QADIN / KİŞİ
Qayınatam "səni yeyərəm" deyirdi... - 22 yaşlı qızın yaşadıqları Tarix : 04 Dekabr 2019, 17:25

Qadinkimi.com saytına problemlərini danışan 2 uşaq anası 22 yaşlı Lalə Hacıyevanın (ad şərtidir) hekayəsini öz dilindən təqdim edirik:  

Mən 16 yaşımda ailəmin təzyiqi ilə xalam oğluna nişanlandım. Çox etiraz etsəm də, yaşım az olduğu üçün sözümü ciddi qəbul etmədilər. 17 yaşımda məktəbi bitirən kimi məcburən evləndirildim. 18 yaşımda qızım, 19 yaşımda isə oğlum dünyaya gəldi. Ailələrin müdaxilələri olsa da mən hər şeyi yoluna qoyurdum. Yoldaşım mülayim insan idi. Bir müddət sonra qayınatam bizə tez-tez gəlib getməyə başladı. Qızım arada gedib onlarda qalırdı. Onlara uşağı götürməyə gedəndə və ya o, bizə gələndə mənə söz atırdı. Əksər hallarda da baxışları ilə məni narahat edirdi. Amma fikir vermirdim, düşünürdüm ki, bəlkə zarafat edir. Yoldaşıma da heç nə deyə bilməzdim. Sonra qayınatam ailə işlərimə qarışmağa başladı. Uşağı parka aparanda, ya da anamgilə gedəndə yoldaşıma deyirdi ki, kiminləsə görüşməyə gedir. Belə söz-söhbətlərdən sonra yoldaşımla münasibətlərimiz soyuq olmağa başlamışdı...

Bir gün anamgilə getmişdim. Uşağın bütün gecə qızdırması olduğu üçün yatmamışdım. Anamgildən evə gələn kimi uşaqla bir yerdə yatıb qalmışdım, yoldaşım da işdən gəlib, qapını döyüb, açmamışam. Telefona zəng edib, cavab verməmişəm. Sonra qəfildən ayılıb qapını açanda məni döyməyə və təhqirlər deməyə başladı: "Uşağı atmısan ananın üstünə, kişi ilə görüşmüsən, yorulub yatmısan”.

O vaxtlar mən də, uşaq da astmaya görə müalicə alırdıq. Evdə əlimə keçən bütün dərmanları atıb yatdım. Səhərə yaxın yoldaşım işə gedəndə məni oyandırmaq istəyib, ayılmamışam. Bundan sonra qorxub anasına zəng edib. Məni Sumqayıt şəhər 45 saylı xəstəxanaya aparıblar. Özümdə deyildim, mədəmi 3 dəfə yuyublar. Nəhayət, məni sistemlə ayıltdılar. 

Bu vaxt mənə ən böyük zərbə anamla atamın gəlməməyi oldu. Qayınatam onlara zəng edib gəlməmələrini söyləyib. Atama deyib ki, qızın yoldaşı ilə dalaşıb, dərman içib. İndi yaxşıdı. Gəlməyin, yoxsa anası (qayınanam) gəlib hay-küy salar, onları boşandırar.

Polis gələndə o anın qorxusu ilə səhvən dərman atdığımı bildirdim.
Bu hadisədən bir müddət sonra qayınatam uşağı gətirmək və ya bazarlıq bəhanəsi ilə yenə bizə gəlib getməyə başladı. Qayınanam zəng edirdi ki, qapını aç, kişi gəlir, aldıqlarını versin. Mən də məcbur olub qapını açırdım. Qayınatam bizə gələndə qarşısına çay qoyurdum, ya uşaqla, ya da yeməklə məşğul olurdum ki, tez getsin.

Amma yenə də söz atmalarına davam edirdi. Bir az da irəli getmişdi: "Səni yeyərəm, hər yerin çox gözlədi”. Çox pis olurdum, ondan qorxurdum, amma nə edəcəyimi bilmirdim. Yoldaşıma da deyə bilmirdim. Çünki onun gözündə məni pis etmişdi və o, mənə inanmayacaqdı.

Bir gün yenə gəlmişdi. Mətbəxdə yemək bişirəndə üstümə hücum çəkdi. Əlbəyaxa olduq. Məni zorlamaq istəyirdi. Onu itələyəndə əlim sobanın üstündəki tavaya dəyib yandı. Əlimi bıçağa atdım, içəridə də uşaq ağlayırdı. 

Hədələdim ki, çıxıb getməsən, səni öldürəcəm. Təkrar üstümə gəlsəydi, yəqin ki, öldürəcəkdim. Başqa əlacım yox idi. Bəxtim gətirdi ki, qorxub getdi.

Sonralar depressiyaya girdim, heç kimə heç nə deyə bilmirdim, özümə qapanmışdım. Çölə çıxmırdım. Xəstəxanada məni ziyarət etmədiklərinə görə ailəmlə də görüşmürdüm. Anamla barışandan sonra məni nevropatoloqa aparmasını istədim. Dərmanlarla yaşayırdım, bütün əsəblərim pozulmuşdu. Amma qayınatam yenə də sözlü təcavüzlərinə davam edirdi. 

Yoldaşım birdən-birə xəstələndi, təcili əməliyyat olundu. Anamdan xahiş eləmişdim ki, müəyyən müddət oğluma o baxsın. Anam uşağı aparandan 2 gün sonra zəng etdi ki, uşaq səni istəyir, bütün günü ağlayır. Yoldaşıma gedib uşağı gətirmək istədiyimi deyəndə dava etməyə başladı. Təhqirlərə keçdi: "Məni belə buraxıb hara gedirsən, kiminlə görüşə gedirsən?”. 

Qayınanama zəng etdim ki, gəlib bir günlük oğluna baxsın. Mən də uşağı gətirməyə gedim. Qayınanamla qayınatam ikisi də gəldi. Onlar gələndə biz yoldaşımla mübahisə edirdik. Üstüörtülü məsələni yoldaşıma danışmaq qərarına gəlmişdim. 

"Ən yaxın adamın məni narahat edir" dedim. Yoldaşım düşündü ki, ya dostudu, ya qardaşı. Atası ağlına belə gəlmirdi. Bunu eşidəndə atası çox qorxuya düşdü. Yoldaşıma "o qız elə şey etməz, dava etməyin” deməyə başladı. Bu arada da qayınanam məni başqa otağa aparıb, kim olduğunu öyrənmək istəyirdi. 

Bütün qohumların, tanışların adını çəkdi. Axırda ərinin adını çəkəndə mən hönkür-hönkür ağlamağa başladım, məsələni başa düşdü. Çıxıb getdilər. 

Onlar gedəndən sonra Qurana əl basıb, hər şeyi olduğu kimi yoldaşıma danışdım. Heç nə demədi, ən güvəndiyi insandı atası.

Yay idi, çantama evdəki 150 manatı, şəxsiyyət vəsiqəmi qoyub, telefonumu da söndürüb, hava almaq adı ilə evdən çıxıb getdim. 

Nə anam, nə də atama güvənirdim. Hətta nifrət edirdim. Özümü də kirlənmiş hiss edirdim. Bir gün küçədə qalandan sonra uzun zamandır görüşmədiyim rəfiqəmgilə getdim. Sən demə, rəfiqəm artıq xəbərdar imiş. Amma mənimlə heç nə bilmirmiş kimi davranırdı. Onlara gedən kimi xalamla yoldaşı məni ordan məcburən apardılar. Xalamgildən də mağaza bəhanəsi ilə yenə qaçdım. 

3 gündən sonra məni tapdılar. Polis bölməsinə gətiriləndə evdən niyə qaçdığımı ailəmə və polisə açıq dedim. Amma polis məndən sübut istədi. Sübut olmadan kişiy heç nə edə bilmərik dedi. Boşanma məhkəməsində bunu yenidən dilə gətirsəm də, təbii ki, qarşı tərəf ona böhtan atdığımı dedi.

Artıq bir il yarım keçib. Ayrılmışam, işləyirəm və uşaqlarımla məşğul oluram. Yoldaşım əvvəllər aliment ödəmirdi, uzun zaman hüquqi müraciətlərdən sonra indi alıram. Keçmiş yoldaşımın valideynləri uşaqları görmək haqlarını təmin etmək üçün məni məhkəməyə vermişdilər. Uşaqlarımı onlara göstərmək istəmədiyim üçün məhkəməyə getmədim. Mən də onlara mülki dava açmışam. Uşaqlarımın o evdə haqqı var. O haqqı almaq istəyirəm. 

İndi mülki məhkəmə davam edir. Məhkəmə yanvarın 7-nə salınıb. Vəkilimin tələbi evin satılıb mənə də pay verilməsidi. 

Mən o insanları heç vaxt bağışlamayacam. Atamla anamı da məni zorla o ailəyə verdiyinə görə heç vaxt bağışlamayacam. Ən çox da anamı bağışlaya bilmirəm. Bütün bu hadisələrdən sonra mənə təhqiredici sual verdi. Sən nə üz vermisən ki, o kişi sənə elə şeylər edib? 

Bunu hamı deyirdi. Hamı məni günahkar kimi qələmə verirdi. Deyirdilər ki, özü üz verib, öz canında var. Amma anamın belə deməsini həzm edə bilmirəm. İndi də yoldaşınla barış deyir. Mənə inanmayan və müdafiə etməyən, əxlaqsız çıxardan bir adamla bir masada oturub yemək yeməyimi, ona qulluq etməyimi, onunla bir yatağı paylaşmağımı tələb edir. 

Qayınatam barədə hər şeyi açıb danışdığımdan sonra o, mənə şər atdı. Məni evdə bir yad kişiylə tutduğunu dedi. 

Aylardır əsəb xəstəsi olmuşam. Əllərim, dilim-dodağım əsir. Lakin inanıram ki, ən azı uşaqlarımın haqqını bərpa etməyi bacaracağam. 

Hekayəmi danışmaqda məqsədim mənim kimi çarəsiz qadınların səsi olmaqdır. Susmayın, problemlərinizi dilə gətirin, mübarizə aparın! 


Təəssüf ki, belə və bundan daha betər hadisə çoxdu. "Qadınkimi" qadınlarımızın səsidi. Hekayənizi danışmaq istəyirsinizsə, (gizli və ya açıq adla) mail və facebook ünvanımıza yazın. 

Qadinkimi.com