BURA / ORA
Müsavat Partiyası piket keçirməyə cəhd edib, saxlananlar var Tarix : 12 Noyabr 2019, 14:44
Yazar : Qadinkimi.com
Müsavat Partiyasının çərşənbə axşamı günü Bakının mərkəzində keçirməyə cəhd etdiyi piketdə saxlananlar var, müxbirlərimiz deyir.

Hadisə yerində olan BBC News Azərbaycancanın müxbirləri "polisin əvvəlki mitinqlərdən fərqli olaraq, jurnalistlərin fəaliyyətinə mane olduğunu" deyirlər.

"İndiyə kimi 10-a yaxın şəxsin saxlanıb, onları müxtəlif idarələrə aparırlar. Polis ayrı-ayrı şəxsləri ərazidən uzaqlaşdırmağa cəhd edir", müxbirlərimiz bildirir.

Çərşənbə axşamı günü Müsavat Partiyasının keçirilməsi gözlənən piketi öncəsi partiya başqanı Arif Hacılının "saxlandığı" bildirilir.

Müsavat partiyasının başqan köməkçisi Gülağa Aslanlı BBC News Azərbaycancaya deyib ki, Arif Hacılı ona zəng edərək, "qərargaha getdiyini, lakin avtomobilinin həm ön, həm də arxa tərəfdən maşınlarla əhatə olunduğunu" bildirib.

"Təxminən 15 dəqiqə əvvəl Arif bəy mənə zəng vuraraq bildirdi ki, yol polisinin ona "saxla" əmrini verib. O, Azadlıq prospektində olduğunu, maşını saxladıqlarını dedi. Daha sonra əlaqə kəsildi. Lakin aldığımız məlumata görə, Arif bəyi mülki geyimli şəxslər saxlayıb, söhbət ediblər. Daha sonra onu Toyota markalı avtomobillə naməlum istiqamətə aparıblar", partiya nümayəndəsi vurğulayıb.
 


Gülağa Aslanlının sözlərinə görə, Arif Hacılının maşını cərimə meydançasına aparılıb. Onun yanında olan şəxs isə hazırda polis məntəqəsində saxlanılır.

BBC News Azərbaycanca Daxili İşlər Nazirliyindən bu barədə hələlik şərh ala bilməyib.

Müsavat partiyası son günlərdə 100-dən çox üzvünün ölkə üzrə müxtəlif polis idarələrinə çağırılıb xəbərdarlıq olunduğunu iddia edib. Partiya rəhbərliyinin bildirdiyinə görə, xəbərdarlıq çərşənbə axşamı günü partiyanın keçirməyi planlaşdırdığı piketlə bağlıdır.

Müsavat partiyasının sözçüsü Mustafa Hacıbəyli BBC News Azərbaycancaya bildirib ki, noyabrın 8-dən bu günə kimi aksiyada iştirak etməməklə bağlı polis idarəsinə çağrılıb "təzyiqlə" üzləşən Müsavat üzvlərinin sayı 100 nəfəri keçib.
 

 
Mənbə: bbc.news
qadinkimi.com