Qurban məbədində balaca bir bürünc güzgüm vardı, ordakı əksim azca parıldayırdı. Fil sümüyündən olan darağımda mənim hökmdar simvolum – "qanadlı firon” həkk olunmuşdu”.
5 000 il əvvəl Misirdə firon olduğunu iddia edən Coan Qrant
****
1937-ci ildə briyaniyalı yazıçı Coan Qrantın (1907-1989) "Qanadlı firon” romanı dərc olunur. Əsərin qəhramanı Sekeetanın (Seket-a-Ra - gözəl hökmdar) dilindən nəql edilən hekayətdə birinci hakim sülalə dövründə onun öz qardaşı Neyaha ərə getməsi, firon taxtına onunla ortaq yiyələnməsi; hakim ailəyə məxsus bütün fərdlər kimi hərb sənəti, dövlətçilik, metafizika, ekstrasensor qabiliyyət, ezoterika, reinkarnasiya və karma dərsləri alması; Misirə hücum etmiş şumerlərə vuruşmaq üçün xalqı səfərbər edib döyüş arabasında savaşa yollanması və sair başqa olaylar təsvir edilir. Dərhal bestsellerə çevrilib bir il ərzində 6 dəfə yenidən çap edilmiş bu romanın əslində öz həyat hekayəsi olduğunu Qrant kitabın dərcindən xeyli sonra (1956) - avtobioqrafik "Uzaq yaddaş” kitabında açıqlayır, iddia edir ki, indiyə qədər 40 dəfə reinkarnasiyaya uğrayıb, keçmiş həyatlarının birində qədim Misirdə yaşayıb və psixiatr əri Denis Keslinin icra etdiyi 115 hipnoz seansı vasitəsilə "uzaq yaddaşından” üzə çıxan faktlara əsasən özünün kraliça Merit-Neyt olduğuna inanır.
Bu iddianın doğru, yoxsa yalan olduğunu sübut etməyi mütəxəssislərin öhdəsinə buraxıb? ancaq bunu qeyd etməklə kifayətlənim ki, kitabda Qədim Misir haqqında elmə hələ məlum olmayan, sonrakı illərdə aşkar ediləcək faktlar da yer alıb. Məsələn, Qrant romanda hakim ailənin gümüş əşyalarını təsvir edib, o zaman misirlilərin gümüşdən istifadə etməsi isə 1937-ci ildə hələ elmə məlum deyildi.
****
Kraliça Merit-Neyt qədim Misirin birinci hakim sülaləsi dövründə yaşayıb – təqribən eramızdan əvvəl 3-cü minilliyin əvvəlində, yəni 5 min il əvvəl. O dövrə aid məlumatlar az və mübahisəli olsa da, bir neçə əhəmiyyətli arxeoloji tapıntıya əsasən gəlinən qənaət budur ki, Merit-Neyt tarixə düşmüş ilk qadın hökmdardır.
Az qala dünya yaranandan bərqərar olmuş patriarxal idarəçilik o zamanlar qadınlar üçün hakimiyyət şansı tanımazkən firon taxtına yüksələcək qədər güclü olmuş bu qadın kimiydi? Bu mərtəbəyə necə qalxa bilmişdi? Nə yaxşı ona heç kim mane olmamışdı? Doğrudanmı, 5 min il əvvəl siyasət daha əxlaqlı, kişilər daha ədalətliydilər?
(Düzdür, bir zamanlar – ili-günü bəlli olmayan hansısa uzaq tarixdə, adının baş hərfi belə tarixə düşməmiş hansısa coğrafi məkanda ancaq qadınların söz sahibi olduğu iddiası da var. Amma bu gün bu haqda qeydədəyər bir məlumat olmadığına görə, bilinən tarixdən danışmağa davam edək).
Qədim Misirdə allahın (əvvəllər şahin-allah Horus, sonralar yerin-göyün sahibi Ra allahının) yerdəki davamçısı olmaq ancaq kişilərə verilmiş hüquq idi. 7-dən 77-yə hər kəsin bu cür düşündüyü ölkədə bir qadın ancaq ideal şərtlər daxilində hakimiyyətə yiyələnə bilərdi. Deməli, o ərəfədə fələyin çərxi Merit-Neyt üçün dönmüş olmalıydı ki, ərindən sonra taxta məhz o otura bilmişdi.
Bu qeyri-adi olayın tarixdəki dəlil-sübutuna keçməzdən əvvəl Merit-Neytin sələflərini xatırlayaq.
Narmer (Menes) - birinci hakim sülalənin (e.ə. təqribən 3150-2890-cu illər) ilk fironu. Arxeoloqların böyük əksəriyyətinin qənaətinə görə, vahid Misir dövlətinin banisi (eramızdan əvvəl 32-ci əsrdə Aşağı və Yuxarı Misirin birləşdirilməsi); Hor-Aha (Horus-Aha) - ikinci firon, Merit-Neytin babası; Neyt-Hotep – Hor-Ahanın arvadı və azyaşlı oğlu Cerin regenti; Cer (Hor Cer) – Misirdə sənətkarlığın inkişafı və hərbi yürüşləriylə tanınan üçüncü firon, Merit-Neytin atası; Cet (Uaci) – ticarətdə, incəsənətdə, xüsusilə də rəsm, qrafika və heykəltaraşlıq sahələrində inkişafa nail olmuş dördüncü firon, Merit-Neytin qardaşı və əri. O öləndən sonra oğlu Den taxt-tacın varisi elan edilmiş, yaşca kiçik olduğu üçün anası Merit-Neyt onun regenti elan edilmişdi - təqribən e.ə.2950-ci ildə (Bəzi misirşünaslar hesab edirlər ki, əslində atasından sonra taxta Cet yox, məhz Merit-Neyt çıxıb və ərinin hakimiyyət dönəmi kimi göstərilən tarix əslində onun Misir fironu olduğu illərdir).
Amma Neyt-Hotepdən fərqli olaraq Merit-Neyt sadəcə oğlunun qəyyumu statusunda qalmayıb, hakimiyyətə tam şəkildə sahiblənib. Bu fakt onu həm çox ağıllı, həm də işgüzar zəkaya və tərəfdar qazanmaq bacarığına sahib biri kimi xarakterizə edə bilər.
Merit-Neytin qəyyum yox, məhz firon kimi qəbul edildiyini təsdiqləyən əsas dəlil birinci hakim sülaləyə aid fironlar siyahısında, o cümlədən arxeoloji qazıntılar zamanı tapılmış predmetlərdə onun da adının olmasıdır. Məsələn, o dövrə aid ən ciddi informasiya mənbəyi sayılan Palermo daşında Merit-Neytin adı firon olaraq qeyd edilib (Palermo daşı - qədim Misirdə "Kralların salnamələri” yazılmış daş kitabənin bu günümüzə gəlib çatmış 7 fraqmentindən biri. Kitabədə ilk beş süləlanin fironlarının adı və hər birinin hakimiyyət illərində baş vermiş vacib hadisələr qeyd olunub. İtaliyanın Palermo şəhərindəki arxeologiya muzeyində saxlandığı üçün "Palermo daşı” adlandırılır). Bu, bir qadının hökmdarlığına dair ilk təsdiq olunmuş faktdır və bu fakta əsasən demək olar ki, Merit-Neyt tarixə məlum olan ilk qadın kraliçadır.
Merit-Neytin firon statusunu təsdiq edən daha bir ciddi dəlil onun Abidos yaxınlığındakı qədim Um əl-Qaab nekropolunda əri və oğlunun məzarları arasında yerləşən türbəsidir. Arxeoloqlar türbənin digər fironların məzarlarıyla eyni ölçüdə olmasını Merit-Neytin onlarla eyni status daşıması kimi qiymətləndirirlər.
Bu məzarı 1900-cü ildə məhşur arxeoloq Flinders Perti aşkar edib. Çoxotaqlı saray şəklində tikilmiş, divarları gil kərpiclə hörülmüş türbənin kimə aid olduğu dərhal bilinməsə də, burda bir firon dəfn edildiyi heç kəsdə şübhə doğurmayıb. Çünki ətrafında ən azı 40 məzar (bəzi mənbələrə görə 117 – 41 kişi, 77 qadın məzarı) tapılıb və təxmin edilib ki, onlar firona o biri dünyada da qulluq etmək üçün dəfn edilən xidmətçilərin məzarlarıdır - birinci hakim sülalənin idarəçiliyi dövründə bu, geniş yayılmış praktika olduğuna görə. Eyni zamanda, məzarlıq kompleksinin digər bölümlərində çox sayda qurbanlıq heyvan cəsədi və ümumi sahəsi 19,2m x 16,3m, uzunluğu 17,8 m olan boş çuxur da aşkar edilib. O vaxt belə çuxurlara fironların o dünyada günəş tanrısıyla səyahətə çıxması üçün nəzərdə tutulmuş "günəş qayığı” yerləşdirilirmiş.
Əvvəlcə türbənin hansısa kişi firona aid olduğu güman edilib. Amma orda dəfn edilənin adı bilinəndən sonra məlum olub ki, bu, yanlış qənaətdir, çünki Merit-Neyt ("Neytin sevgilisi”) ancaq qadına verilə biləcək adıydı, ilahə Neyt qadınların və ailələrin qoruyucusu sayılırdı və hakim ailənin qadınları öz adlarının yanına, adətən, onun da adını qoşurdular (Neyt (və ya Nit və ya Net – "var olan”) qədim Misirin ən məşhur ilahələrindən biridir. Müxtəlif dövrlərdə fərqli hipostazlarda təqdim olunub – günəş allahı Ranın anası olaraq hər şeyin başlanğıcını qoymuş ilk allah; yeddi ox və yeddi sözlə günəşi yaradan; pis ruhları qovan; şəfa verən; su ilahəsi; ov və müharibə ilahəsi; əsgərlərin silahlarını qoruyan; ölüləri qoruyan; ölülər üçün kətan sarmanı icad edən və beləliklə də, toxuculuq sənətini və bu işlə məşğul olan qadınları, onların ailələrini qoruyan). Bundan başqa, məzardakı qəbirüstü daşın üstündə də ilahə Neytə aid simvollar (qalxan və iki çarpaz ox) aşkar edilib.
Bir çox firon məzarı kimi, bu türbə də sonralar talan edilib, amma Merit-Neytin hökmdara layiq təmtəraqla dəfn edildiyi məzarın elə o vəziyyətindən də bəlli olub.
Amma Abidosdakı türbə Merit-Neytə aid olan yeganə məzar deyil, çünki o dövrdə fironlar üçün iki türbə inşa edilirdi – birincisi dəfn, ikincisi ibadət yeri kimi. Arxeoloqlar Merit-Neytin ikinci türbəsini Memfis yaxınlığındakı Saqqara fironlar vadisində tapıblar. Türbədəki qazıntılar zamanı üzə çıxan dəlil bu fakta münasibətdə mübahisə yaratmayan kateqoriyadan olub - düzbucaqlı saray fasadına bənzəyən elementin üzərində Merit-Neytin adı aşkar edilib. Ondan daha əvvəl oğlunun regenti olmuş Neyt-Hotepə ancaq dəfn üçün, həm də fironkular qədər böyük olmayan türbənin tikilməsi ilk qadın hökmdar statusunun məhz Merit-Neytə aid olduğunu göstərən dəlillərdən biridir.
Nəhayət, Merit-Neytin fironluğuna aid ən əsaslı dəlil barədə: oğlu Denin (Udimu) türbəsindəki arxeoloji qazıntılar zamanı üzərində "Kraliça ana Merit-Neyt” yazılmış gil möhür tapılıb. Bu fakt 5 min əvvəl yaşamış bir qadının tam səlahiyyətə malik hökmdar olması qənaətini daha da möhkəmləndirir.
Müəllif: Alya Yaqublu
Mənbə: meydan.tv
qadinkimi.com