FEMİNİZM
Yüksəldilən kişi, çökdürülən qadın - Aysel Atəş yazır Tarix : 02 Dekabr 2022, 19:44

Həyata gözümüzü açıb bir şeyləri öyrənməyə və öyrətməyə başladığımız andan bəri beynimizə yeridilən tək önəmli şey vardı: İnsan olmağı bacarmaq!

 

Bunu nə dərəcədə bacardıq, nə qədərini mənimsədik yaşayaraq görürük. Lakin hər zaman bir şey diqqətimi çəkmişdi. İnsanı tək varlıq olaraq öyrətmədilər bizə.

 

 

 

İki çeşid insan tanıtdılar bizə - zirvəyə qaldırılaraq yüksəldilən kişi, aşağıya çırpılaraq çökdürülən qadın. Hansı daha çox insandı? Hansı daha hökmrandı? Hansı daha çox liderdi?


 

Düşüncənin kökündəki problem bizi insan olmaqdan uzaqlaşdırdı bəzən. Qadını alçaldan, kiçimsəyən, ikinci sinif insan olaraq görən toplum öz qafasında qurduğu hökmranlığı kişilərə tanıdı və onları daha çox insan olaraq gördü.

 

Bu yaxınlarda xəbərlərdə göstərdilər: on dörd yaşlı qız zorla evləndirildiyi üçün evdən qaçıb. Bəli, on dörd yaşında bir uşaq. Bu qız hansı şərtlər altında insan olmağı bacarar, sizcə? Nifrətini, hirsini bu topluma qusaraq necə insan olacaq, söyləyin?

 

Qonşu qadın alkoqolik ərindən şiddət görür. Üzündə və qollarında heç keçməyən göyərmələr var. Və ən böyük "göyərmə” yara halına dönmüş şəkildə qəlbindədir. Bu qadın necə insan olacaq, sizcə?


 

Gecə yolda gedərkən yoldaşıma yol kənarında dayanan "gecə qadınları”nı və onlar üçün maşınları yavaşladan, dürlü təkliflərlə hırıldayan adamları göstərdim. Yaxşı, bu adamlarmı toplumun üzvü deyil, yoxsa bu qadınlarmı? Hansı daha yaxşı insandır, ya da hansı sadəcə insandır?

 

 

Axşam yeməyini gec hazırladığı üçün söyüşlər eşidən bir tanışım var. Əri beş qəpik etməyən bir "insan”dır. Bəli, ona da insan deyirik, söyüşlə yatıb-duran o qadına da.

 

 

İnsan olmaq çox geridə qaldı. İnsanlar artıq insan olmağı bacarmır. Bacarmaq üçün bir səy də göstərmirlər əslində. Bu şəkildə xoşbəxtdirlər. İnsanlar bizim uşaqlığımızda qaldı. Biz böyüdük, insanlıq böyüyə bilmədi, kiçik qaldı. Gözəl qonşuların oldu məhlələrdə, xəstə qonşusuna yemək aparılan evlərdə, küçədə top oynayan, ip üstündə hoppanan uşaq səslərində, uzunsaç kuklalara əlbisə tikən uşaqların əllərində və nağıllarla yatan körpələrin ürəyində qaldı insanlıq.

 

 

İnsan olmaq bir ərdəmdir! İnsan olmaq hökmranlığı deyil, şəxsiyyəti təqdir etməkdir. İnsan olmaq sənin niyyətindir, nəfsindir.

 

 

 

İçimizdə daşıdığımız mənlik duyğusunun haqqını vermədən insan olunmaz. Cinsiyət olaraq düşünsək, bu, bizim seçimimiz deyil. Amma yaşadığımız müddətcə içimizdə və mənliyimizdə necə insan yetişdirməyimiz istiqamətində özümüzə yarğılarımız, sorğumuz olarsa və ya içimizdə sadəcə insan yetişdirmək səyimiz varsa, İNSANIQ!

 

 

Gözəl insanlarla kağızdan gəmilərimizi mavi ümidlərdə üzdürmək diləyilə... 


Aysel Atəş Abdullazadə - Türkiyə, Antalya

qadinkimi.com