UŞAQ / BÖYÜK
Uşaq pulu haqqında - o, həm də kraliçanın nəvəsidi Tarix : 02 İyun 2022, 10:40
Yazar : Aysel Əlizadə

Hər mövzuya mental yanaşırıq. Beynəlxalq təcrübəmiz yoxdu. Ona görə də məişət zorakılığı azalmır. Məsələn, ailədə övladın hörməti olmur. Niyə? Çünki dövlət ailənin qarşısına öhdəlik qoymur. 


"O, təkcə sənin uşağın deyil, mənim vətəndaşımdı” mesajı vermir. 


İngiltərədə bir azərbaycanlı ailənin övladı doğulmuşdu. Bir həftə sonra qapıları döyülür, Ailə, Uşaq Komitəsi təmtəraqla içəri daxil olur və bəyan edir: Övladınızın doğulması münasibəti ilə sizi təbrik edirik. Ancaq unutmayın, o, təkcə sizin uşağınız deyil, həm də kraliçanın nəvəsidi. 


Ailəyə uşaq pulu kəsilir, ilkin ehtiyaclar üçün tədbir görülür, valideynlərə yük düşmür və ailə dövlət qarşısında dərin məsuliyyət hiss edir. 


Niyə Qərbdə uşağı incidən ailə valideynlikdən məhrum edilir? 


Hər kəs dövlət qarşısında məsuliyyət hiss etsin deyə. Necə gəldi, harada, nə vaxt gəldi uşaq peydahlaya bilməzsən, onunla istədiyin kimi davranmaq haqqın yoxdu, törəyəcəksənsə, yüz ölçüb bir biçəcəksən. Bədbəxt insan sayı, məsuliyyətsizlik azalsın, ailə institutu möhkəmlənsin, qadınlar aldadılıb doğduqlarını atmağa məcbur qalmasınlar, bir övladına baxmayan kişi təzədən başqa uşaq dünyaya gətirməsin deyə bunlar əsrlərcə yaşanan sorunların nəticəsi olaraq düşünülüb, qanunlaşıb. Qanun adətə çevrilib. 


Biz isə hüquqa el deyimi ilə yanaşırıq: Uşağın biri qaydadı, ikisi cana faydadı. Üçü nəhsdi, dördü bəsdi. Çıxdın beşə, vur on beşə. 


Belə olmur, əziz. Uşaq pulu yalnız "uşaq pulu” anlamı daşımır. Dövlətin "bu, təkcə sənin uşağın deyil, kraliçanın nəvəsidi” mesajını beyinlərə döyən siyasi aktdı. Dövlətçilikdi, əziz, dövlət deməkdi.


Aysel Əlizadə

qadinkimi.com