Qadinkimi.com fəlsəfəçi və tərcüməçi Çinarə Məhəmməd ilə müsahibəni təqdim edir:
- Salam Çinarə xanım. Öncə özünüz haqda oxucularımıza məlumat verməyinizi istərdim.
Mən
Çinarə Məhəmməd 2003-2007 ci illər arasında Bakı Dövlət universitetinin Fəlsəfə
ixtisasında təhsil almışam. Daha sonrakı illərdə eyni universitetin magistr və
doktorantura pillələrində təhsilimi davam etdirmişəm. 2013-cü ildən
başlayaraq müxtəlif ölkələrdə baş tutan beynəlxalq fəlsəfi konqresslərdə
iştirak edib, müxtəlif mövzular ilə məqalələr təqdim etmişəm. İlk tərcümə əsərim
olan Hind Fəlsəfəsinə giriş əsəri 2016-ci ildə nəşr olunub, daha sonra isə
2023-cü ildən yenidən oxuculara təqdim edilib. Bundan əlavə 2020-ci ildə
Klassik Alman fəlsəfi adlı kitabım da nəşr olunmuşdur. Hal-hazırda isə "90 dəqiqə
fəlsəfə” adlı lahiyyəsi üzərdinə aktiv işlər aprıram və bu seriyadan artıq beş
kitab nəşrə verilmişdir.
- Fəlsəfəylə nə vaxtdan məşğulsunuz?
Fəlsəfə ilə akedemik formada məşğul olmağa 2003-cü ildən başlamışam. Məhz bu ildə mən Bakı Dövlət Universitetində Fəlsəfə ixtisasına qəbul oldum. Amma maraq dairəmə fəlsəfə orta məktəbdə "insan və cəmiyyət” adlı fənnin tədrisi ilə daxil olmuşdu. Xoşbəxtlikdən bu kitabın müəllifi Cəmil Əhmədli bakalavr təhsili alan zaman mənə dərs dedi. Bu maraq məni daha sonra magistratura və doktorantura təhsili almağa, bir çox qlobal konfrans və kurslarda iştiraka, həmçinin tərcümə işi ilə məşğul olmağa qədər apardı.
- Hind fəlsəfəsində sizi çəkən nə oldu?
Sizə səmimi etiraf edim ki, universitetə qəbul olmayana qədər mən Hind fəlsəfəsi barədə heç nə bilmirdim. Bu fəlsəfə ilə ilk tanışlığım şərq fəlsəfəsi fənninin tədrisi zamanı baş verdi. Bu fəlsəfə məni düşüncə tərzinin genişliyi, varlığımızın həm mənəvi, həm maddi tərəflərini işıqlandırma prizması ilə çox cəlb etdi. Universitetə hazırlaşan zaman yaşadığım çətinliklərdən sonra hind fəlsəfəsi mənə qarşımda açılan yeni dünya kimi göründü. Sonrakı illərdə qərb fəlsəfəsi ilə tanış olduqda antik, orta əsr və yeni dövr filosoflarının hind fəlsəfəsinə olan rəğbəti mənə onu daha çox sevdirdi.
- Qadının hind fəlsəfəsində yeri nədir?
Çox maraqlı sualdı. Hind fəlsəfəsi ümumiyyətlə məsələlərə yanaşan zaman qadın və kişi bölgüsündən istifadə etmir. Burada fərdi "mən”in universal "mən” ilə birləşməsi prosesi daha çox vacibdir və burada cins ayrı-seçkliyi yoxdur. Amma bildiyimiz kimi biz insanlar yaşadığımız dövrün, cəmiyyətin bir hissəsiyik. Bu həmçinin Hindistana və burada formalaşan fəlsəfəyə də aiddir. Hind fəlsəfəsi əsas olaraq hinduizm üzərində qurulduğu üçün bu dinin müqəddəs kitabları olan Vedaların təhlilinə əsaslanır. Vedalarda isə bir insanın azad olana qədər dəfələrlə doğulub öldüyü barədə ideya – reinkarnasiyanı qəbul edilir. Reinkarnasiya nəzəriyyəsində isə bir ruhun qadın bədənində doğulması onun əvvəlki həyatda günah əməllər etməsi kimi şərh edilirdi. Yəni daha açıq şəkildə desək, əgər sən qadındansa, azad ola bilməzsən. Bunun üçün yaxşı əməllər edib növbəti həyatda kişi kimi dünyaya gəlməli, ondan sonra azadlığa gedən yola qədəm qoymalısan. Ancaq məsələnin ən gözəl tərəfi odur ki, hind fəlsəfəsində dinin fəlsəfəyə və cəmiyyətə bu cür ağır təzyiqi olmasına baxmayaraq bu ideyalara qarşı çıxılır və yeni fəlsəfi məktəblər formalaşırdı. Qeyri-ortodoksal, yəni Vedaların nüfuzunu qəbul etməyən caynizm və buddizm kimi məktəblər bir çox məsələlərlə yanaşı qadına belə qiymət verilməsinə də radikal formada etiraz edirdi. Hətta Budda bütün insanların nirvanaya - azadlığa çata biləcəyini elan edərək, tarixdə ilk dəfə rahiblər sırasına qadınları da qəbul etməyə izin vermişdir.
- Hansı nümunələr var qadınla bağlı?
İstər Şərq, istərsə də Qərb fəlsəfəsində siz "qadın filosof” yazıb axtarış versəniz qarşınıza onlarla filosof qadın çıxacaq. Bunlar düzdür bizim hamımızın tanıdığı simalar Platon, Aristotel, Budda, Kant, Hegel kimi məşhur olmasa da onlar yox deyillər. Xüsusilə, yeni dövrdə Avropa, Amerika və eləcə də, yaxın və uzaq şərqdə yeni və dolğun fəlsəfi ideyaları dəstəkləyən qadın filosofları görə bilirik. Amma məsələyə bir az da praqmatik tərəfdən baxmalıyıq – təhsil sisteminə qadınların buraxılmaması, orta əsrlərin qaranlıq dövrlərində dinin həm fəlsəfəni, həm də elmi özünə qulluqçu etdiyi bir dövrdə nəinki qadın filosoflar, hətta sağlam düşüncəli insanların yaşaması çətin idi. O səbəbdən də belə insanlar, xüsusi ilə qadınlar gizlənir, hətta bəziləri özlərinə qələm adı götürüb o ad altında yazıb, ideyalarını ötürürdülər.
Ancaq o fakt sevindiricidir ki, siz müasir elmi, fəlsəfi konfranslara getsəniz orada qadın fəlsəfi araşdırmaçıların sayının çox olduğunu görə bilərsiniz.
- Bəs sizcə qadınlar fəlsəfə tarixində layiq olduqları yeri tuta biliblərmi?
Bu sualın cavabı birmənalı sürətdə - xeyrdir. Misal üçün, Antik yunan və Roma mədəniyyətləri barədə danışmış olsaq, burada qadınlar azadhüquqlu vətəndaş sayılmırdılar. Onların səs vermək, təhsil almaq ixtiyarları yoxdu idi. Belə bir müstəvidə hansı qadın fəlsəfə ilə məşğul ola, həm də layiqli yer tuta bilərdi? Eramızın 370-415-ci illəri arasında yaşamış Hipatiya — yunan əsilli filosof, riyaziyyatçı və astronom idi. Onun atası İsgəndəriyyə kitabxanasının son rəhbəri olmuşdu. Hipatiya İsgəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzrə dərslər deyirdi. Yəni bütün göstəricilərə görə dövrün öndə gedən qadın filosofu idi. Amma o dövrdə geniş yayılmağa başlayan xristianlıq və onun hərəkətverici qüvvəsi olan "kor” kütlə sadəcə olaraq Hipatiyanı daşqalaq edib öldürdü. O səbəbdən fəlsəfədə qadınlar layiqli yerini tutmayıb, onların bu yeri tutması üçün münbit şərait olmayıb.
- Tarixdən günümüzə dəyişməyən fəlsəfi bir cizgi varmı?
Fəlsəfə cəmiyyət, insan ilə birgə, həm də, daima ondan öndə gedən bir fəaliyyət axarına malikdir. Fəlsəfə cəmiyyətə, insana daima suallar verir, onu həmişə gərginlikdə saxlayır. Bu sualların bəzilərinə indi də cavab tapmamışıq, amma məsələ cavab yox, axtarış prosesindədi. Bu suallara cavab axtararkən, biz dəqiq və humanitar elmləri yaratmışıq. Cəmiyyətin insana, insanın cəmiyyətə təsirini öyrənmişik. Düşünürəm fəlsəfənin dəyişməyən cizgisi daimi axtarışda olmasıdır. Cavab tapdığımız gün biz sadəcə olaraq yeni suallar veririk.
- Yeni tərcümə kitabınızla bağlı nə deyə bilərsiz?
Hal-hazırda fəaliyyətim daha çox tərcümə işləri ilə bağlıdır. Bizim bu sadəcə işləyən, əziyyət çəkən insanlarımız məndən inciməsinlər, amma bunu qəbul etməliyik ki, Azərbaycan dilində olan elmi, fəlsəfi və bədii ədəbiyyat sahəsində ən yaxın qonşularımızdan belə onilliklər geridəyik. Mən bir neçə il BDU və Qərb Universitetində tədris ilə məşğul oldum və sizi əmin edirəm, hər dəfə mühazirə hazırlayanda Azərbaycan dilində olan kitabları oxuyur və sözün əsl mənasında dəhşətə gəlirdim. Bu səbəbdən mən oxuculara bacardığım qədər aydın, anlaşılan dildə fəlsəfə çatdırmağa çalışıram və hazırda bütün işlərim bu istiqamətdədir. K
itabın təqdimatı 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (11-15 noyabr) çərçivəsində 13 noyabrda Bakı Expo mərkəzində olacaq.
Müsahibə üçün təşəkkür edirik. Son olaraq bir sual daha…Özünüdərk prosesinin doğru istiqamətdə getməsi üçün gənclərimizə, xüsusilə qadınlarımıza nə kimi məsləhət verə bilərsiz?
Bəlkə də qəliz danışıram, əgər belədirsə, gənclərimiz və xanımlarımız məni üzürlü hesab etsinlər. Bu suala cavab vermək üçün klassik alman fəlsəfəsinin ən məşhur simalarından olan İmmanuel Kantdan kiçik bir misal gətirəcəm. İmmanuel Kant dünyaya gələndə o qədər xəstə və zəif idi ki, valideynləri onu tez bir zamanda itirəcəklərini düşünürdülər. Bu insan çəkməçi ailəsində dünyaya gəlib bu dünyanı Klassik Alman fəlsəfəsinin yaradıcısı kimi tərk etdi. O deyirdi ki, mənim fəlsəfəmin məqsədi bu suallara cavab verməkdir:
1. Mən nəyi bilirəm?
2. Mən nə edə bilərəm?
3. Mən nəyə ümüd edə bilərəm?
4. Mən kiməm?
Mən də gənclərimizə, xüsusilə xanımlarımıza bu sualları məsləhət görürəm. Bu sualları verin özünüzə, amma cavabı sözlərdə yox, həyatınızda əks etdirin.
Hazırladı: Günel Dəniz
Xüsusi olaraq, Qadinkimi.com üçün