FEMİNİZM
2019-cu ildə qadın olmağın yolu: Caitlin Moran-dan layf-haklar Tarix : 27 Yanvar 2019, 22:08
Yazar : Qadinkimi.com
 
 Caitlin Moran "Necə qadın olmalı" kitabının müəllifidir.


Caitlin Moran-ın (Keytlin Moran)"Qadın olmaq" adlı kitabı 2011-ci ildə nəşr olunub.

Qadın necə olmalı, özünü necə aparmalı? Bu mövzu son zamanlar #MeToo hərəkatı və qadınların gördükləri işə görə kişilərlə bərabər maaş uğrunda apardıqları mübarizə fonunda xeyli aktuallaşıb.

Tanınmış britaniyalı jurnalist və feminist, "Qadın olmaq" kitabının müəllifi Caitlin Moran qadınlara bu məsələ ilə bağlı hansı layf-haklar (strategiya) təklif edir?

Müəllif BBC üçün məxsusən kitabının səkkiz bəndlik xülasəsini hazırlayıb.

1. Öz problemlərini özün araşdırıb özün də həll et

Caitlin feministliyə 15 yaşından başlayıb. "Qadın-xacə" adlı kitabın olduğunu eşidəndə, onu tapıb-oxumaq istəyir və bunu edir. Feminist ruhunda yazılmış bu kitab ona böyük təsir göstərir.

"Germaine Greer öyrədir ki, feminist kimi edə biləcəyin ən vacib iş hər şeyi özün üçün anlayıb başa düşməkdir", - Caitlin deyir.

"Feminizm - qaydalar siyahisi deyil, bu, yaranan problemlərin başa düşülməsi və həlli üçün tətbiq olunan məntiqi nəticələr sistemidir", - Caitlin izah edir.
 


2. Yaxşı öpüşən oğlanı axtarma; maraqlı həmsöhbət olanı axtar

Caitlin paytaxtdan uzaq olan Wolverhampton-da böyüdüyü dövrdə oğlanlarla bağlı bəxti gətirməyib, ona görə də Londona köçəndən sonra oğlanlarla tanış olmaq və flört etməyi öyrənmək qərarına gəlir.

"Mənim üçün ən böyük həyat dərsi o oldu ki, birindən sadəsə səni opməyi xahiş edə bilərsən və əks-tərəf çox vaxt bu xahişi yerinə yetirir, - yazıçı deyir. O, eləcə də özü üçün müəyyən edib ki, öpüşməyi ən yaxşı bacaranlar, adətən, yaxşı həmsöhbətlər də olurlar. "Onlar səni dinləyirlər və dediyin hər şeyə reaksiya verirlər".

 

3. Seksizmin olub-olmadığını bir sualla müəyyən etmək olar

Caitlin jurnalistika fəaliyyətinə bir musiqi jurnalında təzə başlayanda, jurnalın redaktoru ondan dizinin üstünə oturmağı xahiş edib. Bu hadisə onu özündən çıxarıb.

"Bəzən seksist rəftar baş verəndə, təlaş hissi keçirirsən, bunun seksizm olub-olmadığını anlaya bilmirsən, şübhələnməyə başlayırsan. Belə olanda özünüzə sual verməlisiniz: Kişilər belə hadisə ilə üzləşə bilərlərmi? Onlar bununla barışırlarmı?" - deyir jurnalist və qoyduğu ritorik suala cavab verir: "Əgər cavab "yox"-dursa, onda, çox guman ki, həqiqətəndə seksizm hadisəsi baş verib". (Redaktorun redaksiyadakı kişilərin heç birindən belə bir şey tələb etdiyini deməyə ehtiyac qalmır)

 

4. Sevgilinlə münasibətlərdən elə hey danışırsan? Bəlkə də münasibətləri kəsmək vaxtı çatıb

Caitlin-in Courtney adlı ilk sevgilisi, onun təbirincə, "tənbəl və ağır xasiyyətli" birisi olub və onu həmişə "məyus" edib. Bu cür məyus halda Caitlin saatlarla bacısı ilə telefon danışıqları zamanı Courtney ilə münasibətlərini müzakirə edib.

Caitlin hesab edir ki, qadın sevgilisi ilə xoşbəxt olanda adətən susur, sanki yarım il müddətinə yoxa çıxır, sonra isə təxminən üç kilo çəkisi artmış halda, baxışı xoşbəxtlik saçan vəziyyətdə yenidən peyda olur.

Qadın xoşbəxt olmayanda isə, bu barədə daim danışır. 
 


5. Modaya gəldikdə, sadə qaydalara əməl edin. Onlar cəmi dörddür

a) Bəbir dərisinə bənzər naxış neytral naxış sayılır;

b) Əgər qara rəngdə belədək qalxan qadın corabı və hündür dabanlı botilyon çəkmə geyinmisinizsə, qalan əyin-baş sərbəst seçilə bilər;

c) Dəftərxana yapışqan lenti (skoç) corablarınızdakı qasığa təsadüf edən cırığın üstünü yapışdırmaq üçün kifayət qədər möhkəm deyil.

d) Heç zaman yalnız kimyəvi təmizləməni tələb edən paltar almayın. "Əgər gözəl bir geyim qarşınıza çıxıbsa, lakin onu yumaq qadağandırsa, onda 100 dollarınızı cibinizə qoyub yolunuza davam edin", - Caitlin məsləhət görür.
 


6. Toya pul yoxdur? Qənaət üçün toyu nikahın əvvəlində yox, sonunda edin

İngiltərədə toyla bağlı əsas problem toy xərcidir - orta hesabla toy 31000 funta (təxminən 40000 dollara) başa gəlir.

"Niyə də toy nikahın əvvəlində yox, sonuna yaxın, ər-arvad 60-70 yaşlarında olanda təşkil edilməsin?, - Caitlin soruşur.  O zaman artıq ipoteka krediti ödənilmiş olur və ər-arvad "Mən səni əbədi sevəcəyəm" vədinin yerinə yetirildiyini əminliklə söyləyə bilər.



7. Analıq elə bir şey öyrətmir ki, onu başqa yerdən bilmək mümkün olmasın

"Hamı düşünür ki, ana olmayan qadın, müəyyən mənada, natamam olur, analıq elə həyat dərsidir ki, onu heç nə əvəzləyə bilməz" - Caitlin yazır.  "Aydındır ki, bu, belə deyil."

Caitlin hesab edir ki, "analıqda elə bir şey yoxdur ki, onu yüzlərlə gözəl kitab oxumaqdan, qayalıqlı zirvələrə qalxmaqdan, sevişməkdən, qışda çayda çimməkdən, güllər yetişdirməkdən, nəzakətli olmaqdan və tanımadığın adamlarla kobud davranmamaqdan əldə edə bilməyəsən".
 


8. Həyatdan ləzzət almaq hüququnuzda təkid edin

Qadınlar özlərini "mühüm işlər siyahısı" sayır.

Bununla bağlı Caitlin deyir: "Köklük, həddən artıq tüklü olmaq, dəbsiz geyim, yorğunluq, cazibədar olmamaq - bütün bunları həll etmək mümkündür".

Qadınlar hesab edirlər ki, heç olmasa bir az cazibədar olmaq üçün onlar xeyli pul və vaxt sərf etməlidirlər.

Caitlin şəxsi təcrübəsinə əsaslanaraq, deyir ki, qadınlar belə xırda, lakin onların həyatını dözülməz edən problemlərlə məşğul olmalı deyillər.  

O hesab edir ki, bütün bu cür xırda problemlər qadınlarda yalnız gülüş doğurmalıdır, çünki indiki feminizm dalğasının mərkəzində qadının "həyatdan ləzzət almaq hüququnda təkid etməsi" məsələsi durur.
 
 

Mənbə: bbc.com