Bu dəfəki həmsöhbətim Quba rayonunun İkinci Nügədi kənd sakini, sahibkar Nuriyyə Abdullayevadır.
1954-cü ildə Quba rayonunda dünyaya gəlib. Orta məktəbi əla qiymətlərlə bitirən qəhrəmanımız sürücü olmaq qərarına gəlir. Bu peşəyə marağı "Əhməd haradadır?” filmindəki Nərgiz xalaya baxanda yaranıb. Amma sən saydığını say, gör fələk nə sayır. Atası Şamil kişi qızının sürücü olmasını istəmir. Bir neçə aydan sonra Nuriyyə xanım atasını razı salmağı bacarır. Amma Şamil kişi qızının qarşısında şərt qoyur. "Əgər sənin haqqında xoşagəlməz nə isə eşitsəm, övladlıqdan çıxararam.” Ardını xanımın dilindən oxuyun.
Nuriyyə xanım bildiyim qədər Bakıya gedəndə sizə sadəcə yol xərci verilmişdi. Niyə?
Çünki atam elə bilirdi ki, mənə pul verməsə getməyəcəm. Fikrimdən dönəcəm. Amma mənə də Nuriyyə deyərlər. Qarşıma məqsəd qoymuşdum. Mən o məqsədə xəyanət edə bilməzdim. Gedib qohumlarımdan borc pul aldım getdim Bakıya. Gündüzlər "avtoşkola”da oxudum, gecələr zavodda fəhlə işlədim. Altı aylıq kurs bitəndən sonra sürücülük vəsiqəsi aldım, elə işlədiyim zavodun mudirinin sürücüsü oldum. İşlərim yağ kimi gedən bir vaxtda anam Qubaya gəlməsən sənə südümü halal eləmərəm dedi. Yığışıb getdim kəndə.
Avtomobiliniz var idi?
Ay qurban olum sənə, maşın nə gəzir? (gülür) Atam rəhmətə getmişdi. Anam tək idi. Dedim "O qədər dirəndin gəl, gəl, gəldim. İndi imkan ver heç olmasa burada işləyim". Heç nə demədi. Gedib "ZİL 130" markalı avtomobil sürməyə başladım. İki il işləyəndən sonra taksi sürücüsü oldum. İnanırsız, hər il 8 martda mənə yeni avtomobil hədiyyə edirdilər. Keçən il verdiklərini digər iş yoldaşıma verirdilər.
Quba rayonunda ilk avtomobil sürən xanımlardan olmusuz. Reaksiyalar necə idi?
İnanırsan, Əvəz, hansı küçədən keçirdimsə, qadınlar hamısı tamaşama çıxırdı. İndi maşın sürən Nuriyyə buradan keçəcək. Onlar elə həsədlə baxırdılar ki, özümə ləzzət edirdi. Mən işə gedəndə hər evin pəncərəsi işini, yeməyini yarımçıq qoyub mənə baxan xanımlarla dolu olurdu.
Bəs kişilər?
Əksəriyyəti kömək edirdi. Mən maşını yolun kənarına verənə qədər kimsə maşınını saxlayırdı. Gəlirdi ki "xanım nə kömək lazımdır?" Amma bəziləri yol vermirdi, sıxışdırıdı. Güclü qadınam elə idarə edirdim ki, kimsə mənə mane ola bilməsin. Mən Riqadan (Latviyanın paytaxtı) maşın alıb Qubaya gətirən xanım olmuşam. Yolda kim çətinlik törədə bilərdi mənə? (gülür).
Sizə avtoş Nuriyyə deyəndə xətrinizə dəyir?
Niyə xətrimə dəysin ki? Cavanlıqda avtoşluq eləmişəm də. Olanı deyirlər. Haradasa on, on beş insan dayananda gedib yanlarında maşını ikitəkər qaldırırdım, məni alqışlayırdılar. Amma indi eləmərəm. O hərəkəti edən cavanlara demək istəyirəm ki, həyatınızı təhlükəyə atmayın.
İndi nə işlə məşğulsunuz?
İndi sahibkaram. Quba-Nügədi marşrut xəttində öz şəxsi avtomobillərim fəaliyyət göstərir. Dörd işçim var.
Son olaraq avtomobil idarə edən xanımlara nə demək istəyirsiz?
Ay Əvəz, yaxşı avtomobil idarə edən xanıma canım qurban. Yolda görürəm hansısa xanım avtomobili yaxşı idarə etmir, barmağımı dişləyirəm ki, həə, bu xanım zəhmət çəkib maşın almayıb. Məsuliyyət hiss eləmir. Özünün, başqasının həyatını təhlükəyə atır.
Çox saq olun vaxtınızı ayırıb həmsöhbət olduğunuz üçün.
Siz saq olun. Sənə və saytınıza uğurlar arzu edirəm.
Əvəz Qubatov
qadinkimi.com