FEMİNİZM
Sən qadınsan, alçalma... Əvəz Qubatov yazır Tarix : 26 Sentyabr 2020, 13:03
Bir neçə gün öncə Sumqayıt şəhərində 11 yaşlı qız uşağı atalığı tərəfindən şiddətə məruz qalıb. Uşağın əlinin üstünə damğa vurulub. 

Bu kimi hadisələr cəmiyyətimizdə az baş vermir. Burada bir məsələ var, onu qeyd etmək istəyirəm. Ananı nə məcbur edir ki, belə bir kişiciklə bir damın altında ömrünü cürütsün? Niyə şərait yaradır ki, canından, qanından olan bir parçanı hanısa "kişi” incitsin? 11 yaşlı uşaq nə edə bilər ki, damğalansın? 

Sən qadınsan! İnsansan, kimsədən asılı deyilsən. Azad doğulmusan, niyə qədrini bilmirsən? Niyə səni hansısa əks cins döyməlidir, əlaltısına çevirməlidir? 

Qadını dindirsən söyləyəcəyi ilk söz bu olacaq: "bizi saxlayır”. 

Bir qarın çörəyə görə döyülmək, alçaldılmaq vacib deyil. Qadını kimsə saxlamalı deyil. İmkan verməyin kimsə sizi saxlasın. Yeni məlumatlar öyrən ayaqların üstündə durmağı bacar. 

Özünə inan, sən bunu bacaracaqsan. Türk kinorejissor Çağan İrmakın "qaranlıqdakılar” filmi var. Zorlanan qadının və cəmiyyətin faciəsindən bəhs edir. Oradakı ana gecənin qaranlığında oğlu ilə motosikletə minib işıq gələn tərəfə gedir. 

Sən də qızını götürüb çox rahat şəkildə o "div” dən   ayrila bilərsən. İşləyə bilərsən. Kim deyir ki, iş tapmaq çətindir və ya iş yoxdur tənbəl biridir. Döyülürsən, təhqir olunursan, aşağılanırsan nə məcburdur davam edirsən, yemək bişirirsən, paltarını yuyursan, cinsi tələbatını ödəyirsən? Niyə? Axı sən qadınsan! Azadsan, güclüsən. 

Bunu yaddan çıxarma. Yadından çıxsa alçalacaqsan, döyüləcəksən, zorlanacaqsan. Günün birində yox olub gedəcəksən. 

Əvəz Qubatov
qadinkimi.com