QADIN / KİŞİ
Polisin keçmiş həyat yoldaşı Tarix : 14 Avqust 2021, 18:42

Bakı şəhəri, Nərimanov rayon sakini Həsənova Gülcan Elçin qızı keçmiş əri tərəfindən fiziki şiddətə məruz qaldığını, amma rəsmi şikayətinə baxmayaraq, eks-həyat yoldaşı barəsində cinayət işi açılmadığını deyir.

     

Bu barədə "Qafqazinfo”ya müraciət edən G. Həsənova iddia edir ki, həyat yoldaşı Həsənov Nəriman İdrakoviçə prokurorluq tərəfindən cinayət işi açılmamasının səbəbi onun polis orqanlarında işləməsi ilə bağlıdır: "Keçmiş ərim tərəfindən dəfələrlə döyülməyim və işgəncə olunmağım barədə 2019-cu ilin oktyabr ayında Nizami rayon prokurorluğuna şikayət vermişəm. Şikayətim əsasında araşdırma aparılaraq 19.03.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilib. Həmin qərardan Nizami rayon məhkəməsinə şikayət vermişəm və məhkəmədə işə baxılaraq Nizami rayon prokurorluğunun qərarı əsassız olduğundan ləğv edilib və yenidən araşdırma aparılması üçün material Nizami rayon prokurorluğuna göndərilib. 

Lakin Nizami rayon prokurorluğu tərəfindən 27.05.2021-ci il tarixli qərarla cinayət işinin başlanması yenidən rədd edilib. Mən həmin qərardan Nizami rayon məhkəməsinə şikayət vermişəm və 12.07.2021-ci il tarixdə məhkəmədə işə baxılaraq qərar ləğv edilib və material yenidən araşdırılması üçün Nizami rayon prokurorluğuna göndərilib". 

Qadının sözlərinə görə, şikayəti üzrə yetəri qədər araşdırma aparılıb və iş üzrə ekspertiza rəyləri, təqdim etdiyim fotoşəkillər, səs yazıları, xəstəlik tarixçələri və s. ilə keçmiş ərimin mənə qarşı törətdiyi cinayət əməlləri sübuta yetirilib: "Lakin Nizami rayon prokurorluğu tərəfindən Həsənov Nəriman İdrakoviç polis əməkdaşı olduğu üçün məqsədli şəkildə əsassız olaraq barəsində cinayət işinin başlanması rədd edilir, onun əməlləri ört-basdır edilir. Nizami rayon prokurorluğu tərəfindən araşdırma obyektiv aparılmır”.

"Qafqazinfo” məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Həsənova Gülcan Elçin qızının polis əməkdaşı olan keçmiş əri Həsənov Nəriman İdrak oğlu tərəfindən döyülməsi ilə bağlı müraciəti əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı toplanmış mötəbər sübutlarla Nəriman Həsənovun təqsirliliyi sübuta yetirilmədiyindən Nizami rayon prokurorluğu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.