GENDER
12 Fevral 1983 - Pakistanda qadınlar hərbi diktaturaya və şəriət hüququna qarşı dirəndilər Tarix : 12 Fevral 2019, 20:38
Yazar : Qadinkimi.com
12 Fevral 1983-cü ildə, Pəncab Qadın Vəkillər Assosiasiyası, General Məhəmməd Ziya-ül Haqqın hərbi diktaturasına meydan oxuyaraq bir nümayiş təşkil etdi. 200 qadın nümayişçi və vəkil məhkəmədə bir kişinin şahidliyini iki qadının şahidliyinə bərabər tutan Sübut qanununa qarşı toplandılar. Nümayişçilər, qanuna qarşı bir ərizə təqdim etmək üçün Regal Chowkdan Lahor Ali Məhkəməsinə getməyi planlaşdırır, ancaq polis vəhşiliyi ilə rastlaşırlar. Polislər nümayişçiləri çevrəyə alır, yürüşə başlayanda göz yaşardıcı qaz və dəyənəklərlə hücum edir. Pakistanda polisin qadınlara etdiyi ilk təcavüz idi bu. Qadınların bir çoxu yaralanır və həbs olunur. 12 Fevral etirazı din adına qadınların hüquqlarının pozulmasına qarşı bir nümayiş idi. İnsan haqları, qadın haqları və dünyəvilik üçün edilmişdi. Bu aksiyaların nəticəsi olaraq, Sübut qanunu tətbiq olunmadı. Qadınların dirənişi qadın hərəkatının güclənməsini təmin etdi. 12 Fevral tarixi, o gündən bəri Pakistanda Milli Qadınlar Günü kimi qeyd olunur.