YAZI / DÜŞÜNCƏ
Anam, mən və evimizin məchul ilanı Tarix : 17 Dekabr 2019, 13:00
Yazar : Qadinkimi.com
Rayonda hər kəsin Mərcan doxtur kimi çağırdığı həkim qadının evinə köçmüşdük. Həyətdə otuz il əvvələ görə cəlbedici müasir ev və baxımsız qədim tikili vardı. Biz anamla təzə binadakı kirayə üçün nəzərdə tutulmuş böyük otağı deyil, qədim tikilidəki balaca otağı seçdik. İkincinin əsas özəlliyi "müstəqil” olmasında idi. Üstəlik anamın əlləri ilə bircə gündə dəyişib gözəl, rahat yuvaya döndü. Redaksiya bizə növbəti "mübarək olsuna” gələndə qızlardan biri evdə bizdən əvvəl kimin qaldığını soruşdu. Bilmədim. Bildiyim tək şey özümüzü evimizdəki kimi hiss etməyimiz idi. 

Səhər qonşudan dünənki söhbəti soruşdum. Adamın adını xatırlamadığını söylədi. İşə çatan kimi yeni kirayəmizin müzakirəsinə qonşunun verdiyi qəribə cavabı da qatdım. Hərə bir bəhanə ilə söhbətdən yayındı. İsrar etdiyimdə ortaya qanımı donduran qeyri-adi həqiqət çıxdı. Demə, bizdən əvvəl divar kağızı çəkilmiş tavandan böyük bir ilan düşübmüş hamilə gəlinin üstünə. Yazığı dava-dərmanla özünə gətiriblər. Ayılan kimi ilk işləri evi tərk etmək olub. "Sitatın sonu”. O evə hansı əzab-əziyyətlərlə daşındığımızı düşünəndə mənim də... 

İşdən qayıdanda gördüm anam qonşu gəlinə toxumaq öyrədir. Məni görüb yekunlaşdırdılar.  Könülsüz-könülsüz içəri keçdim. Hər tərəf çiçək kimi, samovar buxarlanır, süfrə hazır. Ev deyil, nağıllar aləmi idi. O gecə anamın sevgi dolu ala gözlərinə baxmağa qıymadım. "Yazım var” bəhanəsilə süfrədən tez çəkilib bir topa vərəqi "ağ yuyub qara sərdim”. Yatanda Alagöz bacı yavaşdan dilləndi ki, bayaq soruşmağa ürək eləmədim, yenə hansı ilan zəhərini töküb üstünə? Danışmağa gücüm çatmadı. Gözlərimi tavandan səssizcə çəkib ona qısıldım.

Səhər işə gedəndə birdən dedim ki, yaxşı bir ev tapsaq, bu daxmadan köçərik. Anam incik-incik dilləndi:
– Xalxın evinə daxma demə, a bala. Bəlkə heç doyunca otura bilməyiblər rəhmətliklər. Ondansa bir quran oxudaq, ruhları şad olsun. Gələndə düyü alarsan, qalan şeylər evdə var.

İlan söhbəti redaktora qədər gedib çatmışdı. Çağırıb dedi ki, ürəyində qorxu varsa, ev tapaq, çıxın ordan. Anamın ora tez isnişdiyini, oranı çox sevdiyini, ona görə qərar verə bilmədiyimi danışdım. Əziz müəllim gülümsəyib, ürək-dirək verdi:
– Sevgi varsa, ilandan zərər gəlməz, qorxma...

Xalçanın üstündə yatan anamı "qorumaq” üçün onun yanına düşdüm. Gecə havaxt oyanırdım əli üstümdə olurdu. Bu cəhdimin ona əziyyətdən başqa bir şey vermədiyini görüb çarpayıya çəkildim. Yazmaq bəhanəsilə işığı söndürməyib gecənin yarısı oyanan kimi evi müşahidə edirdim. 
Artıq təzə məhlənin də sevimlisinə çevrilmiş Alagöz bacını axşamüstülər qonşu gəlinlər gəzməyə aparırdılar. Bir axşam təsadüfən gördüm anam qayıdan kimi kibrit işığında çarpayının altına baxır. Nə axtardığını soruşdum. Karıxan kimi olub, eynəyini axtardığını bildirdi. Eynəyinin gözündə olduğunu üzünə vurmadım. Vaxtaşırı künc-bucaqdan, hətta qazanların içindən nəsə axtardığını "görməyim” deyə, bir bəhanə tapıb çıxırdım. Daha sonra ev yarpızla dolmağa başladı. Yarpızın xeyri barədə mən ondan əvvəl danışmağa başlayanda Alagöz bacıya elə bil dünyanı verirdilər. Amma heç birimiz bu söhbətlərdə "ilanın zəhləsi yapızdan gedər” məsələni "xatırlamırdıq”.  

Bir gün hardansa ilanın kirpidən qorxduğu barədə oxuduğumu xatırladım. Üstündən on-on beş gün keçməmiş bostandan bir kirpi tapıb evə gətirdim. Anama kirpini çox xoşladığımı elə təsvir edirdim ki, sanki indiyə qədər özgənin uşağı olmuşam və nəyi xoşlayıb-xoşlamadığımdan onun xəbəri yox imiş. 
İlanı zərərsizləşdirmə tədbirlərimizin pik nöqtəsi o gecə gerçəkləşdi. Kirpi səhərə qədər evdə nə qədər boş banka, qab-qacaq var, səs-küylə hamısını yıxıb-dağıtdı. Ürəyimdə "bundansa ilan yaxşl idi” deyib səhər alayuxulu işə getdim. Evə çatar-çatmaz kirpini soruşanda anam heç nə olmamış kimi cavab verdi:
– Meydanlarda "Azadlıq” deyə qışqıran siz deyildinizmi, a bala? İndi xoşun gəlir deyə o heyvanı ev dustağı edəsi deyilsən ki... Gətirdiyin yerə buraxdım kirpini. Darıxanda gedib baş çəkərsən... 

Məni utandırmamaq üçün başına "sığal çəkərsən” deməsə də, payımı o cür aldım. Anam məndən tez bilirmiş əhvalatı. Ora gəldiyimiz gündən. Mənə təkrar köç əzab-əziyyyətini yaşatmamaqdan ötrü qonşuların dilini-ağzını "bağlayıbmış”. Guya mən də öz aləmimdə min ilin Alagöz bacısını kirpi nağılı ilə "tovladırdım”...

Biz ayrı-ayrılıqda hər an başımıza düşüb ayağımıza dolanacaq dəhşətli vahiməni bir-birimizə olan fədakar sevgimizlə dəf etdik. O evdə yaşadığımız on ilin cəmi beş-altı ayından sonra gündəmdə gizlənən qorxulu ilan əhvalatı şirin lətifəyə çevrildi. Əsas da evdə nabələd qonaq olanda anamdan soruşardım ki, ilanın südünü veribmi? O da şirin-şirin hirslənib "qələt eləmə, a bala”, - deyərdi. Qədim qəbristanlığın eşiyindəki yüz ilin köhnə damında ilan olması istisna deyildi. O istisnanın bir gün aşkara çıxması da. Amma tədricən o ehtimal belə həyatımızın ən həyəcanlı dönəmindən keçib adiləşdi.

***
Heyvanlarla heç bir problemim yoxdur. Sadəcə, instiktiv ilan qorxusu vardı ürəyimdə. O da ləğv olub getdi. Yalnız qorxunun deyil, istənilən neqativ gücün ləğvi sevgidən başlayır. 

Ölkə bu gün həyatımızı cəhənnəmə döndərən məcazi ilanlarla doludur. Yuxarı oliqarx-məmur sinfi bunsuz öz haram cənnətinin dadını çıxarda bilmir. Onların bizə münasibətini başa düşdük. Quldur qurbanını sevməz. Bir-birinə qənim kəsilən aşağı siniflər bəs nəyin qəzəbindədirlər? İnşa cümləsinə oxşayacaq, bilirəm. Amma eyni məhkumluğun əsiri olaraq bir az özümüzü sevməyə də başlasaq olmazmı? Qalanı gülə-gülə, corab söküyü kimi gələcək... 
Sevgidən güclü silah yoxdur, baxır kimin əlindədir...
 
 

Nazlı Ağayeva
mənbə: qaynarinfo.az
qadinkimi.com