YAZI / DÜŞÜNCƏ
Ah, Allahsız cocuq... Tarix : 17 Dekabr 2019, 12:00
Yazar : Qadinkimi.com
Həyətə girən kimi əyri-üyrü nazik dəmirlərdən düzəlmiş, anbar, ya da hin qapısına bənzəyən qapıya yox, nisbətən səliqəli, qarşısı süpürülüb su çilənmiş olan qapıya yönəldim. Amma üzündə məsum uşaq təbəssümündən daha cox xarab mallar sırımaqda mahir, daima qarşısındakı insanın zəif tərəfini axtaran tacir nəzərləri olan oğlan məni digər qapıya yönəltdi: 

- Bura, məllim, bur... 
- Bəs bu? 
Bu sual deyildi... 
Bu, it - pişikdən, toyuq-cücədən qorunmaq üçün nəzərdə tutulmuş bir qapının ev qapısı ola biləcəyini düşünə biləcək qədər gücü olmayan bir şaşqının mızıltısı idi deyə oğlan bic-bic gülüb: 
- Ay məlllim, o qonşunun evidir. 
Onun bildiyini mənim bilməməyim ona ləzzət eləmişdi.. 
- Aaa, o niyə bizim evimiz olur ki? 

Adama qıcıq verən bir gülüşlə gülür. Və məni qonşunun evinə buraxmamaqda bir məqsədinin olmasını ciddi-cəhdlə gizlətməyə çalışır. Qapını itələyib açır. Qarşımdakı mənzərə məni bataqlıq üzərindən keçəcəyəmmiş kimi heyrətləndirir. Niyə, nə üçün, hansı məqsədlə hara daxil olduğumu kəsdirmədən içəri keçirəm. Dar - daracıq olduğu qədər də səliqəsiz və pinti bir məkan... Sağ tərəfdəki də yataq otağıdır... Otaq deyəndə ki, bir çarpayı və bir dolabı tutacaq qədər sahəsi olan bir oyuq... Bu məkanda yoxsulluğun bütün növləri vardı. Həm maddi, həm də mənəvi... Burada şərait yox idi, səliqə yox idi, planlaşdıırma, qaydalaşdırma, azacıq da olsa, çəki-düzən, dərs oxumaq, oyun oynamaq, ən azından rahatca əyləşmək üçün yer belə yoxdu. Havanın dəyişməsi, gün işığının düşməsi üçün pəncərə belə yoxdu... Burda hava yoxdu, su yoxdu (həyətdəki kranlardan istifadə edirlər). Burda insan üçün nəzərdə tutulmuş davranış qaydalarının ən minimumu üçün belə şərait yoxdu. Odur ki, doğruçuluq, dürüstlük, ədəb - ərkan da yoxdu. Bura Tenardyelərin meyxanasından qorxunc, Piri kişinin, Tom dayının daxmasından yoxsul və acınacaqlıdır. Və ən dəhşətlisi odir ki, burada dörd körpə böyüməyə məhkumdur (kasıb heç nəyi olmasa da, uşaqdan bol olar). Bu qocalmış cocuğun üzündəki saxta tüccar təbəssümünün, qorxmadan ALLAHa yalandan and içməsinin, öz məqsədinə çatmaq üçün istifadə etdiyi üsul və priyomların, etdiyi günahlardan ciddi - cəhdlə yaxa qurtarmaq istəməsinin tamamilə qeyri-səmimi olmasının səbəbini mən indi dərk elədim. Ah, cocuq, sən Kozettadan da, Tom Soyerdən də bədbəxtsən! Bu bədbəxt bədii obrazların həyatını təhlil edəndə gözlərinin içində qaynaşan o çoxbilmiş qığılcımların səbəbi nə qədər ürək parçalayandır... Sən bu azacıq ömründə yoxsulluğun hər üzünü görmüsən-pul, çörək, meyvə, hava, su, istilik, qayğı, sevgi, oyun, oxuyub - yazmaq üçün yer, rahat məfəs almaq üçün baca, rahat yatmaq üçün yataq, tərbiyə, əxlaq, qayda -qanun, vicdan öyrənmək üçün şərait... Ah, cocuq, sənin üzündəki o mahir tüccar təbəssümü bataqlıq çiçəyinin qönçəsinə bənzəyir. Sən insanı özündə batırmağa haqlısan. O bataqlığı başqaları yaradıb, sən orada bitdiyin üçün günahkar deyilsən! Sənin yaşadığın mühit ALLAHın nəzərindən iraqdı. Odur ki, orda ALLAH xofu yoxdur. Ah, ALLAHsız cocuq, ALLAHın nəzərində ol, ALLAHın kölgəsi düşsün üstünə. Sonda opponentlərimə demək istəyirəm ki, insan aclıqdan da ölür, toxluqdan da…


Xatirə Rəhimbəyli
qadinkimi.com