SEVGİ
Mənə evlənəcəyimizi demə! Qoy sürpriz olsun! Tarix : 30 İyul 2020, 08:30
Yazar :
MƏNİM NOBELİM 
 
Onun ilk cümləsi mənə sillə kimi dəydi:
- Sizə müsahibə verəcəyimlə bağlı vədi xatırlamıram. Doğrudanmı, içkili olmuşam?!..
Əlbəttə, mən güclü cinsin nümayəndəsi olsaydım, bunu ona xatırlatmağın yolunu tapar, üstəlik, yağışın altında gözlədiyim yarım saatın da acığını çıxardım. Amma mən qadın idim, deməli, fiziki güc tətbiq etməkdən söhbət gedə bilməzdi. Ikincisi, bilirdim ki, kişilər sərxoşluq zamanı verdikləri vədi daha çox yadda saxlayırlar, nəinki ayıqlıqda. Tərslikdən, günün böyük hissəsini içki şüşələri ilə keçirdiyi söylənilən bu əcnəbi yazıçı srağagün şef redaktorumun yanında tamamilə ayıq idi və söz vermişdi ki, nə olursa-olsun, suallarımı cavablandıracaq. Sual deyəndə ki məndən qeyri-adi heç nə tələb olunmurdu. Şəhərimizdə özünü necə hiss edir, burada çoxmu qalacaq - bunları soruşacaqdım. Sıradan bir partiya qəzeti üçün əcnəbi yazar - çoxtirajlı kitablar müəllifi kimi maraqlı deyildi və bizim qəzetdə heç kəs bilmirdi ki, Nobeli ona niyə veriblər. Dünyanın ən ünlü yazarından - Nobel mükafatçısından eksklüziv müsahibə götürmək, daha doğrusu, onunla bir neçə kəlmə kəsmək lazım idi.
Onun əsərlərini bəyənmirdim. Hər dəfə kitabı açanda sətirlərin arasından üzümə gülən özündənrazı üslub məni dəli edirdi. Ah, bu özündənrazılıq... Bu azmış kimi müsahibəni məhz mən almalıydım...

- Bilirsiz... - Onsuz da səhər yuxudan erkən durduğum üçün kefim yox idi, bu dəqiqə ədəbiyyatı da, redaktoru da, yağışlı havanı da söyməyə hazır idim - özündənrazı yazıçıya dərs verməyə hazırlaşırdım ki, o, sözümü kəsib:
- Belə havada qəşəng xanımla kofe içmək pis başlanğıc deyil. Özü də yad şəhərdə heç kəsi tanımırsansa...

Sonuncu dəfə əcnəbi ölkələrdən birinin keçmiş prezidentiylə müsahibəm redaksiyada əməlli-başlı qasırğa qoparmışdı, "ölkənizdə nə baş verir?” sualımı redaktor milli münasibətləri qızışdırmaq kimi qiymətləndirmişdi. Bu müsahibə də alınmasaydı, işsiz qalmalı olacaqdım. Əlbəttə, kiçik redaksiyaların birində müxbirlik edə bilərdim, amma maaş qaneedici olmayacaqdı.

İlk sualı fikirləşdim ki, hiss etdiyim gərginlik aradan qalxsın. Həmişə müsahibə ərəfəsində narahatlıq hiss edəndə bu üsul köməyimə çatır.
- Çay, yoxsa kofe? - səsimi eşidib diqqətlə üzümə baxdı, gülümsündü və gözlərində nəsə doğma qığılcım görünüb itdi.
- Yox, belə tezliklə olmaz, qız. - Yəqin, səsimin tonundan hiss etdi ki, bu çay və ya kofe içəcəyimizi dəqiqləşdirməkdən daha çox, ilk sualdır...
- Onsuz da ofisiant bu sualı verəcək.
- Sən nə istərdin?
Bu o deməkdi ki, söhbət alınmır. Amma belə tezliklə geri çəkilmək olmaz:
- Nə olsa... yağışlı havadan zəhləm gedir....
- Bəs romantika?.. Pəncərə şüşəsindəki göz yaşına bənzəyən damlalar, onların süzülərək uzun zolaq əmələ gətirməsi, sonra da aşağı axıb getməsi?.. - onun danışığında açıq-aşkar istehza hiss edirdim və bu məni qıcıqlandırırdı.
- Belə havada ayaqqabısız qalanları, evinin damı axıdan bədbəxtləri düşünmək lazımdı - Heç bilmirəm bu fikir ağlıma haradan gəldi. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, qəzəbli olanda adamları sancmaq üçün çox düşünməli olmuram. Hər şey elə bil öz-özünə alınır.
- Maraqlıdı, həm də humanist yanaşmadı... - Dünyanın ən məşhur yazarı gözlərimin düz içinə baxdı və orada nəsə gizli bir qüssə hiss etdim.
O mənim səmimiyyətimə inanmırdı və bu anda məndən növbəti, daha sərt hücuma keçmək tələb olunurdu:
- Axı siz də bir vaxtlar məktəbə ayaqqabısız getmisiniz.
- Bunu sizin kimi müxbirlər uydurub. Mən həmişə yaxşı geyinmişəm...

Buradaca onun geyiminə fikir verdim. Velür, qəhvəyi pencək, cins şalvar, idman ayaqqabıları - bu geyim üslubunu sevirdim. Yaşı qırxa qədər olardı. Ən aşağısı, 37-38 vardı. Bunu avtobioqrafiyasından bilirdim, amma ona 35 yaş verməzdin. Yaraşıqlı idi, həm də tərs kimi sarışındı...
Əlbəttə, müsahibə alınmadı. Amma bu artıq məni narahat etmirdi. Niyə görəsə mənə elə gəlirdi ki, dünyadakı bütün bədbəxtliklərin günahkarı odur - həyatla pivə bardağı arasında heç bir fərq görməyən bu yazar. Bir halda ki bu fürsət əlimə düşüb, niyə bütün düşündüklərimi üzünə deməyim. Əslində, mənim kefim yox idi. Yoxsa onun nə günahı var ki - yəqin, bir az yolda "tıxaca ilişib”, bir az da zarafat etmək istəyib: vədələşdiyimizi unutması da inandırıcı deyil. Yağışı da məlum məsələdir ki, o yağdırmayıb...
Mobil telefonumu söndürdüm, ev telefonunu şəbəkədən ayırdım, həmin gün redaksiyaya qayıtmadım. Səhərsi işə gələndə onu binanın qarşısında gördüm. Dünənki gün üçün üzr istəyirdi. Çiyinlərimi çəkdim. Nobel mükafatçısı olanda nə olar, qadınla davranmağı bacarmaq yaxşı şeydi.
- Məni düz başa düşün, bütün bunlar... - Bu gün o "siz”lə danışırdı, gülümsəməyə çalışırdı, amma hiss olunurdu ki, əsəbidi.
- Bezdiricdidir, hə?
- Elədir.
- Deyəcəksiz ki, ən sürətli yelləncəklərə minmək, dənizkənarı parkda balıq tutmaq, şəhərdə qızlara söz atmaq istəyirsiz 18 yaşlı oğlanlar kimi?
- Hə... Adamın yaşı 40-a çatanda...
- Bir də deyəcəksiz ki, ədəbiyyat boş şeydir, əsas adamlardır?
- Siz hər şeyi bilirsiz...
Səsindəki yumşaqlıq mənə də sirayət etdi:
- Mənim də nə vaxtsa qırx yaşım olacaq.
- Amma sizə, yəqin ki, Nobel verməyəcəklər...
O da sancmağı bacarır. Bunu düşünməliydim.
- Təəssüf etmirəm...
- Səmimiyyətinizə inanıram...
Əslində, dünən mən də səmimi deyildim. Yağışı sevmədiyimi onu qıcıqlandırmaq, ya da orijinal görünmək üçün demişdim.
- Bəzən belə olur, gün alınmır... sizlik bir şey yoxdu ki.
- Məndə də deyəsən bu gün alınmır...
Hiss olunurdu. Üstəlik, bütün bunlar tanış idi. Bir azdan etiraflar başlayacaq. Sonra bir-birimizə öyrəşəcəyik. Sonra?...

Hətta onunla müsahibəyə gedəndən bilirdim ki, bu baş verəcək. Belə məsələlərdə hissiyyat məni aldatmır. Məni qıcıqlandıran da buydu...
Universitetdəki mühazirəyə artıq müxbir kimi qulaq asmırdım. Sonra kafedə çay içəndə bunu ona demək istədim. İlk dəfə idi ki, mənim etirafıma qulaq asmırdılar, o sözümü kəsib gülümsədi və ilk görüşümüzdəki cümləni xatırlatdı - "Belə tezliklə olmaz, qız”. Xətrimə dəymədi... Sonra o getdi. Yeni əsərini yazmağa...

Müsahibə yazmadım, reportaj hazırladım, amma bir günün içində -adətən olduğu kimi - qəfildən işimi dəyişmək qərarına gəldim. Daha ora-bura qaçmıram. Indi institutlardan birində ixtisasım üzrə elmi işçi işləyirəm - hə, deməyi unutmuşdum, mən özüm də ədəbiyyatçıyam axı. Arada onu oxuyuram. O hərdən mənə yazır. Ən çox da ölkəsindəki yağışlardan. Yazır ki, söhbətlərimizin hamısını lentə alıb, yeni romanına daxil edəcək.
Mən gözləyirəm. Təkcə romanı yox, həm də onun özünü. Bəs necə, o vəd verib. Vəd verib ki, mənə ən çox arzuladığım və gözlədiyim şeyi sürpriz edəcək. Əlbəttə, təxmin edirəm, bu nədi. Çünki təklif elə mənim özümdən gəlib. Deyəcəksiz, bu necə sürprizdi? Deyim də, ona belə bir ideya vemişəm: "Mənə evlənəcəyimizi demə! Qoy sürpriz olsun!”.
Hə, bir sirri də açım, amma heç kimə deməyin, mənim də ona sürprizim var - onun yaradıcılığı ilə bağlı monoqrafiya yazıram. Hazır olan kimi çap etdirəcəm. Əlbəttə, mən nobelçi olmayacağam. Amma Nobel həmişə mənim yanımda olacaq. Məncə, bu daha yaxşıdı...
 
 
Rəbiqə Nazimqızı
 

qadinkimi.com