UŞAQ / BÖYÜK
Verilişlərdə köməksizlərə mərhəmət, yoxsa rəqabət - Flora Hüseynova yazır Tarix : 27 Aprel 2022, 17:20

Bir süjet çıxdı qarşıma. Amerikada bir türk sosial mövzuda çəkilişlər aparır. Təbii ki, çəkilənlərin bundan xəbəri yoxdur. Restoranlara daxil olur və masalardan birinə yaxınlaşıb ac olduğunu deyir, ona bir dilim pizza vermələrini xahiş edir. Neçə restorana daxil olursa heç kim öz yediyi pizzadan bir dilim paylaşmır. Sonra aparıcı uzaqda bir bomjun oturduğunu görür və yanındakı əməkdaşa bir pizza alıb o bomja verməsini tapşırır. 


Əməkdaş pizzanı bomja verdikdən sonra aparıcı ona yaxınlaşır və ac olduğunu, ona bir dilim verməyini xahiş edir. Bomj çox məmnuniyyətlə ona pizza verir. Aparıcı bomjun yanında əyləşib yeyə-yeyə onunla söhbət etməyə başlayır. Söhbət əsnasında məlum olur ki, bomj da türkdü...


Niyə o türk Amerikada bomj kimi yaşayır, niyə vətənindən gedib bütün bunlar haqqında süjetdə açıq aydın danışılsa da mən tam başqa səmtə yönəltmək istəyirəm fikrinizi. Türk milləti açıq qəlblidi, mərhəmətlidi, yardımsevərdi.


Bütün bunların 15 gündü ATV-də gedən "Bizimləsən” verilişində  şahidi oluruq. Amirin həyatda qalmağı üçün 2 milyon 200 min dollara ehtiyacı var. Başa düşürəm, çox acınacaqlı bir haldır. Valideyn üçün dözülməzdi, ağırdı. Hamımız çox ürək ağrısı ilə izləyirik olanları. 



İlk günlər karta köçürülən məbləğ açıqlanırdı. Sonradan sənət adamları studiyaya gəlib yardım etməyə başladılar. Studiyaya gələnlərin sayı hesabı bilinmir. Studiya adamlarla dolub boşalır. Hamı əlində konvert yardım gətirir. Bir anlıq neft ölkəsinin vətəndaşı olaraq  özümü çox pis hiss elədim. Bu belə olmalıdı? 


Bəs vətəndaşın belə ağır günündə dövlət onun yanında olmayacaqsa kimə güvənməlidi bu xalq? Mən aparıcı Zaur Baxşəliyevin zəhmətini danmaq istəmirəm. Adam əziyyət çəkir, yarım aydı ki, bu məsələ ilə məşğuldu.


Məni narahat edən tam başqa məsələdi, ana durmadan ağlayır, sızlayır. Gələnlərin əllərini öpür, diz çökür, "ayağınızın altında ölüm” kimi ifadələr işlədir. Bilirəm, ana övladı üçün düşmən qapısına belə gedər, amma Amirin anası düşmən qapısında deyil axı... 


Başqa vaxtda Azərbaycan anasının müqəddəsliyindən danışırıq. 44 günlük ağır müharibəni qazanan övladlar yetişdirən Azərbaycan anası niyə bu vəziyyətdə olmalıdı? Veriliş ərzində saatlarla ana durmadan ağlayır, yalvarır...


Bu verilişə baxarkən mütləq bir-iki günə ARB-də Xoşqədəm Hidayətqızının da belə bir aksiya edəcəyini dedim. Dedim və yanılmadım. İki gün sonra balaca Nurayı efirə çıxardıb 12 gün ömrü qaldığını dedilər və marafon başlandı. Dedilər deyəndə ki, Nuray özü dedi. Hələ üstəlik 12 günlük ömrü qalan Nurayı rəqs də elətdirdilər. Bu necə mümükündür deyəcəm, ona da oxucular qərar versinlər, bu necə olur? 


Kimsə buna məhəl qoymasa da 12 yaşlı uşağın psixologiyasına zərbə dəyir. Vəziyyət də sanki yarış halını alır. Məni narahat edən odur ki, xalq belə verilişlərdə nə qədər uşağın həyatını xilas edəcək?Bəs dövlət?


Bu arada 12 günə Zaur Baxşəliyevin verilişində 1 milyon 500 min, Xoşqədəm Hidayətqızının verilişində isə iki günə 500 min azn yığıldı. 


İki həftədən çoxdur ki, sosial şəbəkələrdə, hansında ki, Zaur Baxşəliyev də, Xoşqədəm Hidayətqızı da çox aktivdilər, aktyor, ssenarist Elvin Ağayevin serrozdan əziyyət çəkdiyi və həyatda qalması üçün 70 min manata ehtiyacı olduğu durmadan paylaşılır. 3 uşaq atasıdır. Adam durmadan yalvarır, ölmək istəmirəm deyir. 

Dünən "son günlərimi yaşayıram” deyə müraciət etdi.


Bütün bunları müşahidə etdikcə səmimiyyətin, mərhəmətin harada olduğunu görmək istədim....

 

Flora Hüseynova

qadinkimi.com