YAZI / DÜŞÜNCƏ, EV / ÇÖL
Düşünün: ailə bir dövlətdir?!... Tarix : 20 Sentyabr 2020, 09:17

Dövləti ailə kimi düşünün... 

Bir ailə ki, ailə başçısının yaxşı işi, gəliri var. Amma o, oğlunun, qızının gələcəyi üçün gün ağlamayıb.

Bir ailə düşünün, evdə bir çox maddi problemlər həllini tapmayıb, amma ailə başçısı, evin kişisi qıraqda, restoranlarda yaxşı oğlan, yaxşı kişi obrazına girib "şot”lar verir, restoranlar bağlatdırır, yeyib-içmək məclisi açdırır. Əsas odur süfrədəkilər "filankəs yaxşı kişidir” deyir. Hər sağlıqda onun şəninə xoş sözlər deyilir. Sağlıqların verdiyi mənəvi tətminlik eqosu ailəsinin yol gözləntisini, sevgi özləməni, qayğısını ona unutdurur. Evdə nə çətinlik olur, olsun. Əsas odur bu obraz onu sevdirdir. Sondasa qınamalı bir sığorta var, ailəm məni anlamır. Elə olmasaydı, bəs, şənimə başqaları niyə bu qədər xoş söz, sağlıqlar desin?!

Bir ailə düşünün, evin xanımı illərdir eyni paltarı geyinir, bəlkə ətir üzünə həsrət, bir dəfə güllə mükafatlandırılmayıb. Amma evin kişisi yad xanımların ad günlərini belə unutmur, onların doğum günlərini, önəmli günlərini restoranlarda keçirdir və onlara bahalı hədiyyələr alır.

Bir ailə düşünün, evdə uşaqlar çox vaxt ət üzünə həsrət, amma evin kişisi gəlirinin çox hissəsini başqalarına kabab məclisləri açır. 

Uşaqlarının cibində bir qəpik pul yox, amma o, başqalarının cibinə şirinlik qoyur.

Bir ailə düşünün, evdə xanımını döyür, qıraqda qadın haqlarından danışır, centelmenlik edir, müasir kişi olur.

Uşaqlarının qayğısına qalmır, amma kənarda özünü uşaq, körpə qəlbli göstərir.

...və bir də bir ailə düşünün. Evin kişisinin rahat işi yox, heç gəliri də. Amma özünü oda-közə atır. Bir növ geyməyib geyindirir. Yeməyib yedirdir ailəsini.

Çörək üçün vurnuxan əllərinin qabarı uşaqlarının oyuncağıdır.

Çox dostu da yoxdu. "Dost” məclisində verilən hesablar boğazından keçmir. Sağlıqlar isə onun ruhunu didir. 

Paltarının yamağını, köhnəliyini məclislərdən, uşaqlarından gizlətməkdir onun hər oyunu.

Ən böyük sağlığı övladının təhsili, gündəlikdə yazılan qiymətlərdir. 

Xanımının yanaqlarına toxunan qabarlı əllər onun gülləri, nə yaxşı varsan-sağoludur.

Başqaları tərəfindən qaba, centelmenlikdən xəbəri olmayan-deyilən biridir.

Amma o, özgə xanımlarının təbrik "hacısı”, evdən kənarda qadın haqları carşısı deyil...

Bu ailələr kimi dövlətlər var. Ailələrə baxıb dövlətləri görün və ya dövlətlərə baxıb ailələri görün...

 

 

Emin Piri

 

 

qadinkimi.com