HƏR ŞEY / HEÇ NƏ, QADIN / KİŞİ
“Qadın kimi” ola bilmirəm Tarix : 05 Sentyabr 2022, 11:09

Bir gün kinoya getmişdim. Yanımda kreslo boş idi, çantamı ora qoydum.  Sən demə, bir oğlanın gödəkçəsi varmış orda.


 

Sərt formada qayıtdi ki, sumkanı çırpdınız. Üzr istədim…Elə situasiyalar çox görmüşəm ki, qadın çantasını incə şəkildə qoyur, quş kimi yüngül və rahat oturur, hamı zərifliyinə həsəd aparır. Amma bircə damcı hirslənsin, olur ifritə. Qadın həmişə qadın olmalıdır. Sakit vaxtda da, əsəbləşəndə də. Hər mənada zərif olmalıdı. Əlbəttə, zahirən. Daxilən güclü olmasa, ölər.


Bəzən telefonu masaya qoymuram, atıram, çantanı da. Sərt hərəkətlərim çoxdu. Əslində, xoşuma gəlmir. Düzəltməyə çalışıram, çox vaxt alınmır.  Ola bilər, oğlan kimi böyüməkdəndi. Ola da bilər daxili çılğınlıqdan, dağıdıcı enerjidən.


Biz  cinssizik - şairlər. Qadın kimi hiss eləmək olar özunü burda? Cəmiyyətimizi nəzərdə tuturam. Çox dəhşətli şeylər deyə bilərəm. Yaxşısı budur, deməyim…


Özümü insanlığın fövqündə hiss edirəm. Nə qadın, nə kişi. Əslində, həmişə kişi olmaq istəmişəm. Uşaqlıqda, yeniyetməlikdə, gənclikdə. Kişi idealım vardı.


Güclü, çooox güclü. Bir gün gördüm ki, onlar  əslində  zəifdirlər. Nə bilim, bəlkə də, mən polad robot arzulayırdım. Başa düşəndə ki, düşündüyüm kimi deyil, qadınlığımla fəxr eləməyə başladım. İndi  məni cinsi məsələlər yalnız ədəbiyyat zəminində narahat edir.


Ümumiyyətlə, indi məni ədəbiyyatdan başqa heç nə maraqlandırmır, narahat etmir. Ondan kənarda heç nə yoxdur.


Həyatda gizlətdiyim bir şey var - zəriflik. Zərif görünməkdən qorxuram. Bayaq dedim ki, çantamı bəzən harasa qoymaq yerinə çırpıram. Səbəblərdən biri də budu yəqin. Özümə sığışdırmıram, utanıram zəriflikdən. Qadınsal  görünməkdən çəkinirəm. Xoşuma gələn adama göstərirəm qadınlığımı. Yalnız xoşuma gələn kişiyə. Mənə bir nəfər lazımdı.


Qalanları mane olur. Diqqətimi yayındırır, qıcıqlandırır hətta. Planlarımdan kənar kiminsə mənimlə maraqlanmasını sevmirəm. Qadınlar eyni deyil. Məsələn, mən bir nəfərə saxlayıram bunu. Elə qadın var ki, bütün dünyanın diqqətini çəkmək istəyir. Sevilməyi sevir. Əgər şərt qoysalar - sevmək, ya sevilmək – mən sevməyi seçərdim. Sevmədiyim adamın məni sevməsi heç nə vermir.


Əksinə, borclu hiss edirəm özümü – qadına da, kişiyə də. Dünyada ən zəhləm gedən hiss borclu olmaqdı…


Çantamı daha zərif qoymaq barədə düşünməmişəm. Spontan alınır. Düşünsəm, eləmərəm. Belə xırda şeyləri düşünmək ürəyimi partladar. Bilirəm ki, ideal adam yoxdu. Səmimi olmağa calışıram. Nə qədər mümkünsə.


Özümdən narazı da oluram - şübhədə, tərəddüddə. Özümə nifrət elədiyim anlar çox olur.  Bunu da gizlətmirəm. Bu gün özümü sevirəm. Elə hamını. Yaşamağa çox kömək edir.


Obrazım məni narahat eləmir. Çünki nə mal olduğumu bilirəm. Həm yaxşı, həm pis mənada. Qoy bir qadın da belə olsun…

 


Rəbiqə Nazimqızı, Qadinkimi.com