YAZI / DÜŞÜNCƏ
Rəbiqə Nazimqızı - Hektora çatmalı məktub (1) Tarix : 08 Avqust 2019, 17:30
Yazar : Rəbiqə Nazimqızı
Saata baxıram: 07.45. Cəmi yarım saat yatmışam. Yorğunam, etiraf eləmək istəməsəm də, ya da belə deyək, boynuma almaq istəməsəm də, əsəbiyəm. Xüsusi səbəb yoxdur. Xırda bəhanlərim var, amma onları da sənə yazmaq istəmirəm. Hərçənd, hiss edirəm ki, şikayət tonundan qaça bilməyəcəm.
Şikayətlənməyi sevmirəm, Hektor. Şikayətlənəndə özümü sevmirəm. İndiki kimi...

Bilirsən, mən həmişə özümə qəhrəmanlar - sevgililər uydurmuşam. Çünki onlarla rahatdı. Təzyiq eləmirlər, istəməsən, məsləhət vermirlər (Allah şükür ki, qulaq asmayacağımı gözəl bildiyim məsləhətləri eşitmək kimi manyakal asılılığım yoxdur, olmayıb), bir dəfə "yox" deyəndə ikinci dəfə söhbəti açmırlar, danışmaq istəməyəndə boğazıma çöküb "niyə" soruşmurlar. "Nə üçün filankəsə olar, mənə yox" sualını səsləndirmirlər, yerlərini bilirlər, hərənin öz yeri olduğunu bilirlər və heç vaxt heç kəsin yerinə iddia eləmirlər. Bilirlər ki, Sadika yazılan Jozeyə yazıla bilməz və əksinə. Səbəblər onlara maraqlı deyil. Faktlar onlar üçün önəm daşımır. Onlar yalnız göndərmək istədiyim ismarışları alırlar və bundan xoşbəxtdirlər. Onlar xoşbəxt eləməyi bacarırlar, Hektor. Mənə öz qəhrəmanlarımla o qədər rahatdır ki. Onlara yalan danışmaq ehtiyacı yoxdur. Onlardan cavab almamaq ağrısı yoxdur, onlar həmişə cavab verirlər. Onlar boynuma heç bir öhdəlik qoymadan sevməyi bacarırlar və onlar sevildiklərindən əsla narahat deyillər. Onlarla elektik məftilinə qonmuş sərçələri saymaq, anbardan mürəbbə oğurlamaq, kartinqdə Şumaxerlik eləmək, qışda açıq dənizin sahilinə termos aparmaq, yayda skuterə minmək, hətta hava şarına qalxmaq da olar. Onlar hündürlükdən, sürətdən, yıxılmaqdan, çırpılmaqdan qorxmurlar. Onlar həm də tutmağı bacarırlar. Onlara həmişə etibar eləmək olar. Onların həmişə başqa qadınları olur. Bu məni qətiyyən narahat eləmir, əksinə yanlarında olmadığım müddətdə onlardan arxayınam. Onlar heç vaxt darıxmırlar, bezmirlər, heç kəsi atmırlar, onlar üçün həmişə hər kəsin sərhədləri dəqiq müəyyən olunmuş yeri var (eyni zamanda onlar mənim ürəyimin hamıya bağlı qapılarını açmağa cəhd göstərmirlər. Gözləyirlər. Gözləyirlər, qapılar özləri açılsın). Mənim yerimi heç kəs tutmur, mən heç kəsin yerinə iddia etmirəm...

Onlar bütün yaralarımı əzbər tanıyırlar, Hektor. Amma heç vaxt bu barədə söz açmırlar. Eyni zamanda hiss olunmadan, nəzərə çarpdırmadan təbəssümləriylə ilıq məlhəm çəkməyi bilirlər. Onların sükutunu dinləməkdən gözəl nə ola bilər ki? Heç bir səs bu qədər gözəl susa bilməz. Heç bir adam bu qədər gözəl dinləməz, heç bir adam bu qədər gözəl danışmaz...

Hektor, hərdən və tez-tez ətrafdakı bütün səsləri susdurmaq istəyirəm. Bu soyuq qış günlərində bütün tanışlara Kanar adalarına ikinəfərlik bilet alıb səyahətə yola salmaq istəyirəm. Şəhərdə təkcə qalmaq istəyirəm. Heç olmasa, bir həftəlik. Kücələri naməlum adamlarla doldurub, qara gün eynəyində, qulaqlıqlarla gəzmək istəyirəm. Görməmək və görunməmək. Eşitməmək və eşidilməmək...

Ağlıma bir fikir də gəlib. İstəyirəm, özümə dostlar uyduram. Tək qalan adam deyiləm axı mən. Sevglilərin də öz həyatları var. Hər saniyə onlara yazmaq, onları öz aləmlərindən ayırmaq olmaz axı. Onlar da darıxar, mən də. Bir-iki, ya üç dost uyduraram, lap mən istəyən kimi. Onlara özümü əvvəldən tanıdaram. Ya da yox, əvvəldən yox, yalnız indimi. Ya da olduğum yox, olmaq istədiyim adamı. Bilərlər, amma üstünü vurmazlar.
Qayğısız, fədakar, mənim "yaxşılıgımı" istəməyən dostlar. Onlarla saatlarla mübahisə edərəm məsələn, heç biri də haqlı olub-olmadığımı arasdırmaq istəməz. Qalib gəlmək-məğlub olmaq barədə düşünməz. Eyni predmetə ilişib qalmaz, hər dəfə yeni mövzu taparıq, heç bir ümumi, ya xüsusi məxrəc axtarmarıq. Həqiqət axtarmaq istəmərik (gözəl bilirik ki, hərənin öz vazkeçilməz həqiqəti var). Zərərsiz oyunlar oynayarıq. Komanda oyunları. Lidersiz-filansız. Bu oyunlarda qalib olmaz, hamı haqlı olar, bütün arqumentlər hörmətli sayılar. Heç kəs məğlubiyyətin acısını başqasından çıxmaz, heç kəs qalibiyyəti öz adına çıxarmaz. Heç vaxt, heç bir şəraitdə rəqabət aparılmaz...

Darıxanda meşəyə göbələk yığmağa gedərik, onlar ilanlardan qorxduğuma gülməzlər, gülsələr də, bundan incimərəm, onlara qoşulub şaqqanaq çəkərəm, bol-bol pirojna yeyərik, mahnı oxuyarıq, rəqs eləyərik, heç kəs də kiminsə musiqini bilmədiyinə irad tutmaz...
Birini tapmışam, Uzuncorab Peppi. Bir də Qırmızıpapaq. O birilərini bir yerdə taparıq, Hektor...
Səhər açılıb, mənim yatmaq vaxtımdır. Səhərlər belə söhbətlər üçün deyil. Səhərlər bu söhbətlər gecə sayıqlamalarına oxşayır. Bilirəm, Hektor, narahat olma, dostunu hec kəsin yanında pis vəziyyətdə qoymaram. İndi yatmağa gedəcəyəm, sən də dincəl...
 
 

 
 
Qadinkimi.com