QADIN / KİŞİ, GENDER
YAXŞI AT QAMÇI VURDURMAZ VƏ YA QADININ AT KİMİ QAMÇILANMASI Tarix : 25 Noyabr 2019, 16:00

Qadın zorakılığı məişət zorakılığının bir növüdür. Zorakılığın bir neçə növü var: iqtisadi, cinsi, psixoloji, fiziki və.s.


 

Aqressiyanın səbəbi nədir?

 

Ailədə 2 yetkin insandan biri digəri üzərində fiziki dominantlığını göstərirsə, bu, zorakılığa gətirib çıxarır. Deməli, sivil qaydada həll axtaran modern insan kimi yetişə bilməmişik.

 

Qadının fiziki cəhətdən daha zəif olması heç bir kişiyə qadın üzərində güc tətbiq etmək haqqı vermir.

 

Qadını kişinin "qulu" hesab edənlər az deyil. Qadına qul kimi baxan kişi isə bir "quldar", bir "ağa" kimi hökm, güc, sonda isə şiddət göstərir.

 

Məişət problemlərinə görə (yemək gec hazırlandı, ev səliqəsizdir,paltar ütülənməyib) şiddətə məruz qalan qadınlarımızın sayı-hesabı yoxdur. Bəzi kişilərin düşüncələrinə görə qadın "məişət robotu" funksiyasında çıxış etməli və istək yerinə yetirməlidir.

 

Azərbaycan 2006 - cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına dəstək verib. Bu barədə Milli Məclisin 21 dekabr 2006-cı ildə verdiyi bəyanatda deyilir: "Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb”.

 

 

 

Daha sonra Milli Məclisdə "Məişət zorakılığına qarşı mübarizə haqqında” Qanun (22 iyun 2010) qəbul edilib.

 

Statistikaya əsasən hər il dünyada 1200-ə yaxın qadın öldürülür. Ən acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, şiddət uşaqların gözləri önündə baş verir.

 

 

Anasına qarşı şiddət görən uşaqlar gələcəkdə ata və ana funksiyaısını necə yerinə yetirəcəklər?

 

Təbii ki, valideynlərini təqlid edəcəklər. Oğlan uşağı - gələcəyin atası öz ailəsində də şiddət tətbiq edəcək, qız uşağı da - gələcəyin anası şiddətə məruz qaldığı halda stereotiplər çərçivəsində qalaraq susacaq.

 

Başqa sözlə desək, indiki ailə modeli gələcək üçün "destruktiv ailə" formalaşdırmış olacaq. Məsələyə prizmatik yanaşsaq, bir neçə səbəb tapmaq mümkündür. 

 

Səbəblər klassifikasiyasında 1-ci yerə savad və maarifləndirməni yerləşdirə bilərik. Azərbaycan reallığında şiddətə məruz qalan qadınların əksəriyyəti tam orta təhsili olmayan qadınlardır. Bu cür qadınlar erkən yaşlarından təhsildən uzaqlaşdırılan, erkən nikaha cəlb olunan, dünyagörüşü tam formalaşmamış qadınlardır. 

 

Əslində bir çox qızımız hələ ata evində psixoloji zorakılığa məruz qalır.

 

Qız uşağı nədir, oxumaq nədir?

 

Bu fikirlə yaşayan valideynlər qızlarını natamam orta təhsili bitirər-bitirməz "qız yükü duz yükü deyib" ərə verirlər. Sonradan o ev qadın üçün məzara çevrilir. Qadın zorakılığını bir ağaca, səbəblərini isə çoxşaxəli köklərə bənzətmək olar. Deməli, problemin köklərindən biri valideynlərin qızlarına yanaşmasıdı.

 

Yeniyetməlikdən "köləliyə" öyrəşdirilmiş qız sonrakı şiddəti boynu bükülü və susqun qəbul edir. Cəmiyyətdə, ailədə qadının istəyi, arzuları, qərarları - səsi eşidilmirsə, orada haqq-ədalət və bərabərlikdən danışmaq olmaz.


 

Yaxşı at qamçı vurdurmaz

Qadın və kişinin vəzifələri ayrı olsa da hər ikisi bərabər hüquqludur. Ölkəmizdə oktyabr ayı üçün 1 həftəlik statistika açıqlanıb. Statistikaya əsasən həftə ərzində şiddətə məruz qalaraq öldürülən qadınların sayı 12 nəfər olub. Bu, həm qan dondurucu, həm də düşündürücü statistikadır.

Qadını miniləcək at kimi görən ölkələrdə mentalitet ona şiddəti dəstəkləyir. Azərbaycanın bu cür ölkələr sırasında olmaması üçün mübarizəni davam etdirməliyik. 


Zarema Əliyeva, İsmayıllı

Qadinkimi.com