YAZI / DÜŞÜNCƏ
Qarğış nədir, necə yaranıb? Tarix : 30 Noyabr 2022, 17:00
Yazar : Qadinkimi.com
"Söz var dağdan endirər, söz var dağa qaldırar". Bu atalar sözü çoxunuza bəllidir.  

Sözün qüdrəti, sirri danılmazdır.  Tanrının bu yaradılışı sözlə var etdiyi bütün dinlərdə qeyd olunur. Xüsusilə də, Avesta, Baqavad-Qita kimi müqəddəs kitablarda sözün özündə qüdrətli enerji daşıdığı haqda elmi təcrübələrlə uyğunlaşan dəyərli fikirlər var. İncildə, Quranda, Tövratda da bu haqda işarələrə rast gəlinir.

Son vaxtlar Avropa və Yaponiya alimlərinin apardığı elmi təcrübələr bu gerçəyi fakt olaraq ortaya çıxardı. Su üzərində aparılan təcrübələrdən yəqin ki, çoxlarının məlumatı var. Xüsusi kompüterə qoşulmuş suyun yanında öncə xoş sözlər, sonra isə pis sözlər söylənir.  

Birinci halda suyun tərkibi molekulyar olaraq dəyişir və təmizlənir, ikinci halda isə həmin suyun tərkibi yenidən dəyişir və çirklənir. Eyni prosesi Hindistanda bitən bir gül bitkisi üzrərində də sınaqdan keçiriblər və eyni nəticə. 

Qarğış nədir? Necə yaranıb?

Qarğış (lənət) - uzaq və yaxın məsafədən söz, səs, baxış vasitəsilə insanın energetikasına vurulan çox ağır, ciddi və çətin aradan qaldırılan magik zərbədir.

Sözün sehr gücünə inamı əks etdirən "alqış" və "qarğış"ın yaranması əski mifoloji təsəvvürlərlə bağlıdır. Bəllidir ki, ruhlar bir varlıq kimi zənn edilməklə, ibtidai dünyabaxışı sistemində "xeyirxah" və "bədxah" deyə iki qismə ayrılır. Əsatirə görə bu ruhlar insanların həyatlarında çox mühüm rol oynayırlar. Adamların arzu və istəyini müsbət və mənfi mənada həyata keçirən də, onları müəyyən bir işə sövq edən də guya elə bu ruhlardır. Elə "alqış"dakı "al" da, "qarğış"dakı, əslində, "qara" da ruh adlarıdır. Bunlardan birincisi uğurun, ikincisi isə uğursuzluğun rəmzidir. Sözsüz, bu adların hər ikisində çoxmənalılıq da vardır. "Al" bir sıra digər məna çalarları ilə yanaşı, həm də nəsil, tayfa, hiylə və yalan deməkdir. Ümumiyyətlə, qədim tarixli "al" leksik vahidinin qoşulduğu sözlər çoxdur. Onlardan ikisini - "alov" və "alçı" sözlərinin işlənmə məqamına diqqət edək. Dilimizdə işlənən "alov dili" ifadəsi, "Səni görüm alov aparsın", "Alov aparmış" qarğışları "al"ın canlı varlıq olmasına şahidlik edir. "Alçı"nın isə daşıdığı mənası bütün çağlarda müsbət olmuşdur. "Alçı" qoyunun dizindən çıxarılan aşığın bir üzünə verilən addır və aşığın bir üzü uğur və xoşbəxtlik əlaməti bildirir. Filankəsin (ad deyilir) aşığı alçı durur (durub). Buradakı "aşığı alçı durub" söyləməsi "baxtı gətirib", "işi uğurludur" mənasındadır.

İnsanlar tarix boyu "al" və "qara"ya uyğun söz və şəkilçilər qoşmaqla alqışlar və qarğışlar yaratmışlar. "Qaragünlü", "qarabəxt", "qaradiş", "qarasu", "qara-yaxa", "qaraqabaq", "qaragünlü", "qarabasma" və s. ifadələr, sözsüz ki, "qara" ilə bağlıdır. Burada "qarabasma" ("qarabasdı") ifadəsi xüsusi maraq doğurur. Azərbaycanda indinin özündə də "Məni qara basır", "Qara məni basınca, mən qaranı basım" deyilir. Buradakı "qara" xofla, qorxu ilə bağlı olub insanlara bəla gətirən şər qüvvənin, bədxah ruhun adıdır.

İstər "alqış", istərsə də "qarğış" ifadələrindəki "qış//ğış", əslində, çağırmaq, səsləmək, söyləmək mənasında olan "qışqırmaq" felindəndir. "Qışqırmaq" özü də aşağıdakı mənanı daşıyır: a) sadəcə olaraq, qışqırıq ilə kimisə səsləmək, çağırmaq; b) qışqırığın özünə bir "qara" da qoşulur və "qara qışqırıq" mənası alır. Bu da mənfi mənalı ifadə olub hay-küyçünün, özündən müştəbeh olanın xasiyyətini səciyyələndirir.

Qarğış nəsildən - nəslə və ailə üzvlərinə keçə bilir. Məsələn: ataya qarğış olunubsa, bu onun övladlarına (xüsusən əgər uşaqlar yetkinlik yaşına çatmaybsa) keçir. Qarğış illər keçdikcə daha da güclənə bilir.

Qarğışa elə - belə, ötəri söz kimi baxmaq düzgün deyil. Çünki o gözdəymədən və cadudan da güclüdür. O, insanın psixikasından tutmuş sağlamlığına, iş və ailə həyatına təsir edir. 

Energetik diaqnozda qarğışın görüntüsü belədir: güclü energetik informasiya proqramı insanın başı üzərində ildırım formasında işarə kimi əmələ gəlir və o, insanın aurasını kürək tərəfdən ürək nahiyəsindən ya deşir, ya da çat yaradır. Bu çatdan, yarıqdan insanın bütün gücü, enerjisi axıb gedir. Bununla da həmin insanın başına ən müxtəlif bəlalar gəlməyə başlayır: əsəbi olur, heç kimin hətta xoş sözü də boğazından keçmir, durduğu yerdə bilinməyən yerdən ağrıları başlayır, hər kəsə qarşı kobud davranır, asan bir işi də güclə, uzun müddətə görür, yolda müxtəlif qəzalarla üzləşir, əlinə gələn pulun bərəkəti olmur. Qarğış bir insanın özünə rəva bilmədiyi, başqasına rəva bildiyi bədduasıdır.

İnsan övladı maddi planetdə doğulduğu gündən ətrafında yaxşı insanlar da var, pis insanlar da. Planetimizə ona görə maddi deyilir ki, burda ideal və əbədi  heç nə yoxdur. Ruh aləmindən fərqlənən maddi kainat həm bədxasiyyətli, xəbis,  həm də xoşxasiyyətli, gülərüz insanların evidir. Bir az obrazlı desək, yaxşı ilə pisin, xeyirlə şərin, müsbətlə mənfinin yanaşı yaşadığı və mübarizə içində olduğu bir yerdəyik. Kimimiz alqış etməyi sevsək də, aramızda elələri də var ki, ətrafındakılara daim qarğış və mənfi enerji yönləndirir. 

Qarğış edənlər şeytanın əsgərləri sayılır.

Qədim dövrlərdə şaman cadugəri düşməninə asanlıqla xəsarət yetirə, hətta öldürə bilirdi. Qisasçı şamanlar palçıqdan adam fiquru düzəldib hündür bir təpənin başına çıxırdılar. "Heykəl”i qarşılarına qoyub bardaş qurur və ovsun oxuyurdular. Bu ovsunla onlar öz düşmənlərinin mikro-ruhunu tədricən həmin fiqura köçürürdülər. Məhz bundan sonra əməliyyata başlayırdılar. İti bıçaq və ya başqa kəsici alətlə həmin "heykəl”in müəyyən yerlərinə zərbələr vururdular. İndi bu üsulu Dünya Mediumları Mərkəzi qadağan etsə də, klassik Afrika magiyası ənənələrində hələ də qalmaqdadır.


Şaman cadugərləri palçıqdan düzəltdikləri düşmənə zərbə vurarkən gözlərini yumurdular ki, öz rəqiblərinin bədənini bütün varlıqları ilə hiss etsinlər. Adətən, qarğış edənlər də bu fənddən istifadə edirlər. "Gözünü yumub ağzını acdı” məsəli nahaq yerə işlədilmir. Lakin əsrlərin sınağı göstərir ki, belə adamlar qarğışla öz rəqiblərinə cüzi zərər yetirirsə, onun əzabını daha çox özləri çəkirlər. Bunu hər birimiz öz həyat təcrübəmizdən də görmüşük və bilirik.


Hansı qarğışların adamı tez tutduğunu və ya hansı vaxt deyilənlərin təsirli olması barədə açıqlama verməyi lazım bilmirik. Ancaq bəzi məsləhətlərə qulaq asmağa dəyər. Kimsə yanınızda sizə qarğıyırsa, susmaq ziyanlıdır. Hətta nevroz da ola bilərsiz. Sadə xilas yolları var. Məsələn, ilk növbədə sizə qarğış edən adama arxa çevirməməlisiz. Ona görə ki, hər bir adamın astral aurası ("Aura” bədəni əhatə edən enerji qatıdır) kürək nahiyəsində "açıq” qalır və həmin yerdən onun biosahəsinə istənilən yad ünsürlər daxil ola bilər. Belə məqamlarda çalışın ki, qarğış edənlə üz-üzə dayanıb onun gözlərinə baxasız. Bu üsul magiyanın başqa sahələrində də səmərəli nəticə verib. Yəqin çoxlarının qarğış etməsinin və ya qarğışa cavab qaytarmasının  şahidi olmusuz.  Bizim birincilərdən danışmaq fikrimiz yoxdu. İkincilərlə bağlı isə bəzi məsələləri diqqətinizə çatdırmaq istərdik. Adətən qarğışa cavab qaytararkən "Ağzından çıxıb qoynuna dolsun”, "Ağzından çıxıb qara yellər aparsın”  və s. deyirlər. Əlbəttə ki, bu ifadələrin də müəyyən rolu var. Lakin bəzi məsələləri dəqiq icra etmək gərək. Məsələn, əgər siz qarğış edən adamın gözünün içinə baxıb yuxarıdakı sözləri desəz, heç bir təsirə məruz qalmazsız. Bunun qarşı tərəfə təhlükə gətirəcəyindən qorxmayın, çünki, bu cavab yalnız qarğışı qovur. Bir şeyi də unutmaq olmaz ki, bütün bu prosesləri səssiz həyata keçirmək lazımdı. Yəni qarğış edənə yönələn cavabları ürəyinizdə deməlisiz. Əgər qarğışa heç bir cavab verməyib sakit durursunuzsa, auranız sizə deyilənlərin hamısını qəbul edir.

Xəmir yoğuranda, xörək bişirəndə, çay dəmləyəndə kimisə acılamaq, qarğımaq qətiyyən olmaz. Çünki həmin ərəfədə ağızdan çıxan qarğışlar yeməyə, çaya çökür. Bununla da qarğışlar ünvanına yox, ailə üzvlərini tutur.

Qarğışdan necə qorunmalı?

Bir az da bu haqda məlumat vermək istərdik.  Məsələn, bəzən adam durduğu yerdə qəflətən bədəninin müxtəlif yerlərində kəskin ağrı hiss edir. Hətta heç vaxt şikayətlənmədiyi orqanları da ağrımağa başlayır. (Mistik qüvvələr mənfi yüklü zərbəni bir qayda olaraq qurşaqdan yuxarı vururlar. Bu da əsasən baş nahiyəsinə tuşlanır. ) Belə hallarla rastlaşsaz təəccüblənmək əvəzinə çıxış yolu tapmağınız daha məqsədəuyğundu. Çünki belə ağrılara sükutla dözmək çox təhlükəli nəticələr verə bilər. Bunun üçün ilk növbədə bədənin qəfil ağrıyan yerini dayanmadan əllə sürtmək tələb olunur. Özü də sol tərəfi sağ, sağ tərəfi sol əllə ovuşdurmaq lazımdı. Ovxalamaqla ağrılarınız səngiməsə mütləq çimməlisiz. Bu məqamda da üç şərtə əməl olunmalıdı: bədənə sabun dəyməməli, metal əşyalar (qızıl, gümüş və s. ) çıxarılmalı, sonda təmiz və ütülü paltar geyinilməlidi. Bu yolla həm qarğışdan qurtular, həm də xoş ovqat qazanarsız.

Qarğışın iki başı var?

Gerçəkdən də qarğışın iki başı olur. Amma ikinci tərəfə yönlənməsi duruma görə dəyişir. Yəni, bu qarğış edənin kimliyindən asılıdır. Əgər qarğış edən özü mənfi enerjiyə malik insandırsa, qarğışın bir tərəfi ona da toxunur, çünki o, mənfi enerji ilə zəngin olduğu üçün neqativ enerjiləri maqnit kimi özünə çəkir. 

Əgər həmişə alqış edən biri təsadüfən qarğış edirsə qarğışı gerçəkləşir və özünə bir zərəri olmur. Çünki o pozitiv insandı, ətrafında müsbət enerjilərdən çəpər çəkilib, qarğış və mənfi enerji ona yaxın düşə bilmir.

Valideyn qarğışı

Təəssüf ki, bəzi valideynlər sözlərinə fikir verməkdən uzaq olub, yeri gəldi-gəlmədi bəd sözlər işlətməyə meyillidirlər. Uşaq dərs oxumur: "Səni görüm öləsən”, ya anasını hirsləndirib, həyətə oynamağa gedəndə "Sağ qayıtmayasan”, "Ciyərin yansın”, bir şeyi salıb sındıranda "Kor olasan”, "Əlin qurusun”, "Əllərin qırılaydı o qaba əl vuran yerdə”, "O otağa girən yerdə qılçaların qırılaydı” , "Səni görüm yerə girəsən” çağıranda "Adın qara daşlara yazılsın” kimi cümlələri sanki adi söz deyirmişlər kimi işlədirlər. "Ürəyimdə bir şey yoxdur, elə-belə sözgəlişi deyirəm” deyən valideynlər bilməlidir ki, bu dünyada heç nə sözgəlişi və ya təsadüfən baş vermir. Çox az adama bəllidir ki, əsəbi vəziyyətdə deyilən bu cür sözlər elə-belə yox olub getmir. Təbiətin (fizikanın) əsas qanununu bilməyən olmaz – materiya, enerji yox olmur, sadəcə  bir növdən başqa növə çevrilir. İşlətdiyimiz sözləri də bu aqibət gözləyir. Ani olaraq əsəbiləşib dediyimiz qarğışlar sonradan əsl cadu kimi öz əleyhimizə işləyir. Özü də bu zaman təkcə qarğışlanan adam deyil, onun nəsli də bu qarğışlara tuş gəlir. Ola bilər ki, kiminsə ətrafındakı biosahə güclü olsun və lənət ona təsir göstərməsin. Amma biz zərbəni qaytarsaq da, o, nisbətən zəif aurası olan övladlarımıza daha güclü ziyan vura bilər. Ən təhlükəli və adamı tez tutan qarğış ata qarğışıdır. Hətta belə qarğışlar ölümlə nəticələnə bilir. Bəşəriyyətin ilk müqəddəs kitabı olan "Avesta"da da bu barədə yazılıb. Kitabda tez-tez "Ulu Tanrı, Sən bizi ata qarğışına tuş eləmə!" söylənilir. Qədim mənbələrdə qeyd olunur ki, insanın ruhu ataya, bədəni isə anaya tabedir. Əgər ana qarğış edərsə zərbə yalnız bədənə dəyir. "Bu baxımdan yol qəzası, sınıq-çıxıq, yanmaq və digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha zərər yetirir. Bunun da nəticəsi çox vaxt iki sonluqla bitir: qarğışa tuş gələn adam ya ölür, ya da havalanır (dəli olur). Yəqin elə bu səbəbdəndir ki, övlad xəsarət alanda, dara düşəndə ananın, öləndə isə atanın "ürəyinə damır"...Ana südü qarğışa qalxandır? "Ana qarğışı tutmaz”…Yaşlı nəslin nümayəndələrindən bu sözləri az eşitməmişik, Deyilənə görə ananın qarğışı tutmur, çünki nəhs sözlərinin qarşısını ana ilə balanın arasında olan görünməz bağ tutur. O bağ Ana südüdür. Hansı ki, ana ilə balanın arasında görünməz bir bağ yaradır və bu əlaqə balanı bütün nəhs sözlərdən və qarğışlardan qoruyur. Maraqlıdır ki, qarğışı tutan analar barədə də az eşitməmişik, bəzən balasına qarğış edən anaların qarğışı həyata da keçir. Düşünürsüz ki, bu necə olur, bəs ana südü və gözəgörünməz bağ məsələsi necə oldu? Türkiyədə, Sofya Tibb Universitetinin bir qrup araşdırmaçı alimi araşdırma aparıblar, məlum olub ki, ana südü ilə qidalanmayan körpənin anası ilə bəhs etdiyimiz xüsusi bağı yoxdur. Yəni ana əgər övladına süd verməyibsə, onların arasındakı gözəgörünməz əlaqə olmur, sıradan bir münasibətləri olur. Ana qarğışının tutması da məhz bu zaman baş verir. 

Son olaraq, heç vaxt imkan verməyin ki, kimsə yaşadığınız evdə qeybət edib, qarğış, nifrin töksün. Çünki bəzi bədxahlar hiyləgərlik işlədərək kimisə qarğıyanda mütləq kiminsə evinə gedir. Bununla da bütün ağırlığı getdiyi ünvana salır. Sadə dillə desək göndərilən qarğış sizin evdə doğulur.