FEMİNİZM
8 mart əslində necə qeyd olunmalıdır? – Feministlər izah edir! Tarix : 08 Mart 2020, 10:32
Yazar : Qadinkimi.com

8 Mart Beynəlxalq Qadınlar günü 30-a yaxın ölkədə rəsmi bayram kimi qeyd olunur. Rəsmi bayram olmayan ölkələrdə də bu gün Qadınlar günü kimi tanınır və bu tarixə həsr olunan tədbirlər, aksiyalar təşkil olunur.


Azərbaycanda da 8 mart rəsmi bayram kimi qeyd olunsa da qadın hüquqları fəalları bu günün qeyd olunması məqsədilə təşkil olunan tədbir, aksiya və bəzi kampaniyalardan razı deyil. Bu aksiyaların bir qisminin 8 martın tarixi mahiyyətinə uyğun olmadığını hesab edir.


8 Martın əsas məqsədi nədir? Bu gün əslində necə qeyd olunmalıdır? Niyə "Qadın güldür, çiçəkdir” yox, "Qadın qadındır” deyilir? Mikroskopun suallarının hər birini bir feminist fəal cavablandırıb. Onlar Rəbiyyə Məmmədova, Vəfa Nağı, Həmidə Qiyasbəyli və Selcan Yağmurdur.



1. 8 martın əsl məqsədi, mövcud olma səbəbi nədir?



Rəbiyyə Məmmədova 16 fevralda baş tutan aksiyada seçkilərin nəticələrinin ləğvini tələb edir. Foto: Ehtiram Jabi



8 martın tarixçəsi ilə bağlı versiyalar müxtəlifdir və bunların arasında ən qeyd olunan tarixçə 1908-ci ildə ABŞ-ın Nyu York şəhərində keçirilən aksiyadır. Bu aksiyada qadınlar daha az iş saatı, daha çox əmək haqqı kimi tələblər irəli sürürdülər.


Bu günün əsası hesab olunan digər tarixçə isə daha bir aksiya ilə bağlıdır. 1857-ci il martın 8-də Nyu Yorkda tekstil fabrikində işləyən qadınlar etiraz edir. Etirazçılara hücum edən polis fabrikin qapısını bağlayır və daha sonra baş verən yanğında 120 qadın işçi yanaraq həlak olur.


"Qadınlar günü” təklifini isə Almaniya Sosial Demokrat Partiyasının nümayəndəsi Klara Setkin irəli sürüb. 1910-cu ilin avqustunda Beynəlxalq Sosialist Qadınlar Konfransında çıxışında bu təklifi irəli sürüb.


1930-cu illərə qədər bu gün "Dünya İşçi Qadınlar Günü”, bu tarixdən sonra isə "Dünya Qadınlar Günü” kimi qeyd olunmağa başlayıb.


Hazırda isə 8 mart tarixi köklərindən uzaqlaşaraq çiçək, böcək, yumşaq oyuncaq və şokalad gününə çevrilib. Qadınlar bu günü öz tarixi köklərinə qaytarmalı azadlıq, qadın hüquqları, gender bərabərliyinin qorunması uğrunda mübarizə gününə çevirməlidir. Bu günü hansısa gül tüccarlarının bayramına deyil, işci qadınların mübarizə gününə qaytarmaq lazımdır.




2. Niyə "qadın güldür, anadır, bacıdır” və s. adlar lazım deyil?


"Qadın elə qadındır” nə deməkdir?



Selcan Yağmur. Foto: Şəxsi arxiv / Facebook



Əslində insanların "qadın” sözünün istifadəsindən qaçmasının iki səbəbi var. Birinci səbəb, qadının obyektləşdirilməsi ilə bağlıdır. Patriarxat rejim fərqindədir ki, qadınların qarşısında "qadın” adı ilə sədd çəkə bilməyəcək, çünki bioloji cinsiyyətdən başqa bir şey olmayan bu söz, bizi hər hansısa bir hərəkətdən çəkindirə və ya ona sövq edə bilməz. Qadınlar, qadın olduqlarını dərk edəndə, bilirlər ki, onlar istədikləri sahədə işləyə, istədikləri cür oturub-dura, istədikləri cür seçim edə, qərar verə bilərlər.


Məhz buna görə də qadınlıq, kişi fantaziyasının məhsulu olan obrazlarla əlaqələndirilməyə başlanır. "Qadın çiçəkdir”, yəni qadınlığı zərafətin, ürkəkliyin simvolu olmağa səsləyir. "Qadın anadır” uşaq tərbiyəsinin bütün məsuliyyətlərini qadının üstünə yıxıb, bütün "örnək vətəndaş” xüsusiyyətlərini qadına yükləyir. Beləcə siyahı uzanıb gedir, qadın kiminsə qızı, bacısı, anası hər şeyi olur, bircə qadından başqa. Davamlı "kiminsə nəyisə” olaraq böyüyən qızlar da, qadın kimliklərini anlamadan böyüyürlər və ortaya ana, çiçək olmağa məcbur edilmiş bir obraz çıxır.


İkinci səbəb isə qadın sözünün utanc doğurmağıdır. Bu halda da, qadın çevrilir olur "xanım”. Artıq cüt cinsiyyətlər "qadın və kişi”dən, "xanım və kişi”yə çevrilib. Nəyinki qadınlıq unutdurulur, hətta utanc verici kəlmə halına gəlir. Halbuki, "xanım” adlanan cinsiyyət yoxdur, bu sadəcə bir imic növüdür və bütün qadınlar eyni imicə sahib olmaq istəmir. Ən dəhşətlisi də odur ki, bu adamlar "xanım” sözünü mədəni olmaq üçün işlətdiklərini düşünürlər. Nə zaman qadınlıq kobud, nəzakətsiz bir şey oldu ki, biz buna alternativ mədəni bir ad tapmağa çalışırıq? Qısaca, qadınlar ana, çiçək, bacı, xanım, baş tacı, göz nuru, heç bir şey deyillər. Adicə insandırlar. Qadınlar elə qadındırlar.



3. 8 mart qeyd olunanda reallaşdırılan hansı tədbir, aksiya və kampaniyalar bu günün mahiyyətinə uyğun gəlmir?



Vəfa Nağı Bələdiyyə seçkilərində vətəndaşları səs verməyə çağıdır. Foto: Şəxsi arxiv / Facebook



Hər il bu gün gül-çiçək paylanır, ya da polis qadın sürüclərə gül verir. Mağazalarda 8 mart endirimləri olur, xüsusən də kosmetika və ev əşyalarında. Məsələn, mağazalarda "əziz xanımlar, gözəl tavalarda 20% endirim” elanları gözə dəyir. Bu kampaniyaların, aksiyaların ideyası yanlışdır və cəmiyyətə qara informasiya verir. Bunlar qadını çiçək, böcək olması və ev işləri ilə assossiya edir. Qadın ev işləri görməli, gözəl görünməlidir fikri aşılayır.


Hər hansısa yardım ya da endirim kampaniyası, kömək üçün aksiya ilin hər günü edilə bilər. Bunun məhz 8 mart günü və bu formada edilməsi günün mahiyyətindən kənara çıxmaqdır.



4. Hər il 8 martda qadın sürücülərə, ya da qadın süpürgəçilərə güllər hədiyyə edilir.


Bu aksiyalar əslində necə keçirilməlidir?



Həmidə Qiyasbəyli. Foto: Şəxsi arxiv / Facebook

 


Polislərin qadın sürücülərə verdiyi güllər 2 günə solur, yollarda və ya iş başında hörmət qazandırmır, süpürgəçi qadınlara verdiyi hədiyyələr isə onları avtomobilləri ilə vəhşicəsinə vurub öldürən vətəndaşlardan qorumur. Ölkəmizdə qadın femisidlərinə (cinsiyyətə əsaslanan nifrət cinayəti) struktural səviyyədə göz yumulur və gözdən salınır. Bu aksiyalar bu gün yerli kontekstə və dövrə uyğun təşkil olunmalıdır. Bu gün Azərbaycanda qadın ölümləri və qadınların zorlaması ən qadağan olunmuş mövzulardır.


Misal üçün hazırda olduğum Braziliyanın Rio de Janeyro şəhərində 8 Mart günündə Çili etirazlarında məhşurlaşan feminist himn və rəqsi – "El violador eres tu” (Təcavüzkar sənsən) nümayiş olunacaq. Böyük kütlə, etirazçıların nümayiş etdirəcəyi həmin akt nəinki Cənubi və Mərkəzi Amerika ölkərində, həmçinin bir sıra Avropa ölkələrində opressiv patrialxal strukturun qadını qınama və günahlandırmaya qarşı yaradıcı feminist manifesti kimi göstərilib. Növbəti gün isə Marş təşkil olunur və tədbirlərin ikisi də şəhərin mərkəzində polis müdaxiləsi olmadan baş verir. Həmin gün mən yoldaş qadınların sıralarında olacam.


Mənbə: mikroskopmedia.com

qadinkimi.az