SƏNƏT
Flora Hüseynovadan Aysel Aydin Əlizadəyə məktub Tarix : 12 Avqust 2020, 17:44
Əzizim Aysel, kitabın cəmiyyətimizə xeyirli, uğurlu olsun. Buna heç şübhəm yoxdur. Nəşrdən qabaq kitabı oxumaq şansı verdiyin üçün də sənə xüsusi təşəkkür edirəm.

Qızlar ağlamaz - bunu sübut eləmək üçün aylarla keçirdiyin yuxusuz gecələr bəhrəsini verməkdədir.

Əminəm ki, yüzlərlə, minlərlə oxucu bir çox suallara cavab tapacaq bu kitabda. Ən çox istədiyin kişilərin də kitabı oxuması idi. O da oldu. Nə gözəldi zəhmətin bəhrəsini görmək. Sən hələ çox töhfələr verəcəksən xalqımıza, çünki bunu səndən gözləyən oxucuların var.

Sən stereotipləri qırmağı bacarırsan, çünki cəsarətlisən, güclüsən. Başqa cür ola da bilməz. Ona görə də oxucuların sənə inanır, səni sevir, səni oxuyur.

Amma məyus olduğum məqamlar var, istəmirəm o məqamlar sənə toxunsun. Görməzdən gəl o məqamları, sən başını dik tutub yalnız irəli get. O məqamları sadəcə, elə-belə qeyd edəcəm. Nədən bizim yazıçılar, sənət adamları bir-birini izləmir, uğurlarını paylaşmır?

Unutmayın, uğur da sevinc kimidir, paylaşdıqca çoxalır. Qorxmayın, heç kimin uğuru başqasının uğurunu kölğədə qoymaz.
 
 

 
 

Aysel, əzizim sənə bu kiçik məktubumla yaxşı ki, var olduğunu demək istəyirəm. Kitabımı gəlib alacam. Sənsə davam elə, sevgidən yaz, sevinə bilməkdən yaz, sevinci paylaşmağın zərurətindən yaz... mütləq yaz...
 
 
 
 
 Flora Hüseynova
 
 
 
qadinkimi.com