YAZI / DÜŞÜNCƏ
Analığın qısa tarixi (III hissə) Psixoanalizdə analıq Tarix : 25 Oktyabr 2019, 15:20
Yazar : Qadinkimi.com
Psixoanaliz ədəbiyyatının inkişafı ilə birlikdə bu gün baş verənlərə görə "keçmişdəki anaya günah yükləmək” tendensiyası günümüzdə də davam etdirilir. Bunun qadınlara iki  münasibəti müzakirə oluna bilər. Əvvəla, analıq heç kimin əvəzləyə bilməyəcəyi çox xüsusi və dəyərli bir məqama yüksəlir. İkinci tərəfdən, bu cür ciddi bir vəzifənin qadınların çiyinlərinə qoyduğu vicdani yük və təzyiqi də görməzdən gəlmək olmaz.

Analıq bioloji və ya instinktiv olanla ictimai olanın, mədəniyyətlə təbiətin sərhədlərinin kəsişməsində yer aldığı üçün psixoanalizin Rozetta daşı kimidir. Analığın instinktiv və bioloji olduğuna dair ən güclü arqümentləri də məhz psixoanalizdə tapmaq olar. Bu halda meydana çıxan əsas suallar bunlardır: Bioloji faktor analıqla nə dərəcədə əlaqəlidir? Analıq yalnız bioloji bir məcburiyyət olaraq izah edilə bilərmi? Freud "anatomiya insanın taleyidir” demişdir, bu, həqiqətən belədirmi? Bu məqamda təbiətdən mədəniyyətə keçdiyimiz tarixi andan (Totem və Tabu) belə cavab verə bilərik: Bioloji müstəvidə qalaraq toplum xaricində bir cəmiyyət yaratmaq mümkün deyil. Əgər elə olsaydı bütün qadınlar instinktlərinin təbiətində bəlli dövrlərdə cütləşər və doğum gerçəkləşərdi. "Qadın və ana kəlimələri bərabərdir” fikrinin əsası biolojinin qismət kimi qəbul edilməsidir. Ancaq bu fikrin arxa planında qadınlara qarşı formalaşan gizli bir hökmranlıq var. Doğurqanlığın nəzarətə alındığı dövrdə hələ də "qadının təbiətində analıq vardır” fikrini istifadə etmək rasional görünmür. İlk növbədə analığın doğurqanlıqla gələn bir xüsusiyyət olmaması bu arqümenti əsassız edir. Yüz illər ərzində mövcud olan süd analığı məsələsi və ya övlad edilmə təcrübəsi bioloji məcburiyyət fikrini təkzib edir. Bununla yanaşı, uşaq sahibi olmağı rədd edən, dünyaya gətirdiyi uşağı qəbul etməyən, ya da analığı qəti şəkildə rədd edən qadınlar da var. 

20-ci əsrə gəldiyimizdə analara daha bir məsuliyyət yüklənir. Bu, psixoanalizin qeyri-ixtiyari kəşfidir. Artıq analar uşaqlarının ruhi sağlamlıqlarından da məsul hala gəlməkdədir. Qeyd etdiyimiz kimi psixoanaliz ədəbiyyatının inkişafı ilə birlikdə bu günə görə "keçmişdəki anaya günah yükləmək” tendensiyası günümüzdə də olduqca hiss edilir. Uşaqlarının tale və xöşbəxtliklərinin bütün məsuliyyətini öz üzərində hiss etmək, qərarlarının və uşaqlarına qarşı münasibətlərinin həyati əhəmiyyətli olduğunu öyrənmək qadınların suçluluq duyğusu və qayğılarını artıracaq. Bu mexanizm qadınlara öz-özlərini cəzalandıran bir vicdan inşa etməkdədir. Bu gedişat ana olma istəyi olmayanları da ana olmağa məcbur hiss etdirməklə yanaşı, ana olmamağı da bir əksiklik və təbiətə zidd vəziyyət olaraq təqdim etməkdədir. Getdikcə artan məsuliyyətlər altında özgüvən və fədakarlıq qadın təbiətinin bir parçası halına gəlməkdədir. Hətta qadının təbiətinin mazoxist olduğu, uşaqları üçün əziyyət çəkməyin ona xöşbəxtlik verəcəyi söylənməkdədir. Psixoanalizin əsas nəzəriyyəsinin müəllifi olan Freuda görə, analıq qadınların tam olan bir nəsnəyə, özlərini tamamlayacaq bir uşağa sahib olmalarıdır. Beləliklə, çatışmazlıqlarını aradan qaldırıb bütövlüyə çatacaqlar. (1932). Başqa sözlə, qadın ancaq ana olduğunda tam bir insan olur. Lakan isə subyektə möhürlənmiş çatışmazlığın heç bir zaman və heç bir şəkildə doldurula bilməyəcəyini qəti şəkildə müdafiə edir. Ana olmaq qadını bir subyekt olaraq tamamlaya bilməməklə yanaşı, bu təcrübə bəzi qadınları daha problemli və parçalanmış bir varlıq kimi məhdudlaşdırır.  

Freudu tənqid edən Chodorow’a görə, qadınların analıq və qayğı ilə əlaqələndirilməsi mədəniyyətin, sosial quruluş və praktikaların fasiləsiz davam edən istehsal prosesi ilə bağlıdır. Valideynliyin ictimai təşkili gender şəxsiyyətlərinin inkişafını əhatə edir, ictimai əlaqələr və hiyerarxiya qohumluq vasitəsi ilə qurulub davam etdirilməkdədir. Chodorow tarixi prosesdə qadına aid edilən ev içi rolların möhkəmləndirilməsi və analığın yalnız qadına məxsus bir praktika olaraq formalaşmasını ictimai cinsiyyət bərabərsizliyinə bağlanan valideyn münasibətləri ilə əlaqələndirir. Millett "Cinsi Siyasət” əsərində Freudun cinsiyyət ayrı-seçkiliyində bioloji və mədəni fərqlərin yox olduğuna diqqət çəkərək, psixoanalatik nəzəriyyədə qadının daima əksik və passsiv olaraq təqdim edildiyini tənqid edir. 

Lakanın tənqidi isə Kristevadan qaynaqlanır. Kristeva analığın iki tərəfliliyini "vurğunluq” üzərindən izah edir. Ana sevgisi özünü bir başqasına həsr etməyi vacib edir. Ana və uşaq arasındakı münasibət ehtiraslıdır və bu səbəbdən eyni anda həm eşq, həm də nifrət ortaya çıxa bilər. Nifrət tərkiblidir, çünki bu coşqu, xüsusilə, doğumun ilk günlərində ananın körpəyə xidmət göstərməsini lazımlı edir. Körpə ananın subyektivliyi üzərində hökmranlıq quran, hamilə olduğu gündən bədəni üzərində haqq sahibi olmağa başlayan bir "başqası” olaraq təsvir edilir. Qadın həm öz həyatını körpənin ehtiyaclarına uyğun yenidən qurmalı, həm də doğumdan sonra içindən çölə çıxardığı "başqası” ilə münasibət qurmalıdır. Ana bu iki tərəfli münasibəti qura bilməyi bacardığında bioloji olan analıq instinkti ehtirasa çevrilir. Kristevanın buradakı instinktdən ehtirasa doğru olan çevrilişi vurğulaması önəmli məqamdır. Çünki instinkt təbii olaraq ehtirasa çevrilməz. Ana bir subyekt olduğu və körpəsinə baxmağı, onu qazanmağı seçdiyi üçün instinkt ehtirasa çevrilir. Analığın paradoksu da bu ehtirasın içində gizlidir. Çünki ananın uşağına olan ehtirası nə qədər güclüdürsə, onun o qədər də sərbəst olmasını istəyir. Ehtiras artdıqca ana övladını özündən uzaqlaşdırır və xarici dünyaya göndərir Bu ikili proses ananı azadlığına qovuşdurur, ona daha çoxtərərfli azadlıq verir.  

Kristevanın analıq ehtirası sadəcə öz uşağını sevməkdən ibarət deyil. Ehtiraslı analıq qavramı başqasına rəhm və mərhəmət hissi duymağı, başqası üçün qayğılanmağı da özündə ehtiva edir. Fransız poststrukturalistləri üçün analıq təcrübənin birbaşa reallığından yanaşaraq Qadın/təbiət yaxınlığını təsdiqlədikləri kimi doğumu və analığı da müsbət bir dəyər kimi görürlər. Atamərkəzli sistemdə kişilərə bənzəyərək bərabərlik əldə etmək əvəzinə, yeni və yaradıcı bir qadın dili qurmaq fikrini irəli sürürlər. Analıqla bağlı digər bir fərqli baxış da Carol Gilligana məxsusdur. Gilligan cinsiyyət fərqinin instinktiv açıqlana bilməyəcəyi fikrini müdafiə edir. Çünki o, bütün həyatın, sənətin, ədəbiyyatın kişi nöqteyi-nəzərindən formalaşdırıldığını düşünür. Ədalət qavramı içində ictimai cinsiyyət fərqini araşdırarkən ana və uşaq münasibətləri üzərindən "qayğı etikası” qavramını inkişaf etdirir.  Buna görə də qızlar anaları ilə böyüdükləri üçün kişilərlə müqayisədə daha çox münasibətcildirlər. Ancaq bu fərq biologiyadan deyil, ana/qız münasibətindən irəli gəlir. Beləliklə, analıq təcrübəsi qadınlarda daha səmimi ünsiyyət etikasının inkişafına yol açmaqdadır. Kişilərin əxlaq mühakimələri dünyəvi olduğu halda, qadınların mənəvi inkişafları daha çox məsuliyyət və insanlararası münasibətləri dəyərləndirərək mühakimə yürütmək istiqamətində inkişaf edir. 

Sonda psixoterapiyann lazımlı və faydalılı dəyərini bildiyimi söyləmə məcburiyyəti hiss edirəm. Məqsədim böyük bir psixoloji, ya da psixoanaliz ədəbiyyatını yox saymaq deyil, əksinə, haqqını verirəm. Ancaq terapiya otağına girən qadınların bu tarixi mədəniyyət sahəsinin və elmin hər sahəsinə nüfuz edən kişi baxışının da fərqində olması gərəkliyinə inanmasına, feminist psixoterapiyaların yayılmasına ümid edirəm. 
 

 
DAVAM  EDƏCƏK ...

Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com