Bu gün anaların övladlarına verəcəyi tərbiyə keçmiş zamanlardakı kimi bəsit deyil. Çünki qadınlarımız əgər həqiqətən millətin anası olmaq istəyirlərsə, kişilərdən daha ziyalı, daha uğurlu, daha çox bilgili olmağa məcburdurlar. (M.K.Atatürk)
Türkiyədə qadının ana olaraq ön plana çıxdığı dövr Qərbdəki proseslərlə bir çox məqamda kəsişsə də, özünə xas yönləri də var. Türkiyədəki müasir analıq təsəvvüründən öncə, Osmanlı dövlət quruluşundakı vəziyyətə qısaca nəzər yetirək. Osmanlıda üç nəslin bir arada yaşadığı, istehsal və istehlak vahidinin eyni olduğu bir mülk quruluşu olub. Üst hissədə ev əhalisinin, alt qatda atanın dükanının olduğu ailələri hələ də görə bilirik. Belə ailə quruluşunda mülkiyyət vasitələri üzərində nəzarət ailə rəisində, atanın və yaşlıların əlində toplanır... Uşaqlarla vaxt keçirmək, müxtəlif oyunlar oynamaq, onların təhsili kimi işlər isə daha çox yaşlılara aiddir. Gənclərin uşaqlarına sevgi göstərməsi utanılacaq hal hesab olunur. Bu özlüyündə "görüb - götürmüş” atamərkəzli ailələrdə davam edən bir ənənədir. Bu ailələrdə ananın uşağına sevgi, qayğı göstərməsi xoş qəbul olunmayan, hətta eyiblənən bir davranış hesab olunur. Uşaqlar analardan çox nənə və babalarla ünsiyyətdə olur. Doğum və əmizdirmə prosesi sonrası qadınların analıq məsuliyyətləri uşağın ətrafındakılara təslim edilməsiylə azalır.
Osmanlı Türk modernləşməsinin başlaması ilə qadınların ailədə, xüsusilə analıqla bağlı rolları ön plana çıxmağa başlayır. Tənzimat (111 Səlimin 1839 - cu il ali fərmanından sonra başlamış islahatlar dönəmi Türkiyədə belə adlanır) dönəmində yeri özəl sferada müəyyənləşdirilən qadın ictimailəşərək "milli ailə” ifadəsinə pərçimlənir. Ailə və onun mərkəzindəki qadın kişilərin siyasi sahədə etdiyi inqilabı sosial sahədə gerçəkləşdirən tərəf olur. Qadının təhsilli olması cəmiyyətin müasirliyinin bir göstəricisi kimi qəbul edilir. Türk modernləşmə prosesində analıqla bağlı formalaşan təsəvvürləri daha anlaşılan və müqayisəli qruplarda toplamağa, Qərbdəki proseslə kəsişmə və fərqli məqamların izahını verməyə çalışacam.
İqtisadi mühakimə və nüfuz: Eynilə Qərbdə olduğu kimi nüfuzun keyfiyyəti ilə bağlı qayğıların meydana çıxması analığın mövqeyi ilə əlaqələndirilir. Tənzimat və Məşrutiyyət dövlərindəki dəyişikliklər qadınların vəziyyətinin modern şərtlərə uyğun yenidən izahını vacib etdi. Bu qadının ailədə daha savadlı olması üçün təhsili də önə çəkdi. Nüfuz hərb və iqtisadi baxımdan millət və dövlətlər üçün bir potensialdır. Bu, dövlətin analıq siyasətinə yönəlməsi, analığı millətci və militarist ünsürlərlə ucaltması deməkdir. Millət və dövlətlərin gücləndirilməsini dəstəkləyən "üstün mədəniyyət - üstün irq” fikirləri ilə qidalanan nüfuz siyasətləri qadınları hər fürsətdə doğuma dəvət edər, bir tərəfdən pronatalist siyasətlər istənilən nüfuzun artması, digər tərəfdən istənməyən nüfuzun (problemli, xəstə ya da istənməyən etnik qruplar) nəzarətə alınmasını təmin edərək millətci və qərəzli bir mövqe qazanır.
Modernlik mühakiməsi: Modernləşməyi Aydınlanma fəlsəfəsinin Türkiyədəki əksi kimi düşünək. Aydınlanmanın proqressivliyi analığı bir problem halına gətirir. Əslində Cumhuriyyət elitaları üçün qadınlar ehtiram göstərilən varlıqlardır. Atamərkəzli saziş cəmiyyətinin təzahürü olan xalq-dövlət quruluşunda qadınlar yenə nəzarətdə saxlansa da, normalar din və ənənə deyil. Anaların böyüdəcəkləri övladlarla ailə həyatının islah olacağı fikri mövcuddur: Yeni analar ənənəni yıxacaq və müasir çəyirdək ailənin mərkəzində yer alacaq. Qadınlar ilk növbədə ana və həyat yoldaşı olacaq. Beləliklə, sevgi və sədaqət, fədakarlıq dəyərləri özəl alanı tənzimləyən normalar halına gəlir. Qərbin Aydınlanma idealına uyğun qurulan Cumhuriyyət dövründə qadınlar vətəndaş kimi ictimai alana çıxa bilirlər, bunun üçün cinsiyyətlərini arxa planda qoymalıdırlar. Bu səbəblə analıq və ya onun ekvivalenti olan müəllim kimlikləri yaxşı bir sığınacaq olur. Qadınların vətəndaş olaraq qəbul edilmələri üçün sadəcə uşaq dünyaya gətirmələri deyil, artıq milli düşüncəni onlara ötürmələri də önəmlidir. Dövlət ideologiyası yaxşı vətəndaşlar yetişdirən analığı dəyərli hesab edir. Qadınlar ideologiyanın daşıyıcıları və ötürücüləri olaraq qəbul edilir. Müasir fikir yeni anaların əvvəlki nəsillə əlaqələrinin qoparılmasını lazım bilir. Bu yanaşma mühafizəkarlıq və millətcilikdə olduğu kimi ikiqat dəyərlidir. Çünki keçmişi həm rədd edər, həm də yenidən qurar.
Elmi açıqlama: Cumhuriyyətin ilk illərində pronatalist nüfuz siyasətində qərəzli fikirlər də vardı. Məsələn, ana və körpə ölümlərinin və buna səbəb olanların qarşısının alınması istiqamətindəki siyasətlər bir irq islahı layihəsi kimi həyata keçirilirdi. Çünki "sağlam valideynlər” çox uşaqlılığa məcbur edilir, uşaq sahibi olmaq istəməyənlər, ya da körpələrin doğulmasına mane olanlar cinayət və vətənə xəyanətlə günahlandırılırdılar. 1930-cu illərdən etibarən hamiləlik, doğum, uşaq tərbiyəsi və baxımı mövzusunda geniş nəşrlər hazırlanır. Hamilə qadınların yeməyindən geyiminə qədər məsələlərlə bağlı müxtəlif elmi tövsiyələr çap olunur. Beləliklə, ana - uşaq münasibətinin baxım və təhsil istiqamətli rasionallaşdırılması təmin edilir. Elmdən və texnologiyadan ilhamlanaraq qurulan yeni "elmi analıq” üçün qız uşaqlarının və ana olmayan qadınların təhsili çox önəmlidir. Məsələn, "uşaq baxımı” dərslərinin qız məktəblərinin tədris proqramına salınması, qız institutları daxilində ev işləri, yemək və dərzilik işlərinin iqtisadi və modern hal alması kimi tənzimləmələrdə tərbiyə edən ana təsəvvürü ön plana çıxır. Analıq bir tərəfdən millətci inkişaf hədəflərinin, digər tərəfdən isə qərbli kimi olma və görünmə əzminin təzahürü olur. Qadınlar sağlam təməllə təsvir edilən yeni millət və dövlət nüfuzunu yetişdirəcək və eyni zamanda Qərb üçün modern, güclü və sağlam bir nüfuz imici yaratmaqda vitrin olacaqdır. Digər tərəfdən bu modernist fikir keçmiş təcrübəyə və yaşlı qadınların yol göstəriciliyinə də göz dağı verir. Analıq və təhsil arasında bağlantı qurulduğu halda, ənənədən gələn qadın bilgisi, məsələn, valideynlik və doğum bilgisi ilə olan əlaqə müasir tibbi düşüncə ilə qırılır. Qəribəsi budur ki, bu bağlantının qırılmasına ilk təşəbbüs göstərən dövrün feminist qadınları olur. Beləliklə, millətcilərin və feministlərin yolu ənənəni təmsil edən nənələrin və ya doğum bilgisinə sahib olan başqa qadınların (mamaçaların) taxtdan endirilməsi və yeni qadının milli bilgiyə sahib olacaq övladlar tərbiyələndirməsi mövzusu ilə kəsişir.
Millətci mühakimə: Dövlətin ontoloji öncəliyinə görə qurulan "analıq vəzifəsi”ndə ən çox ön plana çıxan milli dəyərlərin ötürülməsidir. Qadının əxlaqı ilə ailənin və millətin namusu arasında sıx bağ qurularkən, Qərbçilik, millətcilik və İslamcılığın qarışığı olan bir təsir də yaranır. Bu üç mühakimənin öz daxilindəki gərginlik və ziddiyyətlər ən çox qadınlara nəzarətdə özünü göstərir. Qərbçilərin modernləşmə və qadının ictimai sahəyə çıxması tələblərinə qarşı millətci və İslamcıları birləşdirən bəzi narahatlıqlar mövcuddur. Məsələn, Cumhuriyyətin rəsmi ideologiyasına görə qadınlar ictimai alana çıxmalı, məslək sahibi olmalı, amma bunu dişi xüsusiyyətlərindən qurtularaq, bir növ kişiləşərək və milli bir kimliyə bürünərək etməlidirlər. Amma eyni zamanda qadına xas analıq, şəfqət, fədakarlıq kimi ictimai cinsiyyət rollarını da mühafizə etməyi bacarmalıdılar. Beləliklə, Türk modernləşməsi qadınları bir çox alanda sərbəstləşdirməklə yanaşı bir o qədər də fədakarlıq, məsuliyyət yükləmişdir.
Analar "yaxşı təhsilli”, "ağıllı”, "sakit”, "mütəvazi”, "təmiz və səliqəli”, "ərinə və digər ev sakinlərinə qarşı mehriban”, "ailə böyüklərinə qarşı hörmətli”, "vətəninə və millətinə sadiq” olmalıdır. Əks halda ananın mənfi cəhətləri uşağına keçərək nəsli poza bilər. Ananın dişi xüsusiyyətlərinin ön planda olması ilə lüks istehlaka meyilli olması, yüngül xarakter və şəhvət düşkünlüyü arasında qurulan yaxın bağlantı dövrün ədəbiyyatında da öz əksini tapmışdır. "Aşk-ı Memnu”, "Yaprak Dökümü”, "Kiralık Konak” kimi əsərlərdə dişiliyi ön planda olan xarakterlər ailəni məhvə aparır. Qadınlara millətin yeni bioloji istehsalcıları və millətdən məsul şəxslər olaraq analıq vəzifələri hər fürsətdə təkrar xatırladılır. Qadın/torpaq metaforu dəyişikliyə uğrayaraq doğurqanlıq və vətən torpağına doğru çevrilir. Cumhuriyyət dövründə dövlətin təhlükəsizliyi dişiləşib milli dava halına gəlir, qadınlar isə "analar” olaraq bu davanın obyekti olur. Cumhuriyyət dövründəki siyasi quruluş kişinin vətəndaşlıq vəzifəsini savaşmaq, qadının isə əsgər övladlar dünyaya gətirib böyütmək kimi müəyyən edir. Türk qadını "vətən uğrunda ölümü gözə alacaq, oğlunu bilə - bilə ölümə göndərə biləcək və kişinin yoxluğunda bütün işləri görəcək qədər fədakardır. Oğlu şəhid olan ana üzüntüsünü vətən eşqi ilə içində saxlayacaq və qürur duyacaq dərəcədə də vətənsevər olmalıdır. Şəhid analarını şanslı hesab edən və onları mənəvi vədlərlə yükləyən militarizmin xəyalı bu gün də üzərimizdə dolaşmaqdadır…
Ümumiləşdirsək, Cumhuriyyət dövrü analığı ucaldır. Qadının ən ülvi vəzifəsi millətin ölümsüzlüyünü təmin eədəcək övladlar dünyaya gətirməkdir. Qadının ölkəsinə xidmət etməsi üçün ən uyğun yer - evi, ailəsi və analığıdır, atalar isə "əsas çörək qazananlar”dır. İstənilən halda, qadınlar ev işləri və uşaq baxımından 24 saat məsuldur. Qadınların zəhməti fədakarlıq və sevgi təməlinə bağlı olduğundan əməkləri iqtisadi qarşılıq görmür. Hökmranlıq və əsarətlərə baxmayaraq, qadınlar bəzən bir sığınacaq olaraq, bəzən də sosial sahədə başqa güclər qazana bilmənin bir yolu kimi analığın gücündən yararlanır. Analığın cəmiyyətdə ideallaşdırılması və mədəni tərəfdən analığa mistik bir xüsusiyyət yüklənməsinin qadınların güclənməsi baxımından müsbət tərəfləri də var. Məsələn, uşaqların böyüdülməsi, sağlamlıqları, evdaxili sistemdə iqtidar sahibi olması əslində gücləndirici faktorlardır. Az da olsa, ictimai alanda görünməsi "yoxdan yaxşıdır” deyə düşünməkdəyəm.
DAVAM EDƏCƏK ...
Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com