YAZI / DÜŞÜNCƏ
Kamran Nəzirli - Maşallah, İnşallah, Şükür, Kərim, Darçın xala və allergiya Tarix : 25 Aprel 2020, 19:37
Yazar : Qadinkimi.com

"Başsız atlı” məktəb illərindən yadımda qalıb; mustanqer Moris Ceraldın kübar sevgisi, Luizanın sədaqəti, qardaşı Henrinin başının kəsilməsi, Kassi Kolxaunun bədxah niyyəti, qısqanclıq, cinayət, xəyanət, hiylə, məkr, yalan, cəhalət, nadanlıq, amansızlıq... və sonda da məhkəmə səhnələri yadıma düşdükcə, o macəralı kitablı günlərimlə yaşamaq həvəsim oyanmışdı. Kitabı yenidən varaqlamaq, bəzi səhifələri təkrar-təkrar oxumaq könlümdən keçdi. Hərçənd mən bu romanın motivləri əsasında çəkilən film(lər)ə də baxmışam, heç xoşuma gəlməyib. Film kitabın yerini vermir, kitab da filmin; bu həqiqət yüz ildi ortalıqdadı. Ərinib-eləmədən o kitabı axtarmağa başladım, tapa bilmədim. Arvadım mənim əsəbi-əsəbi rəflərdə eşələndiyimi görüb soruşdu:

- Mirzə, noolub, yenə nə itirmisən?

- İtirmiş kimiyəm də!!! Kitab vardı burda, Mayn Rid, "Başsız atlı”... yoxdu... kim götürüb?

- Atmışam!

- Nə?.. Deməmişəm mənim kitablarıma əl vurmayın!

- Əşşi, Nuh əyyamından qalmış kitablardı, yığıb saxlamısan, toz içində... Allergiya verir... Hamısını o gün tulladım... Neynirsən e onu? Kimdi oxuyan?

 

Düzü, allergiya adı gələn kimi udqundum; axı mənim kitab tozuna qarşı (kitaba yox!) anadangəlmə allergiyam var! O zəhrimarın adını eşidəndə belə, başlayıram asqırmağa... Elə ağzımı açmaq istədim, asqırmaq tutdu məni, asqıra-asqıra çıxdım balkona; o gün uşaqların həkimi də deyirdi ki, kitab tozu koronavirus kimi bir şeydi, uzunmüddətli və zəhlətökən qonaqdı, nə bilim, qiyamətəcən səninlədi; illah da ki, xroniki allergiyası olanlar üçün... Bir yandan da bu fikir qulaqlarımı deşdi, yoxsa evdəkilər mənim xasiyyətimi bilirlər – zibilliklərə atılmış o kitablara görə elə qiyamət qoparacaqdım ki, səsimə bütün oxumuş və oxumamış qonşularımız yığışacaqdı. Amma asqırmaq girdi araya. Həəəəəə...ppisseyyy! Həəəəəə....pissseyyy! (Başımı bulaya-bulaya bərkdən asqırıram). Bir, iki, üç, dörd... Məni saxlamaq da olmur. Bu basabasda arabir həyət-bacaya, kimsəsiz parka da göz yetirirəm; görürəm asqırtım o cansız yaşıl yarpaqları belə diksindirir. Birdən hiss etdim ki, sağ-sol və yuxarı balkonlara çıxan qonşularım dərhal qaçıb girdilər evə. Neynim axı, allergiyadı da, məndən asılı deyil ki?! Hə, o qədər asqırdım, o qədər asqırdım ki, burnumdan, gözlərimdən sel-su axmağa başladı. Arvad qaçaraq əlində su bardağı gəldi.

- Mirzə, nooldu sənə? Dedim axı köhnə kitablar arasında eşələnmə! Al, al, su iç, özünə gəl! Burnunu möhkəm-möhkəm sıx, sakitləş!

- Eybi yox, onsuz da neçə gün idi beynim dolmuşdu, boşalır yavaş-yavaş!- özümü sındırmadım. Sonra oğrun-oğrun qonşu balkonlara boylandım: hhhəəəə...ppissseyyy! hhhəəə...pppisssey!..

- Ədə, ayıbdı, qonşular köçdü... gir evə! – arvad əlini ağzına tutub güldü.

(Karantinin bu işi də var e - adamın bəzi eyibləri çıxır üzə!)

Birdən dəhlizdən telefonun zəngi çalındı. Arvad yüyürüb dəstəyi götürdü. Mənim asqırtım isə kəsilmək bilmirdi ki, bilmirdi. Gördüm arvad geri qayıdıb üz-gözünü turşutdu:

- Qonşu Şükürün arvadıdı...deyir, Mirzə karonavirusa yoluxub? Bayaqdan asqırır... Düzünü deyin, xəstədisə, həkim çağıraq, aparsınlar da... Niyə gizlədirsiz?

(Arvadım əsəbindən gülürdü.)

- Bə sən nə dedin? (Asqırtım dərhal kəsildi, bir qıcığa bəndmiş!)

- Dedim, az, qorxma, allergiyası var...

- Əhhh, nədi, "açot” verirsən? – hirsləndim. – Vallah, bu karantin hamının başını xarab eləyib!!!

- Hə, day demə...Evdə qalmaqdan onun da başı xarab olub... Getsin öz ərinin qeydinə qalsın e! Həftə səkkiz mən doqquz qoyun ətinin kababını yeyir, artığını tullayır həyətə, onun ucbatından şəhərin bütün gəmiriciləri əl-ayağımıza dolaşır... "Uçastkovu” Maşallaha da "suka”lıq edir...

- Sən hardan bilirsən?

- Darçın xala dedi...

Adını tut, qulağını çək! Həyətdən Darçın xalanın həyəcanlı səsi gəldi. Arvad hövllənmişdi.

- Mirzə, ay Mirzə! Düş aşağı, tez elə! Qonşular qırırlar bir-birini!

Mən də əynimi geyinib hövlnak düşdüm həyətə. Darçın xalagilin blokunun ağzı adamla doluydu. Bir mərəkə qopmuşdu ki, gəl görəsən. Arvad məni görən kimi əllərini dizinə döyə-döyə dedi:

- Vallah, dünyanın axırıdı! Bunlar böyük-kiçik bilmirlər! Mizan-tərəzi itib! Başlarını itiriblər, nədi? Ay Mirzə, bəlkə sənin sözünə baxdılar! (Pah atonnan! İşə düşmədik?).

Şükürlə o blokda yaşayan Kərim əməlli-başlı əlbəyaxadaydı; təpik, yumruq, şillə...Və hava da söyüşdən baha olmuşdu!

- Axı sən kimsən, hə? Həyəti döndərmisən zibilxanaya... Başımızın üstünə bozbaş, çay xəkəsi, nə bilim sabunlu su... nə gəldi tökürsən...Əlli ildi beləsən! Nə qədər deyərlər, hə? Adamın bir mədəniyyəti olar də! Sənə heç yaxşılıq da yoxdu! Yediyinin-içdiyinin qədrini də bilmirsən! Səhərdən axşamadək deyinirsən! Sənin nə şükranlığın olacaq axı? Şükranlığı olmayanın mərifəti, kəraməti olar? Sənin kimi qonşu mənə lazım deyil!

- Bə sən kimsən, hə?- Şükür üzünü bozartdı.- Bütün günü adamlara quyu qazırsan da! Axırda özün düşəcəksən o quyuya, baxarsan! Səni görüm elə düşəsən o quyunun dibinə, qalasan orda həmişəlik!

- Ədə, qarğış eləmə!- Darçın xala dözmədi.- Kişiyə qarğış yaraşmaz!

- Hə, hə, Şükür, bəsdi, kişi qarğışı adamı tez tutar! - Bunu da həyətimizdə maşınlara baxan gözətçi İnşallah dedi.

- Sən sus! Vəkil deyilsən! – deyə Şükür bir yumruq da İnşallaha ilişdirdi və dava lap qızışdı...

- Siz allah, qurtarın! Onu istəyirsiz Maşallah gəlib hamınızı bassın içəri?? – qonşu arvadlar yalvarırdılar...

 

Məni elə bil tok vurmuşdu, yerimdən tərpənə də bilmirdim. "Bunlara noolub? Balam, dünənə kimi can deyib can eşidirdilər, nooldu, pişiy asqırdı?” düşündüm. Darçın xala isə böyrümü dürtmələdi:

- Mirzə, sən Allah, bunlara bir söz de, bəlkə eşitdilər!

- Rəhmətliyin qızı, söz eşidən var indi?

- Düz deyirsən, a bala, bunlara elə Maşallah lazımdı! Odey, özü də gəlir!

Arxaya boylanıb gördüm ki, doğrudan da bizim yekəpər sahə müvəkkili gəlir. O qarnını qabağa verib ördək yerişiylə hadisə yerinə çatar-çatmaz hamı bir göz qırpımında aralanıb aradan çıxdı. Həyəti ölü sükut bürüdü. Görünür, karantinə görəydi, cərimə olunmaqdan qorxdular. Bircə mən və Darçın xala qalmışdıq.

- Noolub burda?- Maşallah soruşdu.

- Rəis, Şükür, Kərim və İnşallah....Nəsə sözləri çəp gəlmişdi. Səni görən kimi aradan çıxdılar...Allah səndən razı olsun, bayaqdan ayıra bilmirdik...- Darçın xala dərindən ah çəkdi. – Deyirəm, rəis, sən olmasan ha, bunlar bir-birlərini qırarlar! Allah heç bir bəndəsini başsız-ayaqsız eləməsin! Həyətimizin, məhləmizin başı da sənsən, ayağı da! Sənsən bizim böyüyümüz! Sənsən bizim həyatımız! Suyumuz, çayımız, çörəyimiz, qazımız, işığımız, nöyütümüz sənsən! Sən, sən, sən, yenə də sən! "Aylı gecə, sərin külək, göy çəmən... Dörd yanımız ətir saçan yasəmən. Ancaq məni heyrətlərə qərq edən". Nə Şükürdü, nə də Kərim! Nə urusdu, nə də virus! Sən, sən, sən! Sən, sən, sən..."(O boyda arvada bax e, gör necə yaltaqlıq edir?! Pah atonnan, bir anın içində gör necə başladı oxuyub oynamağa?! Bu da sənin ağbirçəyin! Heç gözləmirdim bu Sibirli sovetdənqalma köpəyin qızından!)... Sənsiz bir günümüz olmasın, ay rəis! Yoxsa, dünya çoxdan dağılmışdı! Çoxdan!

 

Maşallah ona fikir vermədi, mənalı-mənalı mənə baxıb başını qaşıdı. Sonra qara qovluğundan əl boyda köhnə bir kitab çıxartdı, mənə sarı uzadıb dedi:

- Məllim, bu kitabı sən yazmısan? (Dərhal tanıdım, qaraüzlü kitabdı, sovetin vaxtında yazmışdım!)

- Hə, necə bəyəm?- şübhəli-şübhəli duruxdum.

- Zibilliyin qırağına tullamışdılar. Adı diqqətimi çəkdi:" Virusların dünyası". Maraq üçün götürüb baxdım. Əntiqədi! Lap bu günkü həyat...

 

Elə istədim ağzımı açıb rəisə təşəkkür edəm, o şoğərib məni yenə tutdu:hhhəəəəəə-ppisssey! Hhhəəəəpisssey! Həəəəə-pissssey!....Ağzımı da ikiəlli tuturam ki, asqırtım bərk çıxmasın; burnum, gözüm, dodaqlarım... yenə sel-su içindəydi... Bir də baxıb gördüm ki, nə Darçın xala, nə də Maşallah var, ikisi də aradan çıxıb... Hhhhhəəəəəə-ppisssseyyyy! Həəəəəə-ppppii.......

Bilmirəm nə adətdi də anadangəlmə qalıb məndə - kitab adı gələn kimi asqırıram!..


Kamran Nəzirli

24 aprel 2020-ci il

qadinkimi.com