YAZI / DÜŞÜNCƏ
Yalan - Aysel Fikrət Tarix : 14 Yanvar 2020, 12:56
Yazar :

Zülmət səssizliyin ən əlacsız dostudur, necə ki, biz dostuq. Hə, dostum, gəl otur, söhbət edək. Nə var, nə yox? Necə yoxa çıxartdın məni? Əvvəl xəyalından, sonra yuxularından, elə yanımda dura dura...


Əslində susmuşduq…Gedəcəyimiz yerləri qapatmışdı yollar.

Gəl kinoteatra gedək. "Elə ozümüz film kimiyik” demişdin, yadında? Getdik də. Əllərində olan qarğıdalı çöpləri dağılmışdı yerə. Mən də gülmüşdüm. Filmin adı önəmli deyil, yuxum gəlirdi əslində.


 Gözəl film idi. Gözlərimi əllərinlə tutub, "bəlkə mənə baxasan?”- dedin.

Onsuz da səni hər gün görürəm də... Qulağına pıçıldamaq üçün boynumu qaldırdım.


- Sən işıq pulunu verdin?


- Ay da, olmadı ki... Bütün romantikanı pozdun...


-  Bəlkə filmə baxmayasan, axı danışmışdıq? - gülümsədim.


-  Sənə hər an vuruluram. 


-  Yalan danışma. 


-  Qırırsan adamı. 


-  Necə qırıram? Birdən, ya hissə-hissə?


-  Birdən.   


- Ay yoldaş, bir az səssiz olun. Burda səs salmaq olmaz!


Bax bu dəfə lap səssız sənə sığındım.  

Bir az keçmədi yatdın. Xoruldamağa başladın... Əllərin buz kimi, onları tutmaq belə olmur. Bu otuz illik evlilikdə nələr ayırmayıb bizi... 

İndi uşaq kimi yatmısan, sənə qıymıram..."Oyan artıq” deyə bilmirəm.

"Bir məni gör nəhayət” - deyə bilmirəm.


Filmə sona qədər baxdım. Aldanışdan bir film idi... Əvvəl qadını aldadan ər, sonra ərini aldatmağa cəhd edən qadının dramı... Sonra da qadının ölümünə sarsılıb sevgilisindən ayrılan ərinin göz yaşları...


Evə dönərkən səssiz qaldım... O qədər səssiz faciələr var ki. Sevgisizlik ən böyük faciədir. Bilirəm, sən tükdən asılı evliliyimizi

qoruyub saxlamaq istəyirsən. Yalnız...


-  Film xoşuna gəldi?


- Yox, həyat daha maraqlıdı, - dedim.

 

- Çay içəcəksən?  


- Pis olmazdı.


- Onda mürəbbəni eyvandan sən gətir. 


- Olmadı ki… 


Çay içirik. Hərdən gülümsünürəm, yalnız, tez keçib gedir. 


 

 

 


Aysel Fikrət

qadinkimi.com