Oradakı gənc qızları, hətta bunların arasında heç türkcə bilməyənləri belə yığacaqdı... Onları bu toplumun ətrafında birləşdirəcəkdi. Sonra da bu uşaqları bir işıq kimi kəndlərə göndərəcəkdi”. Sözlərinin sonunda: "Get məmələkətin içinə gir, dağ kəndlərinə get; orada bizdən işıq gözləyən sabahların analarını görəcəksən” , - deyir.

Gənc müəllimə çox sevincli halda Atatürkün yanından çıxır. 


İllərdir Sıdıka müəllimə ölkənin şərqində olan şəhərlərin birində Qız İnstitutu Müdirliyində bu möhtəşəm işlə məşğul olur. Bu gün Elazığ, Tunceli, Bingöl bölgələrindəki insanlar o incəruhlu qadından bir müqəddəs insan kimi bəhs edir. Onun haqqında 200-ə yaxın bayatı, nağıl və uşaqların dilində saysız-hesabsız mahnılar var. O, keçilməz dağlara at belində qalxır, dağ kəndlərindən bir çox əsmər kənd qızlarını toplayır, onları öz pencəyinə bükərək məktəbə aparırdı. Avar şərqdə həqiqətən sevilən bir insandır. Bu nağıl qadın dağ təpəsindəki kəndlərə at belində gedib şagird topladıqda kənd camaatı: "Qızımı da apar, Avar...” - deyə atının üzəngisinə yapışırdılar. Şəhərə, avarın məktəbinə gələn qızı bir də 3-4 il sonra görərdiniz. Mən bir insan yaratma möcüzəsini orada öz gözlərimlə gördüm. 

Hikmət Feridun Es Hayat jurnalı, 1957 

 

qadinkimi.com