UŞAQ / BÖYÜK
Uşaqlarınıza üstünlüklərini deyin - Ağa Mehdiyev yazır Tarix : 01 İyun 2022, 10:48


Gələcək valideynlər - oğlan və qızlar üçün yazı: 


Oğlan övladlarınıza kiçik yaşlarından bacılarına söz və əməl ilə məhəbbətlərini göstərməyi mütləq və mütləq öyrədin. Bacılarını başlarının tacı etsinlər. 




Onlara gül-dibçək alsınlar, sığallasınlar. Xoş sözlər desinlər. Həmişə ehtiramını saxlasınlar. Heç vaxt kimsənin yanında sözlərini kəsməsin, tənqid etməsinlər. Bacılarına bir məktəb olsunlar. 




Nəsə problem yarananda mütləq kənara keçib birgə həll etməyə çalışsınlar. Bacılarına o qədər sevgi verib tərif desinlər ki, həmin qızlar sabah məktəb, universitet, həyatda hər hansısa gözəl kəlməyə, maddi şeylərə aldanmasınlar. 




Böyük sevgi, diqqət ilə böyümələri onları elə yetişdirsin ki, ən ağıllı, agah, ədəbli, dürüst, sadiq insanları belə təəccübləndirə bilsinlər. 




Özlərinə uyğun ali kəslərə meyillənmə zəkası, rəftarı çox yaxşı inkişaf etsin. 




Ağrılı təcrübələrdən keçmədən hər sahədə ən yaxşı seçimlərini edə bilsinlər. Sabah həyat yoldaşına qarşı münasibətdə duyğularını, ən gözəl sözlərini deməkdən çəkinməsinlər. 




Ən ali hissə, sevgiyə sahib olmaqdan da mühümü onu məhz təqdim etməyi, söyləməyi, göstərməyi bacarmaqdır. 




Ata, qardaş, ana qızına bu mövzuda məktəb olmalı.




Bu proses əslində oğlanların özünü də formalaşdırmış olacaq. Bacısı, yaxud bacı kimi qəbul etdiyi birinə uşaqlıqdan sözlü-əməli sevgi, diqqət göstərməsi səbəb olacaq ki, həmin oğlan gələcəkdə yoldaşına münasibətdə daha şiddətli formada diqqətli, sevgi dolu olsun.




Uşaqlıqdan bacıya əməli ehtiram, sevgi sonralar öz həyat yoldaşına hər gün hisslərini ən gözəl, fərqli, davamalı şəkildə, ən incə formada təqdim etməsinə zəmin yaradacaq. Digərlərinə nisbətdə ən azı davranış bazası olacaq.




Valideynlər hər iki övlada ayrı-seçkilik etmədən sevgi nümayiş etdirsinlər. Əsla qadın-kişi münasibətlərində olan problemi uşağa yansıtmasınlar.




Qadın kişinin, kişi isə qadının ehtiramını yerə salmasın-xüsusən uşaq qarşısında, lap 18 yaşı belə olsa.




Qadın kişiyə, kişi qadına ehtiramsızlıq edəndə bu mənzərəni görən uşaq böyük ehtimal ki, gələcəkdə öz münasibətində də eyni şeyi təkrarlayacaq. Yoldaşının əzəmətini qorumayacaq. 




Bir çox hallarda bunun heç fərqində belə olmayacaq. Bəlkə çətin həyat yollarından, məhrum olmalardan sonra anlayacaq. Əlbəttə, kaş ki, zorluqlar ilə qarşılaşmaya. Maksimum xoşbəxt ola.




Xüsusən maddi amillər üzərindən övladınızı digər uşaqlar ilə müqayisə etməyin. Çatışmazlığını doldurun, nəinki dilə gətirin. 




Yoxsa sabah böyüyəcək həmin uşaqlar öz həyat  yoldaşlarına münasibətdə eyni səhvi təkrarlayacaqlar. Davamlı olaraq çatışmazlığa-maddi çatışmayan tərəflərə diqqət edib, yersiz müqayisələr aparacaq, qəlb qıracaq, ehtiramı aradan apacaqlar.




Ağıl, sədaqət, fədakarlıq kimi ali keyfiyyətlərlə deyil, maddi resurslarla qarşıdakılara dəyər verəcəklər. Sizdən öyrəniblər. 




Bacılar da qardaşlarına məktəb olmalı, onları əzizləməlidir. Onların üstünlüklərini dilə gətirməlidir. Öz üstünlüklərindən xəbərsiz oğlan sabah ağılı ilə deyil, məhz qulaqları ilə sevə bilər. 




Ailə, münasibətlərdə ən böyük problem prosesə rəqabət, siyasət kimi baxılmasıdır. Pak hisslər, səmimiyyət olmayan yerdə bərəkət olmayacaq. 




Qadın və kişi birlikdə daha ali, daha

güclüdürlər. Ən güclü kişi və ən güclü qadın məhz bir-biri ilə tamamlanır. Ayrı-ayrılıqda nə qədər yaxşı olsalar belə, boşluqdadırlar. 




Ailə məhz ailədir. Heç kim və heç nə onunla heç vaxt müqayisəyə gələ bilməz. Uşaqlıqdan bunu aşılamaq lazımdır. Bu, doğru anlaşılmasa sabah münasibətlər, zəhmətlər ən dəyərsiz şeyə belə qurban verilə bilər.




Mənə görə bilik oxumaqdan çox müşahidələrdən əldə olunur. Demirəm hər kəlməm doğrudur, əksər hallarda istisna ola bilər. 



Mənəvi olaraq hər-birinizi bağrıma basıram. 



Hamımıza içdən, enerji dolu həyat arzu edirəm. İstəsəniz sizə əziz olan kəslərə məhz bu dəqiqələrdə zəng edə, qucaqlaya, gözəl sözlər deyə bilərsiniz… 


Ağa Mehdiyev

qadinkimi.com