Amerikalı pedaqoq Mirtilla Miner irqçilik əleyhdarı olan bir qadın idi. O, ABŞ-da hər cür irqçi qanun, cəza və hücumlara sinə gərərək Afro-amerikalı qızlar üçün özəl məktəb və universitet açdırır. 1815-ci il Mart ayının 4-ü Nyu York yaxınlığındakı Brukfilddə doğulan Mirtilla Miner pedaqoji təhsilini bitirdikdən sonra Afro-amerikalı qızlar üçün dərs verməyə başlayır. Amma bu fəaliyyət üçün lazım olan icazəni ala bilmir. 1851-ci ildə Vaşinqtonda qaradərili qız uşaqları üçün bir məktəb açır.
Məktəbin açıldığı dövrdə ABŞ-da irqçilik və köləliyə qanuni olaraq icazə verilirdi. Minerin fəaliyyəti isə bu qanunlara qarşı idi. Məktəbə verilən dəstək başlanğıcda 6 nəfərdən ibarət olsa da, qısa müddətdə bu rəqəm 40-a yüksəlir. Məktəb hegemonların hər cür təzyiqinə rəğmən fəaliyyətini daha da genişləndirir.
Miner Normal School, 1-ci sinif şagirdləri, 1910-cu il
Ona böyük məbləğdə pul cəzaları verilsə də, dəstəkçiləri sayəsində bu əngəlin də öhdəsindən gələ bilir. İlk iki ildə üç dəfə məktəbin yerini dəyişdirmək məcburiyyətində qalır. 1854-cü ildə şəhərdən uzaqda 1,2 hektarlıq bir sahəyə köçür. 1856-cı ildə isə məktəb köləlik əleyhdarlarından ibarət olan bir şura tərəfindən idarə edilməyə başlanır.
Məktəb rəsmi olaraq qaradərili qadın və qız uşaqlarına ev işlərini öyrətmək məqsədilə qurulsa da, əsas hədəf Afro-Amerikalı qadınların müəllimə kimi yetişdirilməsi idi.
Vətəndaş müharibəsi zamanı məktəb bağlanır, daha sonra isə Kolumbiya Universitetinin bir bölümü olaraq yenidən açılır. Məktəbin idarəçiliyini öhdəsinə götürən Miner sağlamlıq problemlərinə görə 1857-ci ildə bu vəzifəni Emili Houlanda buraxır. 1861-ci ildə Miner müalicə üçün Kaliforniyaya yollanır. 1864-cü ilin 14 dekabrında Vaşinqtona geri döndükdən sonra həyatını itirir.
Mirtilla Miner ABŞ-da köləliyin normal qəbul edildiyi, qaraların kölə bazarlarında alınıb satıldığı, heyvan münasibəti gördüyü dövrdə yaşayıb mübarizə aparıb. O, Afrikadan gətirilən kölələrin, əsasən də kölə qadın və qız uşaqlarının bərabər haqlara sahib olması, təhsil alması, müəllimə kimi çalışa bilməsi üçün verdiyi mübarizəsi ilə tarixdə unudulmaması gərəkən qadınlardan biridir.