Ağıl kəsdiyindən
Tarix : 03 Mart 2026, 16:52 Hər dəfə ilimiz gəlib Novruz məqamına yetəndə dünyanın rəng-rufu gözgörəsi dəyişir. Atalar deyir: daş həmin daşdı, zaman dəyişib, Belədə zaman atlıdı, qanadlıdı, hərnədisə dünyanın beli uzunu çapıb, bax bu günümüzə yetəndə dağların, düzlərin, çayların, irmaqların suyu şirinləşib bala dönür. Saflığında fal aşkarlanır, düyün açılır, mətləblər murada yetir.
Hər dəfə ilimiz gəlib bu məqama yetişəndə bilməzsən sudu-axdı, bilməzsən otdu-göyərdi, bir onu görərsən el-camaat yaşılın çıxarıb al geyindi, qaradan-pasdan arındı, yasın gizlədi, şadlığa səslədi, yeddi yerdən göz açdı, dil açdı, dilək dilədi. Müsafirlər gəlib belə gördülər, səyyahlar gəlib belə yazdılar illərə əmanət qoyub getdilər. Di gəl səyyahlar yazanı, alimlər yazanı xalq illərnən, qərinələrnən nə oxuyar oldu, nə eşidər. Sudandımı, havadandımı, qandandımı nədəndisə hər dəfə ilimiz gəlib bu məqama yetişəndə, gecəylə gündüz bərabərləşəndə, yazın görüş, qışın ayrılıq çağı dünyanın rəng-rufu kimi insanlar da dəyişir, mehriban olur, şadlıq keçirir, yaxşıya alqış, ağrı-yamana qarğış deyirlər.
Bina-qədimdən bizim ellərin yazı yaraşıq hesab olunur. Atalar ilin dörd cəhətini tanıyıb: yaz, yay, payız, qış. Yaz bitirir, yay yetirir, payız yığıb gətirir, qış vurub dağıdır. Yaza pənah gətirən insanlar gör nə deyiblər: "Yaz qışdan bəlli olar, qış yazdan. Yaz ilə qışa ağıl neyləsin? Yaz getdi qış gəldi, vay titrəmək dərdi. Yazda çalan qışda oynar. Yazda gəzən qışda dözər. Tələsmə, yz olar yonca bitər. Yaza çıxan mal-davarın yiyəsindən minnət olmaz…”
Qar çiçəyi
Yazın gəldim xəbərini qar çiçəyi yetirər. Birinci görüşü çobanlara verər bu çiçək. Qışdan bezara qalmış çoban göy üzü açılan kimi yetirər özünü köhnə örüş yerlərinə. Görər, ayə, yamacın ala-talasında bir çiçək üşərgiyir. Çomağını daşlara çırpıb sındırar ki, qadam, yaz gəlib!
Bu çiçək yazın ilkindən xəbəri olar, özü güneydə bitər. Elə ki, yaz günəşi çıxıb yamacların quluncunu qırdı, bir də görərsən qarın ala-tala yerindən bu çiçək boy göstərir. Oyanmış anamız torpağın yaz nəfəsidi, "Novruz”un gəldim xəbəridi. Heyif ki, ömrü az olar qar çiçəyinin, qəfil bitgisiylə, qəfil itgisi, bir neçə gün çəkər, di gəl xətri yaddaşlarda Novruzgülüylə, bənövşəylə bir yaşayır.
Yaz gəlib xəbərin el-camaat bir də nədən bilər: gecələrin bir ömrü qısalmasından, gündüzlərin bir şam işığı artmasından, havaların ilıqlanmasından, çayların bulanmasından, budaqların düymələnməsindən…camaatın rəmmallığıdı ki, axır çərşənbə ötüşər-ötüşməz havaların eyni nişanlı qızın bət-bənizinə dönər. Xumarlıq-xuramanlıq yağar çöl-bayırdan. Bəs, bu gözəl günləri arzulamazlarmı, gözdəməzlərmi? İllərin, əsrlərin sınağında xalqımıza əyan olub ki, yaznan qışın döyüşü qışın axır ayına, yəni boz aya düşür.

Boz ay
Rəvayətə görə qədim zamanlarda aylar yoxuymuş, bu səbəbdən də ilin günləri qat-qarış düşüb camaatı çaşdırırmış. Belədə ilin günlərini bölürlər aylara. Hər aya otuz iki gün qalır, amma "Boz ay”a on dördü. Boz ay küsür ki, bu nə təhər olur, hamıya çox, amma mənim payımasa az düşür? Görürlər ki, inciyir, hərədən bir gün alıb verirlər boz aya ki, xətri qalmasın, olur iyirmi beş gün. Bu səfər də razı qalmayanda o biri aylar deyir ki, elə özümüzdə də azdı, sənə nə verək?
Ayların bir yarısı isə bir günündən də keçir, axır ki, Boz ayın iyirmi səkkiz, iyirmi doqquz günü olur, başlayır özüçün dövranını sürməyə.
Məsələ burasındadır ki, Boz ay günləri o biri aylardan aldığına görə biri payızı, biri qışı, bir başqasısa yazı xatırladır. Biri gün deyəndə o biri şaxta deyir. Onçu da məsəldi ki, "Boz ay”a etibar yoxdu. Boz ay ən nibətli, nəs, qaşqabaqlı, çiskinli-qaramatlı olduğundan belə hesab eləyiblər ki, həmin ayın qəzəbindən qorunmaq gərəkdi. Bundan ötrü də boz ayı cəmələrə, yəni həftələrə bölüblər. Cəmələrə ad da seçiblər: ab, atəş, xak, bad. Həftələrin tamamı çərşənbə günlərində qeyd olunub. Yerindən asılı çərşənbələri tək, cüt, kül, gül, çərşənbə də çağırıblar. Söz yox, bu deyilişlərin ayrı-ayrılıqda yozumu var. Xalq ağır hesab elədiyi boz ayı xoşluqnan ötürmək üçün çərşənbələri toylu-düyünlü, urf-adətli, yar-yaraşıqlı keçirməyi məsləhət bilib. İnanışa görə axır çərşənbə günündə sular təzələnir deyin gözəllər sənək alıb çeşmə başına getməkdə, aşiqlər də bulaq daşına diz qoyub gözləməkdə, seçməkdə, sonalamaqda:
Çərşənbə günündə çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən
Nazu-qəmzələri qanıma düşdü.
Çərşənbə axşamlarında alagöz ocaqlar ocaqlar çatılanı cavan-comrul səməndərə dönüb od üstündən atılhaatılda! Kimsə də bu dəygini dildən qoymadı, yaddan çıxarmadı: "ağırlığım, uğurluğum hamısı odun üstünə!”
İnama görə bunnan da ilin ağrı-acısı, kin-kidurəti, uğursuzluğu adamın yaxasından əl çəkməli, oda düşüb yanmalıdı. Quba, Dərbənd tərəflərdə axır çərşənbə gecəsi üzərlik yandırırlar ki, yerli camaat arasında üzəriyyə püləmbəri deyənlər də var. Üzərliyi göz qaytarmaqdan, nəzər sındırmaqdan, xatqbalanı uzaq eləməkdən ötrü yandırırlar. Axır çərşənbə günü süfrələrə azı yeddi löyün şirniyyat düzülməli, süfrələr göz doyduran olmalıdı.
Çərşənbə axşamlarında ət, yarma yeməyi bişirmək, qovurğa qovurmaq, yumurta bəzəmək dəbdir. Ocağın bişmişindən qonşu payı göndərmək, köməksizi şadlandırmaq da bu günlərin adına yazılıb. Bu əməlin adına savablıq deyilib. Xalq inanıb ki, bu axşamlarda kasıba, köməksizə verdiyi bir pay nə vaxtsa on qat artıb ocağına qayıdacaq.
"Novruz töhfələri” kitabından
Müəlliflər: Ağalar Mirzə, İntiqam MehdiyevSayt üçün hazırladı: Günel Dəniz