YAZI / DÜŞÜNCƏ
Xoşbəxt olmaq belə asansa - Kamalə Abiyeva yazır Tarix : 24 Avqust 2018, 14:34
KAMALƏ ABİYEVA

Nəvən yanında oturur. Bir azca sənə qısılır, əlindən tutur: xoşbəxtsən. Birdən üzü üstə uzadılmış, soyundurulmuş təpiklənənməkdən gömgöy olan, əsgərlərin tüfənglərinin lüləsiylə məzələndiyi, zorladıqları uşaqların  görüntüsü düşür yadına. Ürpənirsən. Sən körpəyə qısılırsan, onu qucağına alıb özünə sıxırsan. Hər şeydən xəbərsiz baxışları sənə zillənir, üzünü balaca əllərinin arasına alıb ”Kama, nə oldu?”-soruşur. ”Basın ağrıdı?” Sənsə əynində güllü paltarı, ayağında corabları, başmaqları olan, heç vaxt ağrımayacaq başının harda olduğu bilinməyən qızcığazı xatırlayırsan...Başağrılarını anlamayan başının qayğısına qalıb onu sığallayan körpəni buralardan götürüb qaçmaq istəyirsən. Amma hara? Yer üzü qürub çağı qırmızıya boyanan günəş kimidi. Qızarır...Ardınca qaranlıq gətirir. Bu an onun istisini, əllərinin sığalını hiss edirsən: əvəzolunmaz hissdi. Xoşbəxtlikdi.

Başını sinənə qoyur. Bərk-bərk səndən yapışır. Nəfəsini hiss edirsən, bu nəfəsdə yaşayırsan. Bu nəfəsdən şirin, önəmli, mövcud olmağa, yaşamağa haqqı olan heç nə, heç kim gəlmir ağlına. Lüt-üryan, qalaq-qalaq, üst-üstə yığılan, işgəncə edilən insanların FB- də yayılan görüntüləri düşür yadına. Amma o, xəbərsizdi, rahatdı, məsuddu. Bunu hiss edirsən. Xoşbəxtlikdi...

Nəsə danışır. Üzünə baxıb gülür. Düşünürsən: Belə gülüş də var dərdsiz – qəmsiz. Xoşbəxtlikdi! Və bu gülüşü qorumaq istəyirsən! Və bu sevinc səpən səsi qorumaq istəyirsən! İşgəncələrə, müharibələrə son qoymaq üçün müsəlman bacı- qardaşlarına, ürəyində rəhm olan bütün insanlara yalvaran xanımın səsi qulaqlarında partlayır...Mətbuatdan,TV-lərdən tökülən müharibə xəbərləri, insanların vəhşiliyi içini dağıdır.

Nəvəmsə öz işindədi. Nə körpələri uğrunda ölən atalardan, nə arsızca həyatdan nə istədiklərini bilmədən dolaşan, cocuğunun böyüməsini görmək, əlindən tutmaq səadətini yaşamaq ağlında olmayan atalardan xəbəri yoxdu. Bütün müharibələrə "YOX” deyən baxışlarla, bütün əzabların "NİYƏ”sini puça çıxaran səsiylə danışır. Bütün silahların  heç olduğunu anlamaq, bütün silahları yandırmaq, yox etmək üçün bəs edən bircə öpüşüylə səni özünə qaytarır. Xoşbəxtlikdi... 

Körpənin əlindən tutub dünyanı dolaşmaq, müharibələrə "YOX” demək, əsgərlərə ”DURUN”deyə hayqırmaq keçir ürəyindən. Amma imkansızdı. Mümkünsüzdü. Düşünürsən:

Burda
ölüm doğan səhvlər də,
"silah” adlı kəşflər də,
günahlar da özbaşına...
 göz yaşına bənzəyir bura
göz yaşına...

Müharibə...Müharibə...Silahlar...Ölümlər... Siyasətdi deyəcəksiz bəlkə...Amma hamısı insandı-müharibə də, silah da, ölən də, öldürən də...siyasət də...təbrikləri, mesajları xatırladım: Ramazan bayramınız...Mənsə heç kimi təbrik etmədim. Mən bu müqəddəs ayda din xadimlərini bir-birini qıran müsəlmanlara "DUR”deməsini istədim. Bütün elədiklərini bir tərəfə qoyub körpələri zorlayan, işgəncə verən müsəlman əsgərlərin qarşısına çıxmalarını istədim din xadimlərinin. Bəlkə yenə deyəcəksiz; asandı məgər, Avropa var, Amerika var...Amma onların da din xadimləri var. Mən siyasətçi deyiləm. Din də siyasət deyil. Nə olsun dinlər ayrıdı. TANRI birdi. Mən dinin siyasətdən uzaq olmasını, insanları xoşbəxt etməsini istədim. Düşünürəm ki, niyə bunlar dünyanı müharibədən qurtarmırlar? Bir az yaxına gəlsəm, niyə rəsədxanaya ayın təzələnmə vaxtına görə etiraz edən QMİ  durmadan bəyanatlar vermir? Niyə şeyxlər başqalarını da başına toplayıb bu ölümlərin qarşısını almağa cəhd eləmir? Niyə məktəblərdə hicaba icazə verilmədiyi üçün hicablı bir qadının ağlaya-ağlaya "Bu, bizim namusumuzdu” "Bu, sizin namusunuzdu. Ay qardaşlar, bunu qoruyun...” kimi görüntülərin yayılmasına icazə verilir? Bu, özü də qırğına çağırışdı...Kiminsə düşüncəsinə görə, fikrinə görə ölüm hökmü çıxarılmasına niyə heç nə demirlər? Bunlar hamısı günahdı axı. Amma Tanrı heç kəsə onun işinə qarışmağa icazə verməyib. Əzrail var. İnsanlar bir-birini öldürəcəksə, Əzrail kimdi? Mələkdi Əzrail...İnsanlar mələk, Əzrail qatil deyil...Hər kəs öz günahlarına görə özü cavab verəcəksə, kiməsə ölüm hökmü çıxarmaq nə deməkdi? Mən istərdim ki, müqəddəs ayda, elə başqa aylarda da müqəddəs kitabla yaşayan müsəlman dünyası dünyaya müqəddəslik versin- körpə gülüşü. Dünyanı müqəddəsliyə bürüsün-körpə sevincinə. Dünyada müqəddəsliyi qorusun- körpə xoşbəxtliyini.Yenə düşünməyin ki, Tanrısızam. Qətiyyən! Qatı dindar olmasam da öz anlamıma sığan inanclarım var, hamının da düşüncəsinə hörmətim. Hər gün Tanrıya dua edirəm-söhbətləşirəm, bölüşürəm. Cünki mən onu sevirəm, hiss edirəm, görürəm. Hələ heç kəsə ”ALLAHDAN QORX” deməmişəm,  "SEV” demişəm. Sev ki, o da səni sevsin. Qorxudan sevgi yaranmaz. Onu eşit ki, o da səni eşitsin. 

Burda hamı elə bil 
iblislə müştərəkdi,
Şeytan ilə əlbirdi,
 Əzrailə şərikdi.
Tanrısa burda təkdi.
yalnızdı, köməksizdi.
Işinə qarışan çox,
Dadına çatansa yox.
Burda yaratdığına
Tanrı məəttəl qalıb
Bu günə qədər Adəm səhvini anlamayıb.
Anlamayıb adəmlər,anlamayıb adamlar.
Sən bağışla onları.
 səni görməyənləri,
...
Tanrı sevdiklərinin,
sevənin yanındadı,
sevginin yanındadı.

Düşünə-düşünə körpəni bağrıma basıram, ikimiz də yoruluruq. "Oxu” deyir, "hamı da”de, deyir. "Mənim balam yuxlasın...Hamı da laylay desin...”deyirəm. Bu müqəddəs yuxuya baxıram, bu müqəddəs varlığa baxıram. Başını sinəmə söykəyib. Xoşbəxtlikdi...Və bu müqəddəs varlıqların əzab çəkə biləcəyi hissi ürəyi partladar. Və dünyada insan ağrısından- körpəyə işgəncə verməkdən dəhşətli günah ola bilməz.Və bu varsa, yer üzü qürub edir və səhər açılmaya bilər.

Mənsə yuxulayan körpəyə baxıram. Bütün vəhşiliklərdən, acılardan xəbərsiz olan körpəyə varlığı kimi müqəddəs günlər arzulayıram.Və düşünürəm ki, bunun üçün hər şeyə hazıram. Bunun üçün yaşamalıyıq. Bunu qorumalıyıq. Sadəcə başını sinənə qoyub yatan körpə var. Necə müqəddəs duyğu...Bu müqəddəsliyin həyatımıza-YER üzünə hopmasını istəyir adam.Varlığını duymaq sözəgəlməz xoşbəxtlikdi, necə asan...

Xoşbəxt olmaq belə asansa niyə xoşbəxt olmuruq?...

Qadinkimi.com