Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaz Ülvinin "Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüf əsərləri)” kitabının təqdimatı keçirilib. Tədbirdə Özbəkistan və Əfqanıstan Respublikalarının Azərbaycandakı səfirləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq İnstitutun tarixi və ənənələri haqqında qonaqlara məlumat verib. Özbəkistanla olan əlaqələrdən danışaraq iki nəfər özbək doktorantın Ədəbiyyat İnstitutunda təhsil aldığını bildirib. Əfqanıstan səfirinin ilk dəfə olaraq İnstitutda qonaq olduğunu deyərək, bundan sonra daha sıx əlaqələrin qurulacağını vurğulayıb.
Akademik İnstitutun Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Ülvi Binnətovanın "Sənətkarın elmi pasportu” seriyasında çap olunan "Əlişir Nəvainin əsri və nəsri” kitabının təqdimatını Əlişir Nəvai tədbirlərinin bir parçası adlandırıb. O bildirib ki, "Almaz Ülvi Azərbaycan-Özbəkistan arasında körpülərin möhkəmləndirilməsində böyük əməyi olan ziyalılarımızdan biridir. 20-dən çox kitabı işıq üzü görən Almaz Ülvinin bu kitabı Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Əlişir Nəvainin şeirləri daha çox araşdırılıb. Almaz xanım ilk dəfə olaraq onun nəsrini ətraflı şəkildə tədqiq edib”.
Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov çıxış edərək bildirib ki, "böyük mütəfəkkir şairimiz, dövlət xadimi Əlişir Nəvai Azərbaycanda böyük diqqət və qayğı ilə tədqiq edilir. Buna görə qardaş Azərbaycana təşəkkür edirik. AMEA Ədəbiyyat İnstitutunda Əlişir Nəvai mərkəzi yaradılıb. Bu dəstək üçün həm akademik İsa Həbibbəyliyə, həm də professor Almaz Ülviyə minnətdarlıq edirik”.
Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun da təqdimatda çıxış edib. O qeyd edib ki, "mən 13 noyabrda Azərbaycana gəldim. Bu tarix Azərbaycanın 28 illik işğal tarixinin yekununa təsadüf edir. Biz əfqan xalqı olaraq həmin qələbəyə çox sevindik. Keçən ay da sizlərlə birlikdə konfranslara qatılmaqdan məmnun oldum. Təqdimatına toplaşdığımız bu kitab əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Almaz Ülvi kitabı ərsəyə gətirmək üçün Əfqanıstana da gedib araşdırmalar aparıb”.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək deyib ki, böyük türk dahisinə həsr edilmiş kitabın təqdimatındayıq. Bu kitab ədəbiyyatşünaslığımız üçün böyük hadisədir. Əlişir Nəvainin 32 əsəri var. Onlardan on altısı nəzmlə, on altısı nəsrlə yazılıb. Bu kitab onun nəsrini əhatəli şəkildə öyrənib.
Tədbirə Özbəkistandan və Türkiyədən olan bir sıra alimlər onlayn qatılıblar. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirojiddinov, Türkiyəli professor Tanju Seyhan, Səmərqənd Dövlət Xarici Dillər Unuversitetinin Yaxın Şərq dilləri kafedrasının professoru Diloram Salahi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Özbəkistan EA Özbək dili, ədəbiyyatı və folklor İnstitutunun aparıcı elmi işçisi Maqsud Əsədov, "Əlişir Nəvai Fondu”nun rəhbəri Uluqbəy Səttarov təqdimatı keçirilən kitabla bağlı müxtəlif mövzularda məruzə ediblər.
Azərbaycanlı alimlərdən filologiya elmləri doktorları Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi Yaşar Qasımbəyli və Füzulişünaslıq şöbəsinin müdiri Ataəmi Mirzəyev də kitab haqqında məruzə ilə çıxış ediblər. Sonda müəllif, İnstitutun Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi çıxış edərək təqdimatın gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi