SƏNƏT
GÜNÜN RƏSSAMI - SERAFİNA LUİZ Tarix : 19 Noyabr 2022, 12:30
Yazar : Qadinkimi.com
Rəssam dedikdə ağıla ilk gələn kişilərdən heç də geri qalmayan qadın - fransız rəssamı Serafina Luiz
 

8 oktyabr 1864-cü ildə Fransanın Arsy (Oise) şəhərində anadan olub. İşləyən ailənin uşağı olan Serafina 1 yaşında anasını, 7 yaşında isə atasını itirərək həyatla tək başına  mübarizə aparmağa başlayıb. 

Senlisdə varlı ailələrin evlərinə, otellərə və s. gedərək təmizlik işləri və paltar yumaqla həyatına davam edir. Serafinanın ən böyük həvəsi rəsmə və təbiətə olur. Qazandığı bütün pulları kətan və fırçaya yatırır. İstifadə etdiyi boyaları isə təbiətdən alırdı. Onun üçün qəssabdakı heyvanın qanı - qırmızının, bənövşə, çəmənliklər və s. isə - yaşılın mənbəyi idi. Təbiətdə nə varsa toplayır, kilsədə yandırılan şamları isə götürüb rəsmlərində istifadə edərək onların uzun ömürlü olmasını təmin edirdi. Serafina hər zaman təbiətə qulaq asar, ağaclar və quşlarla söhbət edər, eşitdiklərini tablolarında əks etdirərdi. 
 


İmkan tapan kimi göllərdə üzər və təbiətdən Tanrını görmək üçün bir vasitə kimi istifadə edərdi. Onu ağacları qucaqlayan, gül-çiçəklə, heyvanlarla danışdığını görənlər elə bilirdilər dəli olub. Serafina istedadının "yuxarıdan" gəldiyinə və "Tanrı”nın ona mələkləri vasitəsi ilə rəsm çəkdirdiyinə inanardı.

1912-ci ildə Serafina təmizliyə getdiyi evin kirayənişini olan Wilhelm Uhde tərəfindən kəşf edilir. 

Vilhelm Uhde dövrünün ən məşhur sənətşünas və kolleksiyaçısı idi. Pikasso, Bragues kimi rəssamları kəşf edən və rəsmlərini ilk almış biri idi. O, Serafinanın rəsmlərini görən kimi heyran qalır və özü üçün rəsm çəkən güvənsiz Serafinanı həvəsləndirir. Ona sərgi açacağını və şəkillərini bütün dünyaya tanıdacağını deyir. 

Lakin 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsinə görə Uhde Almaniyadan Fransaya qayıtmağa məcbur olur. Serafinanın bütün xəyalları dağılsa da, "yuxarı”dan gələn səsə qulaq verərək yenidən çəkməyə davam edir. 
 


Otağından günlərlə çıxmazdı, bir tərəfdən də üzləşdiyi iqtisadi çətinliklərə görə az qala yemək pulunu da rəsm üçün xərcləyirdi. 1927-ci ildə bu ikilinin yolları yenidən kəsişir. Senlisə gələn Uhde yerli bir sərgini gəzərkən Serafinanın rəsmini tanıyır və onu axtarmağa başlayır. 

1929-cu ildə Uhde Serafinanı rəssamlıq dünyasına tanıdır, rəssam müəyyən müddətdən sonra pul qazanmağa başlayır. 1930- cu ildə dünyadakı iqtisadi böhran sənət dünyasına da təsir edir tablolara alıcı tapılmır. 

Bu vəziyyətdən çox təsirlənən Serafina depressiyaya düşür və nəticədə Clermontdakı ruhi xəstəxanada yatır. Uhdenin söylədiklərinə görə 1934-cü ildə xəstəxana qeydlərinə görə isə 1942-ci ildə dünyadan köçür.

Rəssamın faciəli həyat hekayəsi 2008-ci ildə lentə alınır və 17 mükafat qazanır.
 
 


Çevirdi: Günel Dəniz
Qadinkimi.com