BURA / ORA, QADIN / KİŞİ
Milli Qəhrəman Gültəkin Əsgərova Tarix : 17 Dekabr 2019, 18:38
Yazar : Qadinkimi.com
Gültəkin Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 8 saylı təcili yardım stansiyasında fəaliyyətə başlayıb, 1991-ci ildən isə Uroloji kliniki xəstəxanada işləyib. Qarabağ müharibəsi başlayandan sonra 1992-ci il aprelin 4-də az yaşlı övladını anasına əmanət edərək, könüllü cəbhəyə yollanıb. Turşsu, Şuşa xəstəxanalarında və Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Daha sonra özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşlərə gedib. 
 


Şuşa şəhəri həbsxanasında olanların azad olunmasında da xidməti olub. Belə ki o, həbsxananın qapısının açılmasında böyük rol oynayıb. Qapılar açılmasaydı, orada olanlar əsir götürüləcəkdi. 

Gültəkin xanım 1992-ci il mayın 8-də işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub. Anasına göndərdiyi məktubda belə deyirdi:
"Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı...”

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. 

Bakıdakı hərc-mərclikdən artıq bezmişdi. Buna görə də o, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanır. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Ona görə də daha burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. 
 
 

Gültəkin Əsgərova Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyulda şəhid olub. Ondan geriyə Əminə adlı qızı qalıb.
 
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 

20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunub. 1993-cü ildə Gültəkin Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 
 
 
qadinkimi.com