YAZI / DÜŞÜNCƏ
Nərminin vəkilinin boş qalan yeri Tarix : 13 May 2022, 15:38

"100  dəfə eşitməkdənsə bir dəfə görmək” elə belə deyilməyib. Biz də bu iki ildə çox eşitdik, narahat olduq, yazdıq  bu barədə və gedib gördük. Gördüklərimizlə eşitdiklərimiz bir-birindən fərqli. 


İki il davam edən Nərmin Quliyevanın amansızcasına qətlində mühakimə olunan İlkin Süleymanovun məhkəməsini canlı-canlı izlədik. Artıq məhkəmə öncəsi kənardan müşahidə edərkən mənzərə tam aydın olur. Nərminin atası Şərif Quliyev və onun qohumları bir kənarda dayanıblar. Dərd bu iki ildə insanları əyib, büküb, sındırıb. 


Məhkəmənin qapısı önündə isə İlkin Süleymanovun qohumları və media nümayəndələri dayanıb. 



Şərif Quliyevlə danışırıq – "onların jurnalistləri” deyir "hamısı onların jurnalistləridi”. Bircə sözü tez-tez təkrarlayır Şərif Quliyev: ”Mən dövlətimə inanıram. İlkini də mən tutdurmamışam, şübhəli kimi saxlayıblar, indi də məhkəməsi gedir. İstədiyim odur ki, mənim günahsız uşağımı kim vəhşicəsinə, əzab verərək öldürüb yandırıbsa, o da cəzasını alsın”. 


Buna görə kim onu qınaya bilər? Adamın tam haqqıdır. Amma qınayanlar var, həm də çoxluq. Qəribə bir vəziyyət yaranıb, sanki övladlarını itirdiklərinə görə ailə günahkardı.



Nərminin bibiləri ilə danışıram, əmisinin yoldaşı ilə danışıram. Adamın ürəyi dözmür. Başlarına gələn müsibət bir tərəfdən, jurnalistlərin, əhalinin qınağı bir tərəfdən. Bibi deyir ki, mağazaya girib bir şey alanda da utanırıq, bizə yaraşmaz, bizim uşağımız ölüb. 



Məhkəmə zalına daxil oluruq. Gördüyüm mənzərədən qanım donur sanki. Bir tərəfdə İlkin Süleymanov və qarşısında 3 vəkil. Nərminin ailəsi tərəfdə isə vəkil oturmalı yerdə boş masa və stul. Kənarda dövlət ittihamçısı. 



Bir anlığa o üç nəfər iri cüssəli vəkillərlə üzbəüz olan boş masada gözümə 10 yaşlı Nərminin silueti görsəndi. Çox acı mənzərədi. 



Adamların vəkil tutmağa belə imkanları yoxdu. Tək inandıqları haqqın qalib gələcəyidir. Başqa heç bir tutunacaq yerləri yoxdur. Məhkəmə ayın 18-nə kimi təxirə salınır. Hamı zaldan çıxır. İlkinin qohumları ucadan: "İlkin azadlığa çıxacaq” deyir və ardınca da Nərminin valideynlərinin ünvanına xoşagəlməz ifadələr işlədir. Dözmürəm, qadına yaxınlaşıb soruşuram:  "Niyə demirsiniz ki, Nərminin qatili hər kimdisə cəzasını alsın gərək?” 



Qadın qəzəblə, acıqla mənə baxaraq: "Onun anası aldığı pulları xərcləyib üstündən su içir, günahsız İlkinsə içəridədi” deyir. Nərmin haqqında isə bir kəlmə belə yoxdu. 



Biz niyə belə qəddarlaşdıq? Adamların övladı öldürülüb, həm də xüsusi amansızlıqla. İnsanın heçmi ürəyi yanmaz günahsız qızcığaza?



Mən İlkin haqqında heç nə yazmıram. Haqq-ədalət öz yerini tapsın. Bir istəyim var, günahkar cəzalansın.



Demək istədiklərim tam başqadır. Nərminin ailəsi haqqında "vəziyyətləri yaxşılaşıb” kimi şayiə yaymaq insanlığa sığmır. Bəlkə 10 yaşlı uşaq haqqında "hamiləydi” böhtanına həyəcan təbili çalmaq lazım idi? Necə burnunuzdan uzağı görmürsünüz? Nərmin həyatda yoxdu, o bir mələk kimi bu ədalətsiz dünyanı tərk elədi. Amma onun iki bacısı böyüyür, tərbiyəli, gözəl qızlardı. Onların düşdüyü durumu fikirləşin. Nərminin bacısı Şəbnəm deyir: "Məktəbə getməyə utanırıq, bacım haqqında çox pis sözlər yayırlar”. 



Siz heç bunun nə demək olduğunu bir anlıq fikirləşirsiniz? Yox, hardan fikirləşəsiz. Sizin dərdiniz Nərminin ailəsinin "villası”dı.



Biz hər tərəfi ehtiyac qoxan o "villada” olduq. O ailənin şəraitini görmək istəyən gedib baxsın. 



Şərif Quliyev utana-utana deyir: ”Qızımın yasına gələnlərin içində maddi yardım edənlər oldu. Uşaqlara hədiyyə verənlər oldu. Vallah biz heç nə istəmirdik, sağ olsunlar nə deyim”. 



Buradan o insanlara çox böyük təşəkkürlərimi bildirirəm. Ailənin dərdinə şərik olub, bir azca da olsa yardım ediblər.  Onsuz da heç nə onların qızını geri qaytarmayacaq...bu dəhşətlə yaşayacaqlar ömür boyu.




Biz 1 yaşlı Amir üçün 2 milyon 200 min dollar yığan xalqıq. Nərminin ailəsinə dəstək olsaq nə olacaq? Nərminin ailəsinə kimsə maddi-mənəvi kömək etmək, dəstək olmaq istəyirsə, niyə bu kimisə narahat edir? Nərmindən iki il sonra bir oğlan övladları dünyaya gəlib. Yenə qınayırlar, ailənin adına sevinməkdənsə, sanki əxlaqsızlıq ediblər - söyülürlər. Niyə? 



Praktikada belə hal çoxdu. Cavan ailələr övlad itirəndə yenə övlad sahibi olurlar. Bu onlara dərdin öhdəsindən gəlməyə kömək edir. "Nərminin anası dərd çəkmir, nəyi isə gizlədir, çox şey bilir, mən bu qadına inanmıram, varlanıblar, vəziyyətləri düzəlib”. 



Bəsdirin, bu çirkin ifadələrlə ailənin dərdini artırmayın, günah sahibi olmayın. Kimsə də bu ailəyə yardımçı olmaq istəyirsə olsun. Burda nə var ki? Lap əvvəllərdən belə bir adət-ənənəmiz olub. Bir ailədə hüzür düşəndə bütün kənd, qonum-qonşu o ailəyə qazan-qazan yeməklər bişirib gətirər, nəyəsə ehtiyacları varsa qarşılamağa çalışardı. Biz belə bir xalq olmuşuq.



Məhkəmə qərarına qədər cinayətkarın kimliyi barədə çox versiya səslənə bilər, öldürülən isə Nərmin olaraq qalacaq. Bunu heç nə dəyişə bilməyəcək. Nərminin ata-anası, bacı-qardaşı, qohumları bir ömür boyu bu dərdlə yaşayacaq. Heç bir villa, heç bir var-dövlət, heç nə Nərminin ata-anasının gözündəki o dəhşəti, ürəyindəki o acını itirə bilməyəcək....

 

Flora Hüseynova

qadinkimi.com