Dünya səhnəsində gördüyüm dağıntılar içimdəki ağrı ilə səsləşir.
Təhsili, elmi olan ölkələr belə maraqlar toqquşanda dialoq qura bilmir, danışa bilmir.
İnsan övladı oxdan-yaydan ən müasir silahlara qədər gəlib çıxdı.
Minilliklər keçdi, sivilizasiyalar quruldu, texnologiya inkişaf etdi, insan komfort yaratdı, kosmosa uçdu. Amma öldürmək və dağıtmaq meylini dəyişmədi.
Bir tərəfdə İran–İsrail gərginliyi, digər tərəfdə Rusiya–Ukrayna savaşı — biri bitməmiş o biri başlayır.
Dünya fasiləsiz bir qarşıdurma içindədir. İnsanlıq həsrətlə, ümidlə savaşsız zamanı gözləyərkən, top-tüfəng yerini tanklara, raketlərə, dronlara, nüvə başlıqlarına verdi. Dağıtmağın da "ən modni” üsulları icad olundu. Kimin silahı daha yaxşı öldürür yarışı getdi. Zorakılığın tarixinə baxanda bir çox bölgədə savaşların sayının əvvəlki əsrlərlə müqayisədə azaldığını görürsən.
Bu kontekstdə özümə deyirəm: statistika təsəlli ola bilər, ancaq bir günahsız insanın həyatı ilə müqayisəyə sığmır.
İnsan həm yaradır, həm dağıdır. Eyni intellekt həm xəstəliklərə çarə tapır, həm simfoniya yazır, həm də bomba düzəldir. Daha tez öldürməyin yolunu düşünür. Dövlətlər silahı təhlükəsizlik qarantı kimi görür, hamı silahlandıqca da dünya daha təhlükəli yerə çevrilir. Qorxu balansı üzərində qurulan sistem insanlığa gerçək təhlükəsizlik gətirmir.
Məsələ təkcə nüvə silahında deyil. Problem silahın özündədir.
Silah varsa, bir gün istifadə oluna bilər... Sivilizasiya yalnız texnologiya ilə ölçülməz. Zorakılıqdan imtina etməkdir sivillik.
Dünyada milyonlarla insan barış — sülh istəyir. Ən qanlı qarşıdurmalar belə bir gün danışıqlar masasında bitir. Bəlkə silahın tam ləğvi bu gün real görünmür. Yalnız! Zorakılığın adiləşməməsi, insan həyatının dəyəri, sülh ideyasının yaşadılması, dərin humanist mövqe — əsas hədəfə çevrilməsə sivil dünyadan danışmaq çətindir.
İkinci Dünya Savaşından sonra dövlətlər söz vermişdi — bəşəriyyət bir daha belə faciə yaşamayacaq. Beynəlxalq təşkilatlar yarandı. İnsan hüquqları ilk dəfə sistemli şəkildə sənədləşdi, fundamental məzmuna çevrildi.
Sonra soyuq savaşlar başladı. Ardınca qaynar savaşlar...
Məni İran məsələsində ən çox silkələyən budur: 47 il xalqına bir dövləti şər qüvvə kimi təqdim et, ən qatı düşmən kimi tanıt, var gücünlə, bütün dövlət resursları ilə təbliğat apar, sonda sənin xalqın həmin o "düşməni" öz xilaskarı kimi görsün. Bundan o yanı olmur. Gör bu xalq nə qədər cana doyub. İndiki hadisələrdə şəxsən mənim üçün mahiyyət bundadı.
İnqilablarda xalqların iradəsini önəmsiz hesab edənlər siyasi-fəlsəfi ədəbiyyatı oxusalar görərlər ki, realpolitikdən kənar olan bütün mesajlar ictimaiyyətə, daxili və xarici auditoriyaya hesablanır. Xalqların fikri, iradəsi mütləq nəzərə alınır.
İstər avtoritar, istər demokratik sistemdə hakimiyyət xalqın iradəsi ilə hesablaşmalı olur.
Fərq ondadır ki, demokratik ölkələrdə xalq bunun fərqindədir, diktaturada isə adətən deyil. Bütün hallarda gec-tez xalqlar talelərini öz əllərinə alırlar; tarix bunun əksini göstərməyib.
Dünyada barış, silahsız həyat arzulamaq çox insanidi. Bunun üçün atılacaq ən önəmli addım diktaturaların ləğvidir. Öz xalqına, başqa xalqa qarşı zorakılıq etməyən hakimiyyətlərin olmasıdır.
Zorakılıq lokaldan qlobala sonlana bilər. Öncə evlərdə, sonra ölkələrdə, nəhayət dünyada...
Bəzən sadəcə xəritəyə baxmaq uzun analizdən daha çox şey deyir.
Balaca, çəhrayı ölkə: İsrail. Ətrafındakı iri ərazilərin hamısı müsəlman ölkələridir.
Belə
Aysel Əlizadə - qadinkimi.com