Jenny Joseph-in "Xəbərdarlıq” şeiri müasir ingilisdilli ədəbiyyatın ən parlaq nümunələrindəndir. Şeir 1961-ci ildə yazılıb. Yeri gəlmişkən, çoxları məşhur Amerika film studiyası "Columbia Pictures” markasının loqosundakı qadının, yəni "Məşəl Ledisi” nin (Torch Lady) Cenny Joseph olduğunu bilmir.
Onun şeirini "Qadın kimi”nin oxucuları üçün ingiliscədən tərcümə etdim.
Xəbərdarlıq
Qocalanda
bənövşəyi geyəcəyəm
Qırmızı şlyapa ilə
Bir-biriylə uyuşmayan
Mənə heç yaraşmayan.
Və bütün təqaüdümü
Konyaka, yay əlcəklərinə
Və sətin səndəllərə xərcləyəcəyəm
Və deyəcəyəm
Kərəyağına pulumuz yoxdur.
Səkilərdə oturacağam
Yorğun olanda
Və marketlərdə dadımlıq reklam nümunələrinin
Hamısını aşırıb
Həyəcan siqnalına basacağam
Və məhəccərləri
Əsamla danqıldadacağam
Və əvəzini çıxacağam
Gəncliyimdəki ciddiyyətimin.
Yağışda şəpşəplərlə çöldə gəzəcəyəm
Və başqalarının bağından
Çiçəklər dərəcəyəm
Və tüpürmək öyrənəcəyəm.
Sən bacara bilərsən
Qorxunc köynəklər geyib
Daha çox səmirməyi
Və biroturuma üç kilo sosiskanı
Ya da bir həftə boyu ancaq turşu xiyarla yavan çörək yeməyi
Və karandaşları, qələmləri, bakal altlıqlarını
Və xırda-xuruşları qutulara yığmağı.
Ancaq indi
Bizi isti saxlayan paltarımız olmalı
Və kirayə pulları vaxtında ödənməli
Və küçələrdə əsla söyüşlər söyməməli
Və uşaqlar üçün yaxşı örnək olmalı.
Dostları yeməyə çağırmalı
Və qəzetlər oxumalı.
Ancaq bəlkə bir azca
Məşq eliyim indi mən?
Belə olarsa əgər
Məni tanıyan kəslər
Heyrətlə, çaşqınlıqla baxmazlar yəqin mənə
Qəfildən qocalaraq bənövşəyi geyəndə.