Biz bizi sevməyən ədəbiyyatı yaratdıq.Yəni biz qarşılıqsız sevdik ədəbiyyatı.Təmənnasız sevdik. Ədəbiyyatın qapısına nəinki təltif və tərifləri üçün, hətta əli-qolu zəncirli getdik, Məcnunu olduq.Üzümüzə gülümsəyən, ömrümüzün ən susuz anlarında, günlərin ən qızmar səhrasında adımızı tutan ədəbiyyata şübhəylə yanaşdıq, inanmadıq, inana bilmədik illərlə bizi dışlayan ədəbiyyata,”get ,ey Leyli, sən o Leyli deyilsən” dedik. Bu bəzən adı Leyliyə sevgidən Leyla olanların "poddelka”ədəbiyyatçılığına etiraz oldu, onların boğazdan yuxarı sevgiləri içərisində boğulan ilahi sevginin xilası üçün göstərilən cəhd oldu, bəzən də illərlə bizi özündən uzaq tutan ədəbiyyata naz edən uşaq şıltaqlığı…
Biz bizi sevməyən ədəbiyyatı yaratdıq. Bu alıcısı olmayan xalq sənətkarlıq nümunəsi yaradan ustanın babadanqalma peşəsinə təmənnasız sevgidən doğan işgüzarliği idi. Milli özünəməxsusluğu özünəsadiqlik qəlibində qoruyub saxlamaq cəhdi idi. Bu gözə girmək, gözə görünərək gəlir əldə etmək üçün öz möhtəşəm sütunlarını əridib özgə ruhların qurduğu qəlibə axanlara etiraz idi, üsyan idi. İri pəncəli, sivri dişli kapitalizmin çəkib-çevirib bir-birinə qatdığı, böyük bir qazanda qarışdıraraq milli düşüncələrin ətrini, rayihəsini, tərkibini-keyfiyyətini itirərək əcaib-qəraib bir təam halına salmasına öz kiçik çomağı ilə döyüşə çıxmaq cəsurluğu idi.”Nə olar, nə olmaz, kiçicik bir çomağın içində ilahi bir sehr saxlı olur bəzən” sadəlövhlüyü, ümidi idi, eyni zamanda”hər zaman bir aşıqın dövranıdır”- deyərək dərin-dərin sənduqələrdə tarixin daş yaddaşında gizli qalmaq, gələcəyin "fərqli dad axtaran” hansısa maraqlısının qulağına layla kimi hopmaq arzusu idi.
Biz bizi sevməyən ədəbiyyata bağlandıq və bu ögey anamızın hər şıltaqlığına dözdük, amma ürəyimizdə gizli qalan öz ana sevgimizə sadiq qaldıq…
Biz nə gənc ədib olduq, nə tanınmış orta nəsil.”Hələ çox cavansan”la "vaxtı keşib”düşüncəsinə”elin ağzını bağlamaq olmaz”təmkini ilə yanaşıb sevdik ədəbiyyatı.
Biz gəncliyi ilə arasından İrəvan, Zəngəzur…,Topxana, Sumqayıt, Xocalı…bütövlükdə bir Qarabağ keçən, bütün bunlara görə öz halal insani duyğularından utanan bir ədəbiyyat yaratdıq.”Sevgi şairi”epitetini bir ironiya kimi qəbul edən, bütün enerjisini QƏLƏBƏ şeiri yazacağı günə saxlaya-saxlaya öləziyən, ürəyini didən bütün acılara sapsarı bir həsrət donu geyindirən ömrün ən gözəl günlərini də əsrlərdən utana-utana yaşayan və bütün bu qarışıq duyğuların diqtə etdiyi bulanıq bir ədəbiyyatı yaratdıq. Qəlibi söz olan ürəyə başqa məşğuliyyətləri zorla pərçim edib acı çəkən başımız üstündə cövlan edən ilham pərisinin qarşısında əli boş, üzü qara xəcaləti çəkən,”nəyi deyim, necə deyim, kimə deyim”duaları ilə yalvaran bir ədəbiyyat yaratdıq.”Ədalətin özünü əlindəki nizəyə keçirilmiş körpə nəşi görən heyrətimiz əslində ədəbiyyatın dumanlı bir örtü olduğunu görüb ürəyini tutdu. Əslində ədəbiyyat ağrıkəsici dərmanmış deyib susduq. Biz ədəbiyyatın bizi sevmədiyini dərk edib susduq…
Xatirə Rəhimbəyli
Mənbə: müstəqil.az
qadinkimi.com