YAZI / DÜŞÜNCƏ, SƏNƏT
Mikayıl Xıdırzadə-ilkə imza atan şəxsiyyət Tarix : 09 Sentyabr 2020, 09:42

Lomonosov adına MDU-nun ilk azərbaycanlı məzunu
(Mikayıl Xıdırzadə)

Mikayıl Xıdırzadə... Bu ad müasirlərimizin çoxuna tanış olmasa da, Sovet dövrünün peşəkar riyaziyyatçılarının əksəriyyəti Xıdırzadənin elmi və pedaqoji fəaliyyəti ilə yaxından tanış idilər. Axı bu görkəmli alim onların bir çoxuna dərs demişdi. Ensiklopediyalarda onun barəsində çox yığcam məlumatlara rast gəlmək olur.
Mikayıl Xıdırzadə 1911-ci ildə indiki Gədəbəy rayonun (keçmiş Gəncə quberniyasının Qazax qəzası) Miskinli kəndində anadan olub. Doğulduğu kənddəki orta məktəbində təhsilini başa vurduqdan sonra o, M.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1937-ci ildə ali təhsilini uğurla başa vuran Mikayıl Xıdırzadə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, 1938-ci ildən isə dekan vəzifəsində çalışıb. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Özünü rəşadətli döyüşçü kimi göstərərək topçu bölüyünün komandiri olub. Bir neçə orden və medalla təltif olunub.

Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk şəhəri uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.
Ölümündən sonra SSRİ Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə göstərdiyi rəşadətə görə 26 fevral 1946 və 15 avqust 1947- ci il tarixlərində orden və medallarla təltif edilmişdir.
Mikayıl Xıdırzadə onu tanıyanların yaddaşında istedadlı alim və müəllim, alovlu vətənpərvər, qorxmaz döyüşçü kimi qalıb.
29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilmişdir. Gədəbəy şəhərində küçlərin birinə Mikayıl Xıdırzadənin adı verilmişdir.
Mikayıl Xıdırzadə öz qısa və mənalı ömründə bir sıra sahələrdə ilkə imza atan şəxsiyyət olmuşdur.
Mikayıl Xıdırzadə Lomonosov adına MDU-nun riyaziyyat fakültəsinin ilk azərbaycanlı tələbəsi və məzunu olmuşdur.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı olmuşdur.
Riyaziyyat üzrə milli kadrların yetişdirilməsində müstəsna xidmətləri olan, BDU-da tələbələrə rus və Azərbaycan dilində riyaziyyat dərsi deyən ilk yüksək təhsilli pedaqoq olmuşdur.

Hesab edirəm ki, cəmi 33 il yaşamış, lakin bu qısa ömrü şərəflə başa vurmuş Mikayıl Xıdırzadənın müasir nəslə nümunə ola biləcək həyat və fəaliyyəti geniş şəkildə araşdırılmalıdır. Unutsaq unudularıq.

 

 Firuz Mustafa adlı şəxsin şəkli.

 

 

Firuz Mustafa

qadinkimi.com