QADIN / KİŞİ
Kişilər qartımış kənd arvadlarını da ötüb keçiblər Tarix : 20 Avqust 2020, 17:17

Düşünürəm ki, hər şey ətrafında zarafatyana fikir də demək olar, məsələyə biraz pozitiv tərəfdən də baxmaq olar. Amma şiti-şoru çıxanda, o artıq zarafat olmur, şəxsi həyata burun soxmaq olur.

İki uşaq bir-birini instaqramdan silib. Aralarında hər nə olub, bir-birlərinə kapriz edirlər, lap belə, deyək ki, boşanırlar. Hələ heç kim bilmir nə məsələdir, 2 gündür nə instaqrama, nə feysbuka baxmalı deyil...

Özləri ilahidən səhvsizmişlər kimi məsələni lağ-lağı, şəbədəyə çevirən kişilər qartımış kənd arvadlarını da ötüb keçiblər, qadınlar da həmişəki "dığ-dığ" ritmində, maşallah. Necə özünüzə yaraşdırırsınız kiminsə uşağının şəxsi həyatını qəhqəhə obyektinə çevirməyi? Evinizdə böyütdüklərinizin sabahından bu qədər əminsiniz yəni? Bu qədər "nənəmağız" kişi, ata, ər olmaq olar?

Hələ bir də onların nənəsi, babası yerində olanlar var - keçmişdə o yaşdakılara ağsaqqal, ağbirçək deyirdik. İndi hərəsinin əlində bir profil, düşüblər instaqramın canına, özlərində tapmadıqlarını başqalarında axtarmaqla məşğuldular.

Nəvələri yaşında uşağın profilinə nəsihət verənlər ordusu. "O elə belə qız deyildi, xalxın qızını bədbəxt elədin", "kişi hər şeyə görə ailə dağıtmaz", "sənə heç yaraşdırmadım bu hərəkəti", "gözlərinə baxanda bilirəm, hamiləsən", "Ayıb olsun, o boyda sənətkarın sözünü eşitmədiniz", "niyə axı niyəəə?" ah-naləsi zad...Ay balam, sizə nə?

Hamı ideal cütlüşmük, ideal ailə imiş... Yanında əri, arvadı olmayan, 3 dəfə hüquqi, neçə dəfə "levıy" evlənən, atasız-anasız uşaq böyüdənlər də onları araya qoyur, lağ-lağı edir, ay başına dönüm. Saxlamaq asan idisə, özünüz saxlayaydınız da yanınızda.

Yekə-yekə səhifələrə heç baxılası deyil... Nəymiş? İki gənc bir-birinə trip atıb. Sizə nə axı onlardan?

Yengə təfəkkürlü cəmiyyətlə hara kimi getmək olar a?

P. S. karantindəə neynədiklərini bilmirlər "məsələsi bəhanədir, ay toba, qabımıza qoyulan budur.

Deməsəm olmazdı.

 

 


Əzizə İsmayılova

 

qadinkimi.com