YAZI / DÜŞÜNCƏ
Analığın qısa tarixi (II hissə) Analıq mifi arxasındakı əmək istismarı Tarix : 18 Oktyabr 2019, 15:03
Yazar : Qadinkimi.com
Analıq gündəlik bir vəzifədir və ondan istefa vermək demək olar ki, mümkünsüzdür. Amma gündəlik iş növbəsinin zaman və ya əmək dəyərini ölçən hüquqi səviyyədə tanınan heç bir mexanizm mövcud deyil. Qısaca, ana olmağın gizli bir maddi tərəfi də var. 

Yalnız neoliberal və ya mühafizəkar deyil, sol və demokrat siyasət baxımından da problemli mövzulardan biri analığı da öz içinə alan "doğurqanlıqdır”. "Ev işləri və uşaq baxımı kimi öhdəliklər qadınlar tərəfindən həzm edilməlidirmi?”, "Qadınlar bu mövzularda bərabərlik istədiklərində hansı hisləri keçirirlər?, "Atamərkəzli normalardan gələn məcburiyyətlərlə üzləşmə və normaları rədd etmə arasındakı qərarsızlıq necə olur?” kimi suallara keçməzdən əvvəl bu mövzu ilə bağlı ədəbiyyata qısa bir baxış yerinə düşər. 

İqtisadi nəzəriyyə çalışmağı yalnız pul qarşılığında edilən bir iş kimi izah etdiyi üçün ev işləri və uşaq baxımı doğumla əlaqəsi olmayan bir əmək şəkli olaraq görünməz hal alır. Baxım və ev işləri sanki qadınlığın təbii bir zəruriyyəti olaraq görüldüyü üçün qadının işçiliyi dəyərsizləşib. Qadının evdə uşaq baxımı ilə məşğul olması onu iqtisadi tərəfdən kişidən asılı hala gətirdiyi üçün kişinin iqtisadi dəyəri olan əməyini də get-gedə daha dəyərli edir. Buna görə də cinsiyyətə bağlı formalaşan iş bölgüsü gedərək normal qəbul edilir. Qadın əməyinin qarşılığı daha aşağı olduğundan kapitalizm üçün  "ehtiyat əmək” kimi qəbul edilir.  
 
Ev qadınlarının bərabər əmək haqqı, çalışan ananın əməyi, ödənişli hamiləlik məzuniyyəti, pozitiv ayrı-seçkilik kimi məntiqli gözləntiləri kapitalizmdə fərqli yanaşma vardır. Bu cür xərclər kapitalizmi qeyri-stabil edir. Digər tərəfdən elmi mübahisələr, dövlət və ənənə birlikdə sevgi, qayğı, instiktlər və bağlanma üzərindən uşaq baxımını analarla əlaqələndirir. Məhz bu sevgi və ya qayğı adlanan məfhumun özünün analiz edilməsi və müzakirəsinə ehtiyac var: Qadınların doğuş qabiliyyətinə sahib olması uşaq baxımı məcburiyyətinin də qadınlara ötürülməsi üçün yetərli olub.

Ana olmaq dəyərli və önəmli bir təcrübədir, ancaq düşünürəm ki, uşaq baxımı və analığın bir-birinin əvəzi kimi qəbulu ictimai cinsiyyət normalarına bağlı şəkildə müzakirə edilməlidir. Analıq və qadınlıq dəyərlərinin müsbət anlamları ilə ev qadınlığının ucaldılması arasında önəmli fərqlər var. Amma ictimai cinsiyyət münasibətləri daxilindəki iyerarxiya ev daxili işlərin ideallaşdırılıb müqəddəs qəbulu ilə davam edər. Ev daxili əmək bu gün yalnız təkrar istehsalın bir parçası olaraq dəyər qazanmaqdadır. Yemək, təmizlik, uşaq baxımı kimi fəaliyyətlər artıq feminist nəzəriyyədə dəyərli görülən və qadınların anlam dünyasında özünə yer tapan işlərdir. Amma bu işlərin məcburiyyət olaraq qadına aid edilməsi ictimai hakimiyyət strukturları ilə bağlıdır və bir problem olaraq görülməlidir. Müasir cəmiyyətlərdə qadınlar formal olaraq kişilərlə bərabər qəbul edilsələr də, həqiqətdə heç bir zaman kişi ilə eyni anlamlı fərdlər olaraq görünmürlər. Qadınlar qanun çərçivəsində qismən bərabər olsalar da, müasir cəmiyyətlərin təməli olan ailə strukturu bərabərliyin çata bilmədiyi imtiyazlı bir alan olaraq qalır. Qadın subyektivliyinin formalaşması ailə məfhumunun qorunması adına fəda edilmişdir. Müasir ifadənin içində qadın ikiqat bir yüklə qarşı-qarşıyadır. Ailə içində xüsusi alana aid "təbii” işlərin yanına çalışma həyatı və ictimai alandakı vəzifələr də əlavə edilmişdir. 

Ev işləri çalışan qadınlar üçün demək olar ki, ikinci növbə iş kimidir. İctimai cinsiyyət rollarının təbii hal kimi qəbulu qadının iş yükünü artırmaqla yanaşı, əməyinin dəyərini aşağı salır və ənənəvi strukturu gücləndirməkdədir. Qadınların cəmiyyətdə əzilmə şəkilləri iqtisadi siniflərinə, simvolik və mədəni sərmayələrinə görə fərqlidir. Bütün əzilmə şəkillərini bərabərləşdirə bilmədiyimiz kimi, qadınların şəxsi alanlarındakı hiyerarxiyanı da görməzdən gələ bilmərik. Ev işlərində yükün böyük bir qismi qadınlara qalır. Ev işləri üçün başqa bir qadının əməyini satın alınır. Evin içində təmizlik, yemək, işin təşkilini təmin etmək, uşaqların baxımı ilə məşğul olmaq qadının vəzifəsi olmağa davam edərkən, ərlərin rolunun heç bir şəkildə dəyişməməsi və ya "yoldaşına kömək etmək” səviyyəsində qalması önəmli bir problemdir. Qadınlar ödənişli çalışsalar da, onların ilkin vəzifəsi ev işləri və uşaq baxımı olaraq qalır. 
Şəxsi alana laqeyd qalan, ictimai alan içində azadlıq və haqqa dəyər verən bir anlayışın yetərsizliyi aşkardır. Qadınlar üçün iş və ailə həyatını uzlaşdırmaq önəmli bir məsələdir. Bu səbəblə uşaqların baxımı məsələsini siyasiləşdirmək lazımdır. Qadınların ictimai və çalışma həyatında kişilərlə bərabər şərtlər altında  iştirakı qanunlar qarşısında "qadın-kişi bərabərdir” deyilərək həllini tapmadığı qadınların həyatında özünü daha qabarıq göstərir. 

Anaların iş saatları, baxçalar, analıq məzuniyyəti kimi uşaq baxımı ilə bağlı sosial siyasətlər irəliləmədikcə qadınların ev içində ödənişsiz uşaq baxıcıları olmaqdan qurtulmalarının mümkünsüz olması bəlli məsələdir. Hətta ixtisaslı işlərdə çalışmaq və pul qazanmaq belə qadının ev içindəki aşağı statusunu dəyişmir. Qadınlar üçün ən dəyərli vəzifənin analıq olaraq müəyyənləşməsi nəticəsində qadının məslək və analıq arasındakı seçiminin etik bir norma halına gəlməsi problemli vəziyyətdir. Həm vicdani, həm iqtisadi, həm də mədəni olaraq müqəddəs analıq mifi içində uşaqları qadınların yeganə idealları halına gəlməkdədir. 

GÜNÜMÜZDƏ ANALIQ İDEALI: İNTENSİV ANALIQ VƏ QADIN SİYASƏTLƏRİ

Analıq mifinin arxa planını görə bilmək qadınların könüllü və ödənişsiz əməyini istismar edən sistemin çalışma mexanizmasını üzə çıxarmaq üçün lazımlı olduğu kimi, subyektiv səviyyədə qadınların günahkarlıq hislərini və qayğılarını aradan qaldırmağa yönələn bir qapı da aça bilər. Analıq sadəcə düzənin hakimiyyətində istismar edilərək tabulaşan bir varolma  deyildir. İqtidarın olduğu hər yerdə bir qarşı iqtidar da vardır. Analığa aid hər zaman fərqli imkanlar mövcuddur. Məhz bu məqamda günümüzdəki analıq təcrübəsinin idologiya ilə necə gücləndirilməsi haqda danışmaq tam zamanında analıq müzakirələrini anlamaq baxımından müsbət bir baxış bucağı açacaq. Neoliberalizmin öz adına uğuru qadınlara yüklədikləri artıq məsuliyyəti qəbul etdirərək, qadının mənlik dəyərini saxta bir formada yüksəldərək təqdim etməyi bacarmış olmasıdır. "Analıq müqəddəsdir” yalanı qadınlığı analıqla eyniləşdirir. "Ana əli dəymiş kimi” ifadəsinin qadınların mətbəxdə keçirdikləri zamanı acizcəsinə qəbul etmələrində ciddi payı var. "Yaxşı ana olmaq” yalanı qadınlar arasında bir rəqabət yaratmaqla yanaşı, "yaxşı ana olmaq” üçün verilən əməyi də duyğular vasitəsilə istismar edir. Analığın müqəddəsləşdirilməsi adı altında daha çox qadın əməyinin təmin etdiyi rahatlıq təriflənir. Ucaldılan təkcə ana olmaq deyil, "özünü övladlarına həsr etmiş” ana imicidir. Beləliklə, ana kəliməsinin izahı ailənin, ərin, vətənin, ya da millətin var olması üçün mövcud olan bir varlığı ifadə edir. İntensiv analıq məfhumu analığın uşaq mərkəzli dərin duyğusallıq və zaman tələb edən bir fəaliyyət olduğu fikrini önə sürür. Daima məşğul ana başqalarının baxımı üçün özünü fəda edən, öz ehtiyac və maraqlarını görməzdən gələn bir şəxsdir. Bu da günümzdə orta sinif anaları arasında populyar olan və dəyərli bir hal alan "tam zamanlı analıq”da bütünləşir. Beləliklə, "analıq” dəyərə mindiyi halda, ana olmamaq da dəyərsizləşməkdədir. 

Bu gün özünü övladlarının təhsilinə, bütün boş vaxtını onları məmnun etməyə və "dəyərli vaxt” keçirməyə  həsr etmiş bir analıq modeli ideallaşdırılır. Elmi izahda ananın uşağıyla "təbii bir bağ”ı olduğunu və böyük bir məmnunluq içində uşağının qayğısına qaldığı deyilir. Analıq öyrənilmir, instintktiv olaraq ataların istəsələr də  ananın yerini tuta bilməyəcəyi nəticəsinə gəlinir. Bu səbəblə təhsil almış və iş həyatında olsalar da doğum səbəbilə karyeralarını tərk etmək fədakarlığı qadının üzərinə düşməkdədir. Uşaqlarda ortaya çıxan bir çox xoşagəlməz vəziyyət (sağlamlıq problemləri, psixi sağlamlıq və s.) anaların diqqətsizliyi və uşaqlara kifayət qədər vaxt ayıra bilməməsi ilə əlaqələndirilir. Digər tərəfdən gəliri az olanlar üçün belə bir seçim olmamasının ortaya çıxardığı vəziyyət də öz özlüyündə bir analiz sahəsi olaraq gözdən qaçırılmamalıdır. "Analıq sonsuz bir fədakarlıq, əzmkarlıq və əzabkeşlikdir” şüarı qadınların zehnində "yaxşı ana olma”ğa aid şərtlər formalaşdırmaqla yanaşı, könüllü fədakarlıq meylini də yaratmaqdadır. 
 
 

DAVAM  EDƏCƏK ...

Yazdı: Ceylan Akgün
Çevirdi: Xumar Hüseynova
Mənbə: gazeteduvar.com.tr
Qadinkimi.com