SÖZgəlişi
("Janrı olmayan yazılar” silsiləsindən)
Robinzon Kruzonu yazan əcəb adammış! O gün arvada deyirəm ki, gör neçə əsr keçib, əsər hələ də yuxarı başdadı, amma janrı-filanı indiyədək bilinmir. Zalımoğlu Daniel, "Robinzon”un başına elə şal örtüb ki, bizim Məşədi İbadın sözü olmasın, bilmək olmur, oğlandı, ya qız...Ağlıma min cür fikir gəlir; birincisi və sonuncusu da budur ki, bəlkə elə Daniel əsərini karantində olanda yazıb? Bu dünyada nə desən olar! Axı onun "Robinzon”u 28 il sərasər karantində, kimsəsiz adada yaşayıb!.. Gör mənə arvad nə cavab verdi: "Mirzə, işin-gücün qurtarıb? Bekar qalmısan? Başını o qədər bu xarici əsərlərə soxmusan ki, indiyədək ordan çıxara bilmirsən! Di dur gəl, mənə kömək elə, heç olmasa, soğanı soy, bir azdan deyəcəksən ki, acımışam, bozbaş hələ hazır deyil!”
Robinzon məsələsini könülsüz qoydum qırağa; hərdən gərək arvadın sözünə qulaq asasan! Getdim bir-iki dənə soğan soydum, gözlərim yaşardı. Çıxdım balkona, əllərimin dalıyla gözlərimi silə-silə dünyanı karantinə salanın dədə-babasına söyməyə başladım. Birdən yadıma italyanlar düşdü... axı ağlım kəsəndən qanım italyanlara qaynayıb! Nədənsə, onları Canni Riveraya görə uşaqlıqdan sevirəm; amma "karantin” məsələsində qəflətən onlardan şübhələnməyə başlamışam. Arvadın sözünə baxmadım, yenə başımı soxdum Venetsiyanın tarixinə, gördüm, elə "karantini” (quaranta giorni, yəni qırx gün) bunların özləri yaradıb ilk dəfə. On dördüncü yüzillikdə yad ölkələrədən gələn gəmiləri Venetsiyanın limanlarına buraxmayıblar; daha doğrusu, yük gəmiləri sahildən gərək qırx gün aralıda lövbər salaymış, yükləri elə oradan boşaldarmışlar. Həm də yoluxucu xəstəliklərdən qorunmaq üçün! Vallah, nə deyirsiz deyin, mistika ilə statistikanın sərhədləri pozulub; adam bilmir hansına inansın! Hər halda, hər ikisindən iy gəlir...Allah axırını xeyir eləsin! Bu qarışıq düşüncələr, soğan və göz yaşları mənim başımı az qala xarab edəcəkdi ki, həyətdən Darçın xalanın səsini eşitdim:
- Mirzə, xeyr ola, niyə ağlayırsan?
Gözlərimi ovuşdura-ovuşdura:
- Heç...- dedim. - Ağlamıram... italyanlar yadıma düşüb...Səhəri dirigözlü açmışam, yuxum qaçıb...
- Mən də elə yuxu görmüşəm bu gecə...- arvad da dərindən ah çəkdi. (Aha, işimiz var da, indi başlayacaq Qozbel atın nağılını danışmağa!)
- Nə görmüsən yuxuda?
Arvad amana bənd imiş, güllə kimi açıldı:
- Əziz Nesinin bacısı oğlunu!..
- ??????????????? (Əstəğfurullah! Arvad yenə nəyisə qarışdırıb deyəsən! Gülmək məni tutub, söz də əmələ gətirə bilmirəm...)
- Ay arvad, o kimdi elə?
- Xeyrəddin Qoca! Sənin dostun...
(Bismillahir-Rəhmənir-Rəhim!)
Məni saxlamaq olar? Elə bir şit gülmək tutdu ki, səsim deyəsən qonşu balkonlara da yayıldı, çünki yuxarılardan qapıların cırıltısını eşitdim.
Düzü, mən Xeyrəddin Qocanı cəmi ikicə dəfə görmüşəm: birinci dəfə Türkiyəyə gedəndə, ikinci dəfə isə Türkiyədən gələndə. Vəssalam. Bundan sonra onu daha yaxından yalnız kitablarına görə tanımağa başladım. Lap düzünə qalsa, mən də rəhmətlik Əziz Nesinin qoxusunu Xeyrəddin Qocanın kitablarından alıram. Və elə bu qədər... Bildiyimə görə, onu indiyədək gördüm deyən də olmayıb. Deyirlər, o vaxtdan karantindədi, və mən də düşünürəm ki, indi, yəqin, yazıq dostumun üz-gözünü tük və saç-saqqal basıb, Robinzon kimi...
Darçın xalanın isə heç tükü də tərpənmədi, başladı yuxusunu danışmağa.
- Həəə, gördüm ki, Xeyrəddin müəllimi rəis veriblər telvizora...Rəis gələn kimi bəzi açıq-saçıq, pinti-minti, savadsız-biliksiz aparıcılar, bərbad dublyaj filmlərini bizə soxuşduran redaktorlar qorxusundan qaçırlar... (Arvada bax e, gör nələr danışır!)
- Axı niyə?
- Camaat ondan qorxur da! Elə mən özüm də! Gecə qabağıma çıxsa, qorxaram! Sir-sifəti görünmür, əvəzində bir cüt göz işıldayır, bilmək olmur cindi, ya nədi... Türkiyədə Əziz Nesin ona nə elədisə, qayıdandan sonra hamı ondan qorxur...
- Darçın xala, dolamağa adam tapmamısan? Axı biz qonşuyuq!
- A bala, Əbülfəs Əli Abbas haqqı, yuxumu danışıram... Zarafat eləmirəm!
Arvad əməlli-başlı qaşqabağını salladı. (Sizə demişdim axı, bu arvaddan nə desən çıxar!)
- Həəə, görürəm ki, saqqal basıb rəisi, özü də elə sürətlə yeriyir ki, az qala adamı basa altına...
Yenə bir əlimlə qarnımı, o biri əlimlə ağzımı tutdum ki, şaqqanağımı o biri qonşular eşitməsinlər.
- ...O qədər ağlamışam, o qədər hıçqırmışam ki, axırda Gilas su töküb üstümə, sonra ayıldım...Yuxumu danışdım. Mamam da dedi ki, görünür, ötən gecə Xeyrəddin Qocanı telvizorda göstərdilər, ona görə girib yuxuna...
Bu arvad çox nadir nüsxəymiş! Deyir, sonra yuxuda görüb ki, Xeyrəddin Qoca telvizor redaktorlarını bərk danlayır, nə bilim, bu nə dublyajdı-filan, tərcümələr bərbaddı, anam canı, düz deyirəm! Sonra deyir ki, bir dənə xarici filmə Azərbaycan dilində baxmaq istəyirəm, burnumdan tökülür. Tərcümə biabırçı gündədir! Hələ bu dublyajı səsləndirən aktyor və aktrisalar var e... Adamın lap əti tökülür... Emosiya yox, hiss yox, həyəcan, yaşantı yox...Hansi situasiyadan, şappıltı, taqqıltı, ya da elə hərəkətdən sonra hansı həyəcan, hansı səs, hansı emosiya gəlməlidir, bilmirlər!.. Biabırçılıqdı, vallah! Bunları hirsli-hirsli deyirdi! Sonra birdən yumruğunu çırpdı stolun üstünə, dedi: axxxxxx... hardasan, ay Şahmar Ələkbərov?
Düzü, Darçın xaladan çox şeylər eşitmişdim, bu qədər heyrət və təəccüb içində olmamışdım. Nə isə...Arvad yuxusunu bitdə-bitdə danışdı və mən də səbirlə dinlədim. Axırda gözünü gözümün içinə tuşlayıb hökmlə və ərkyanə dedi:
- ... Allah xeyir eləsin! Yaxşıdı, ya pisdi, deyə bilmərəm, hər halda, çox qorxulu yuxuydu...
- Nədən qorxursan e, Darçın xala? Yuxudu da!
- Özümçün yox e, mənim hayım da gedib, vayım da! Xeyrəddin Qocaya görə qorxuram...İraq olsun, qulaqlara qurğuşun, qorxuram düşər Əsis Nesinin gününə! Ona görə də, çölə çıxmasa yaxşıdı, elə karantində oturub evdə qalsın!
Əstəğfürullah! Məni gic gülmək tutdu! Ayrı vaxt öldürsələr də, gülmərəm! Bu vaxt içəridən arvadımın səsi gəldi:
- Mirzə, gəl, bozbaş hazırdı!..
İmza: heç kimin bacısı oğlu
Kamran Nəzirli
PS. Hələ də bir əlim qarnımdadı; and olsun udduğumuz havayı havaya! Mən bizdəki müsabiqələrə inanmıram! Ən yaxşı münsif elə Xeyrəddin Qocanın özüdü! Mənim adamımdı! Bismillahir-Rəhmənir-Rəhim, Əlhəmdu lilləhi Rəbbil-aləmin Ər-Rəhmanir-Rəhim, Məliki yəvmid-din İyyəkə nə`budu və iyyəkə nəstəin, İhdinəs siratəl-mustəqim, Siratəl-ləzinə ən-əmtə ələyhim, ğəyril-məğzubi ələyhim vələz-zallin!