İşdən çıxıb evə gəlirəm. Həyətdə iki-üç qadın yığışıb, qonşuda çıxan davanı müzakirə edir.
Sən demə, yenə "zəhər” içmiş Teymur sərxoş olub, Solmazı "yaxşıca” əzişdirib. Arvadlardan soruşdum, biriniz qapısını döyüb, kişiyə etiraz etdinizmi? Çiyinlərini çəkdilər ki, nə işimizə qalıb, ailə məsələsidir. Amma desəm ki, Samirə niyə boşanıb? Hamısı bülbül kimi ötər. Yaxud da Məlahətin gəlini ilə sonuncu dəfə nə üstə dalaşdığı bütün məhəllə bilir. Çünki ərə getmək, uşaq doğmaq, boşanmaq, cehiz almaq - bir sözlə, əslində bizə dəxli olmayan bütün mövzular işimizə qalıb. Maraqlanmaqla qalmayıb, təfərrüatını da öyrənər, yeri gələndə müdaxilə də edərik. Məsələn, Orxan nişanı qayıtmış Səliməyə aşıq olubsa, oğlanın qabağını kəsər, adına söz çıxmış qızın evlənmək üçün məsləhət olmadığını deyə bilərik. Yaxud da birinci mərtəbədə yaşayan Tahirənin tanımadığımız maşından düşməyinin bizə dəxli var.
Əslində isə onun-bunun "yubka”sını, ərini, sevgilisini güdməkdənsə, ictimai qınaqla ciddi problemləri həll edə bilərik. Arvadını döyən kişini qonşular danışdırmayıb salamı kəssə, effekti olmazmı? Ya da satıcısına kobud davranan müdirə etiraz olaraq, müştərilər mağazanı baykot etsə? Təəssüf ki, cəmiyyət üçün önəmli olan mövzularda insanların çəkinəcəyi ictimai qınaq yoxdur. Ər bilir ki, arvadını şil-şüt etsə də, kimsə "gözün üstə qaşın var” deməyəcək. Biz ictimaiyyətin nəyə reaksiya verəcəyini yaxşı bilir, buna görə əməllərimizə sərhəd müəyyən edirik. Bu səbəbdən də çox əcaib əxlaq normalarımız var. Avtobus sürücüsü əsəbiləşib, uca səslə söyüş söyəndə heç kəs dinməz. Amma bir qız onun tərbiyəsizliyinə etiraz edən kimi "Qız uşağısan, ayıbdır. Kişi xeylağı ilə dilləşmək sənə yaraşmaz”, - deyib susdurmağa çalışarıq.
Hamı danışmaq lazım olanda susduğu üçün də bir çox bəlalar baş verir. Həkim səhlənkarlığından tutmuş ailədaxili zorakılığa qədər bütün problemlər qınağı yanlış səmtə yönəltməyimizin nəticəsidir. Kimsə yaxasını kənara çəkməsin. Elə analığın uşaqlara işgəncə verməyi də ictimai məsuliyyətsizlikdən doğan haldır. Necə ola bilər ki, bircə qonşu da hadisədən xəbər tutmasın? Yaxud da balacaların üz-gözündə yara, göyərti izlərini kimsə görməsin? Divarın o tayından gələn fəryad səslərinə qulaqlarımızı tıxayanda sonu da belə olur.
Heç yadımdan çıxmaz. Bir neçə il əvvəl Mingəçevirdə atalıq 5 yaşlı uşağı o qədər döymüşdü ki, yazığın üzü yara içində idi. Reportajı izləyəndə kişinin zalımlığında çox qonşuların laqeydliyinə dəhşətə gəldim. Danışırdılar ki, Rasim oğulluğunu tez-tez döyür, bədən xəsarəti yetirir: "Demək olar, hər gün yazığı çırpır. Bir dəfə bloka çıxarıb, o qədər təpiklədi ki, dedik yəqin öldü. Anası da fağır qadındır, ərinə gücü çatmır. Balasını qorumağa çalışanda onu da döyür”.
Qonşuları tərəfindən heç bir ictimai təzyiqə, qınağa məruz qalmayan atalıq uşağa işgəncə verməyə davam edir, sonra da əlini-qolunu sallayıb, adam arasına rahatlıqla çıxır. Lakin o balacanın anası evə yad kişi salsa, qonşular yığılıb qiyamət qoparar, qadını binadan sürgün edərlər. Mövzu yetim uşağın döyülməsi olduğu üçün heç kəs qarışmır, kimsə səsini çıxarmır.
Gəncədəki qonşumuz Rasimi də analığı döyə-döyə, ac saxlayaraq böyütdü. Əslində böyütmədi, o, özü küçələrdə gecələyərək, zibillikdən yemək taparaq böyüdü. Anası sakit qadın idi. Kişi evdə tez-tez dava salır, yazığı döyürdü. Bir də eşitdik ki, arvadı evdən qovub, yerinə təzəsini gətirib. Arada Dilşad xala uşaqları görməyə gəlir, onda da əri övladlarını ona göstərmirdi. Sonra qadından bir daha xəbər tutmadıq.
Evə analıq gələndə Bahar birinci sinfə gedir, Rasimin isə 4-5 yaşı olardı. Fəxriyyə gələn gündən uşaqları heç sevmədi. Əvvəl kobudluq etdiyini gizlətsə də, bir neçə ay sonra həyətdə, elə hamının yanında onları vururdu. Bir dəfə Rasim palçığa yıxılıb üstünü batırdı. Qadın uşağı o qədər əzişdirdi ki, köynəyi cırıq-cırıq oldu. Tez-tez dağ basdığı üçün bacı-qardaşın əllərində həmişə yanıq yaraları olardı. Çəngəllə qollarını, ayaqlarını da yandırırdı.
Bir il sonra Fəxriyyənin öz oğlu dünyaya gəldi. Baharı məktəbə göndərmir, evdə qulluqçu kimi işlədirdi. Körpənin çirkli əskilərinədək qıza yuduzdururdu. Rasimi isə səhər açılanda həyətə göndərir, bir də hava qaralanda evə buraxırdı. Bəhanəsi də o idi ki, evdə səs edib, oğlunu yatmağa qoymur. Rasim elə küçədə, qonşuların verdiyi çörəklə böyüdü. Hərdən zibillikdən də nəsə tapıb yeyirdi. Qış aylarında da "besedka”da sakitcə oturur, bəzən orada da yatırdı. Çimizdirən olmadığı üçün uşaqdan həmişə üfunət qoxusu gəlirdi.
Bir dəfə atası hay-küy saldı ki, Rasim yoxa çıxıb. Dedilər ki, Fəxriyyə boynuna almır, amma özü aparıb azdırıb. Nə isə ki, oğlan bazarda tapıldı. Qonşulardan biri tanıyıb gətirmişdi.
Hamı yaxşı bilirdi ki, Fəxriyyə uşaqlara zülm edir, döyür, yandırır, ac saxlayır. Amma bir nəfər də irəli durub, səsini çıxarmır, dövlət qurumuna şikayət etmirdi. Bahargil beləcə böyüdü. 14-15 yaşı olandan qadın Rasimi daha evə buraxmadı. Ataları da sanki kor idi. Doğma övladlarına edilən əziyyəti görmür, bəlkə də görür, vecinə almırdı.
Analığı Baharı 16 yaşında ərə verdi. Xoşbəxtlikdən yazıq qız yaxşı ailəyə düşdü. Rasim isə küçələrdə böyüsə də, bənnalıq sənətini öyrənib, işləməyə başladı. İndi evlidir, 2 övladı var.
Qoşqar əmi tez vəfat etdi. Çox içdiyi üçün serrozdan öldü. Fəxriyyə və oğlundan isə dəqiq xəbərim yoxdur. Bir ara Zaminin narkomanlara qoşulduğunu eşitdim. Deyilənə görə, anasını döyüb, pulunu əlindən alır, bəs etməyəndə evdən əşyaları oğurlayırmış. Axırda evi də satıb, küçədə qalırlar. Fəxriyyənin parkda diləndiyini, elə skamyaların üstündə yatdığını danışırlar.
İlahi ədalət! Gec də olsa, Fəxriyyə əməllərinin altını çəkir. Amma cəza alması Rasimlə bacısının əzablı keçmişini dəyişmir. Onların tamam başqa uşaqlıq illəri də ola bilərdi. Demirəm, uşaq evində xoşbəxt böyüyərdilər. Amma ən azı məktəbə gedər, Rasim də hər qış küçədə qalıb, soyuqdan donmazdı. Əgər cəmiyyət olaraq, kimi niyə qınamaq lazım olduğunu doğru bilsəydik.
Könül Cəfərli
Mənbə: lent.az
qadinkimi.com